"Qəbələ"nin dərdi bitmir - 5 cəzalı, 1 zədəli, 4 mərkəz yarımmüdafiəçisi "ofsayd"da

“Qəbələ”nin bu mövsümdə başının üzərindən qara buludlar çəkilmək bilmir. Elmar Baxşıyevin komandasının hələ də turnir cədvəlində son pillədə getməsində heyətdəki itkilərin böyük təsiri var. Bunda həm zədə, həm cəza problemi var. Cəzanı ona görə xüsusi vurğulamaq olar ki, “qırmızı-qaralar” cari mövsümdə ən çox qırmızı vərəqə olaraq ən intizamsız komandadı. 

Premyer Liqada qarşıdakı turda “Zirə”ylə vacib oyunda isə Baxşıyevin cəzayla bağlı itkiləri o qədər çoxdu ki, start heyətini düzəltmək, daha dəqiq desək, problemli yarımmüdafənin mərkəzindəki boşluğu aradan qaldırmaq üçün baş sındırmaq lazım gələcək. Bir anlıq diqqət yetirək - birdən-birə 3 mərkəz müdafiəçisi cəzalıdı: kapitan Asif Məmmədov, israilli Gilad Abramov və belçikalı Əyyub Allaş. İlk 2 futbolçu 4-cü “sarı”ya görə vərəqə limitini aşıbsa, Allaş "Neftçi"ylə keçən turdakı həmin səfər matçında final fitindən sonra hakimi təhqir etdiyinə görə aldığı qırmızı vərəqənin cəzasını çəkir. 

Bundan sonra “Araz-Naxçıvan”la kubok matçında çiyni çıxan Emil Səfərov da kənarda qalsaydı, vəziyyət lap qəliz qalacaqdı. Nə yaxşı ki, həkimlər Emilin çiynini elə matçın gedişində yerinə sala bildilər və o, məşqlərdə iştirak edir. Baxşıyev məcburdu ki, ağır zədədən yeni sağalan, kubokda sonradan meydana buraxdığı israilli Ferras Abu Akala bu dəfə start heyətdə yer versin, hücumçu Ülvi İsgəndərovu oyun qurucusu kimi oynatsın. 

“Qəbələ”də cəzalı futbolçular bununla bitmir. Belə ki, 2 müdafiəçi də bu üzdən “Zirə”ylə sabahkı görüşdə iştirak etməyəcək. