“Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov maraqlı açıqlama verib.
Presssport.az xəbər verir ki, Rekord.az-ın baş redaktoru Kənan Məstəliyevin layihəsi, aparıcısı olduğu “11 Adam” verilişində qonaq olan İbrahimov şimali makedoniyalı məşhur futbolçu Artim Şakirinin Ağdam klubuna necə gəlməsindən və klubun çempionluq yarışına başlamasından danışıb: “2008-ci ildə Azərbaycanın bir çox klubları barədə saxta xəbərlər yayılırdı. Bildirildi ki, hansısa məşhur oyunçu bu kluba keçəcək, o, klub filan məşhur oyunçunu gətirir. Mən də klubun idman direktoru Əmrah Çəlikələ yaxınlaşdım və dedim ki, hamı bu cür xəbərlər yazır, biz də birini yayaq. O da razılıq verdi. Sonra Türkiyənin məşhur “Fanatik” nəşrində xəbər çıxdı ki, “Qarabağ” Hasan Şaşla maraqlanır”. Həmin vaxt da Hasan Şaş “Qalatasaray”da idi, amma çox az oynayırdı. Bu xəbər çıxandan sonra klubun prezidenti Tahir Gözəl Rusiyada bir iş görüşməsində olub və xəbəri ona göstəriblər. O da xəbəri görüb və özünü elə aparıb ki, sanki bu, həqiqətdi. Ondan sonra Əmrah Çəlikələ zəng edərək xəbərin necə yayılmasının təfərrüatlarını öyrənib. Deyib ki, Hasan Şaşla maraqlanın. Biz də maraqlandıq və məlum oldu ki, onun maaşı 1 milyon avronun üzərindədi. Klubun da buna gücü çatmırdı. Amma Tahir Gözəl bildirdi ki, kluba adlı-sanlı bir oyunçu gətirin. Əmrah Çəlikəl, klubun meneceri Asif Əsgərov və mən axtarışa başladıq".
İbarhimovun sözlərinə görə, 3 ad üzərində dayanıblarmış: "Bunlar Mario Jardel, Artim Şakiri və Zafer Biryol idi. Jardelin adı kokainlə hallandığı üçün gətirmədik, Zafer Biryol alınmadı və nəticədə Artim Şakirini gətirdik. Onun gəlişi bir növ “Qarabağ”a təkan oldu. Tahir Gözəl bildirdi ki, adlı-sanlı oyunçu almışıq, onun yanına da 1-2 yaxşı futbolçu alıb çempionluğa oynayaq. Öz şəxsi büdcəsindən bunun üçün pul ayırdı. Həmin yalan xəbər “Qarabağ”ın güclənməsinə təkan oldu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC