Tural Dadaşov "ilahi müdaxilə"dən, Türkiyədən ona gələn yüzlərlə mesajdan, arzuladığı finaldan danışdı: "Nəticələrimiz uğursuz olanda, bizim şərh də uğursuz olur, nə qədər şişirtsək də, alınmır"

Almaniyada keçirilən AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vuran Türkiyə - Çexiya matçında (2:1) qardaş ölkənin yığmasının qələbəsiylə yanaşı, matçı İTV-də şərh edən Tural Dadaşovun möhtəşəm şərhi böyük ajiotaj yaradıb və günün əsas müzakirə mövzusudu. Dadaşovla əlaqə saxlayıb təəssüratlarını öyrənməyi lazım bildik. Tural Presssport.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

  • - Haqqında deyilən xoş sözlər sənə necə təsir edir? Ümumiyyətlə, belə ajiotajı gözləyirdin?
  • - Yox, açığı, həmişə necə şərh etmişəmsə, çalışıram bacardığım yaxşı yaxşı alınsın. Sadəcə, bu, bir az xüsusi oyundu. Bilirsiniz ki, Azərbaycan milli komandasının dünya və Avropa çempionatının seçmə mərhələsinin oyunlarını şərh etmişəm. Karyeramda ən önəmli, ən emosinal oyunlar həmin matçlar olub. Misal üçün Norveçi Bakıda Maksim Medvedevin vurduğu qolla udduğumuz qarşılaşmada, İtaliyayla hər görüşdə şərhdə mən olmuşam. 
  • Sadəcə, işimiz təkcə bizdən asılı deyil. Məsələnin digər tərəfi var ki, bizim işin yaxşı alınması üçün gərək meydanda da hər şey yaxşı baş versin. Dünən də hər şey istədiyimiz alındı ki, bunu özünüz də gördünüz. Meydanda Azərbaycanda hər kəsin deməyəcəm, əksəriyyətin ürəyincə olan hadisələr baş verdi. Hadisələr kəskin olaraq dəyişdi. Barış matçı bitirə bilərdi, alınmadı. Çexlər az qala son saniyərlədə bərabərlik qolunu vuracaqdı, Mert qurtardı, həmin o seyvi elədi. Öhdəmə düşən də bunları bacardığım qədər üst səviyyədə tamaşaçıya çatdırmaq idi. Mən də əlimdən gələni elədim ki, yaxşı alınsın, belə deyək, baş verənləri yaxşı çatdıra bilim. Göstərilən reaksiyalar da belədi ki, bu dəqiqənin özündə Türkiyədən mənə nə qədər “İnstagram”da mesajlar gəlir… Say yüzlərlədi. Hekayə bölməsində paylaşılır. Hamısı yazır, təşəkkür edir. Özümüzünkülər də sağ olsunlar, Azərbaycandan da çoxdu dəstək. Türkiyədən də böyük dəstək var, nə qədər adam yazır. Ümid edirik ki, Türkiyə milli komandasının növbəti oyunları da uğurlu alınacaq. Bir daha deyirəm ki, hər şey təkcə bizdən asılı deyil. Arzu edirəm ki, klublarımız da, yığmamız da bu cür yaxşı nəticələr əldə eləsin, biz də onları şərh edək. Yəni, bizim nəticələr uğursuz olanda, bizim şərh də uğursuz olur, nə qədər belə deyək, şişirtsək də, alınmır. Biz də istəyirik ki, nəticə yaxşı, uğursuz olsun.
  • - Biri var ki, süni edirsən, biri də var ki, təbii alınsın…
  • - Bəli, yaxşı nəticə, uğur olsun, biz də şərh edək. Arzun bundan ibarətdi.
  • - Mertin möhtəşəm qurtarışı zamanı sənin də sözlərin möhtəşəm idi: “Kosmik seyf, inanılmaz refleks, ilahi müdaxilə”. Ö sözləri hardan tapdın?
  • - Hardan tapacam, ev tapşırığım ola bilməz axı…Bilə bilməzdim orda nə hadisə baş verəcək. Anidən, içdən gələn gələn bir şeydi. Özüm də həmin vaxt aurada idim. Vəziyyəti dəyişirdim, gaj belə, gah elə…
  • - Bunadək Avropa çempionatının gedişində şərhçilərimiz haqda müxtəlif fikirlər səslənirdi, bəyənmələr də yetərincə idi. Belə demək olarmı ki, Tural Dadaşovun bu şərhiylə Azərbaycanda yaxşı şərhçilər olduğunu göstərdi?
  • - Yox, deməzdim ki, Tural Dadaşov göstərdi. Bu dəqiqə Azərbaycanda çox güclü şərhçi məktəbi formalaşıb. Son dövlərdə belədi, əvvəl də qəbul etdiyim yaxşı şərhçilərimiz olub - istər Asif Bağırovgillə ANS-də, istərdə daha əvvəl qocaman şərhçilərimizlə. İndi də biz bu yolu davam etdiririk. Bizim də gözəl şərhçilərimiz var. Sadəcə, şərhçi zövq məsələsidi də. Hər tamaşaçının öz tələbatı var. Buna, gözləntisinə uyğun olaraq onun sevimli şərhçisi olur. Yəni, bir şərhçi hamının tələbatını eyni anda ödəyə bilmir. Buna görə də zövqlərə uyğun şərhçilər bölünür. Məni bəyənən digərini bəyənmir, digərini bəyənən məni bəyənmir. Bu, tamamilə normal haldı, biz də normal qarşılayırıq. Burda qeyri-adi də bir şey yoxdu, inciklik də bir şey yoxdu. Bu, sadəcə, insanların gözləntisiylə bağlı fərqlilikdi. Bir də hər yeməyi hamı xoşlamır. Hərənin öz yemək, geyim, avtomobil və s. zövqü var. Bu da elə bir şeydi, hərənin öz gözləntisi, tələbatı var və buna uyğun olaraq öz şərhçisini seçir. Azərbaycanda da kifayət qədər bəyənilən şərhçilər var. Deməzdim ki, mən sübut elədim, əstəfüllah! O iddiada deyiləm. Şərhçilərimiz çoxdu, hamısı da çalışır ki, tamaşaçılara layiq olsun. 
  • - Türkiyə yığmasının növbəti oyunlarında da yenə səni şərhdə görə biəcəyikmi? Elə Niderlandda qarşıdakı 1/4 final matçda…
  • - (gülür) Onu hələ bilmirəm. Türkiyənin Çexiyayla da oyununu şərh eləmişəm, bu oyununu da. Yəni, davamlı olaraq türklərin matçına çıxmaq bilmirəm nə dərəcədə düzgün olar…Artıq son 2 matçında şərhdə mən olmuşam, ola bilər ki, bu dəfə olmayım. Hər halda, bu qərarı təkcə mən vermirəm.  Ümumi müzakilərdən sonra qərarlar veriləcək. 
  • - Amma iyulun 14-də Berlindəki final matçında sən şərhçi olacaqsan, özü də Olimpiya Stadionunda yerindən şərhlə. Yəqin, artıq indidən məsuliyyət, həyəcan var…
  • - Artıq akkreditasiyadan keçmişik. Təbii ki, məsuluyyət var. Azərbaycan televiziya tarixində ilk dəfə Avropa çempionatının final oyunu yerindən şərh olunacaq. Bundan əvvəlki Avropa çempionatında da stadiondan şərhləri eləmişik. Bakı Olimpiya Stadionundakı matçları İTV yerindən şərh eləmişdi - elə mən rəhmərlik Elnur Əşrəfoğluyla birlikdə. O da əslində, bir ilk idi ki, Avropa çempionatı ilk dəfə yerindən şərh olundu. Sadəcə, onda meydan sahibi idik, oyunlar Bakıda keçirilirdi. Amma indisə ilk dəfə final matçı şərh olunacaq, ilk dəfə xaricdə keçirən Avropa çempionatında yerindən şərh olunacaq. Bu da Azərbaycan televiziya tarixində bir ilk olacaq. Mən özüm də dünya çempionatının finalında olmuşam - 2014-cü ildə "Marakana"da Argentina - Almaniya matçında. Sadəcə, orda akkreditasiyadan keçməmişdim, jurnalist kimi işləmişəm, şərhçi kimi iş başında olmamışam. İnşallah, indi qismət, sağlıq olsa, stadionda şərhçi kabinəsində iş başında olacam. 
  • - Hamımız istəyərik ki, finalda Türkiyə yığmasının oyununu şərh edəsən. Maraqlıdı, bununla gözləntin, proqnozun necədi?
  • - Təki olsun! Proqnoz vermək çətindi. Türkiyə yığması elə komandadı ki, addım-addım irəliləyir. Avropa yığması bu çempionatın ən sürpriz, yarımfinal oynaya biləcək komandalarından biri idi. Özü də fiziki cəhətdən hərtəfəli güclü komandalardan idi. Bundan əvvəl Noderlandla görüşdə göstərmişdi, Fransaya uduzsa da, ona çətin anlar yaşatmışdı. Türkiyə Avstriyanı keçdisə, yolun davam edə, Niderlandı da keçə bilər. Necə deyərlər, iştaha diş altındadı, daha yaxşı ola bilər. Ümid edək ki, finalda Türkiyə yığması olsun.
  • - Ümumiyyətlə, hansı finalı şərh etmək istərdin? Ürəyindən keçən final?
  • - (gülür) Açıq deyim, Almaniya azarkeşiyəm 1992-ci ildən. Həm də Türkiyə bizim, Azərbaycan üçün başqa bir yerdədi, qardaş ölkələrik. 
  • - “Setka”ya əsasən Almaniya - Türkiyə finalı mümkündü…
  • - Bəli. Almaniya bir tərəfdən gəlir, Türkiyə o bir tərəfdən. Məncə, ikisi də finala çıxsa, əla olar (gülür).
  • - Həmin oyuna artıq Türkiyəyə azarkeşlik edərsən…
  • - Hər halda. Azarkeşliyi vurğulamaq üçün yeri deyil. Amma Türkiyə ilə oyunda başqa şeyin yeri yoxdu - Türkiyəyə azarkeşik eləməliyik! 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC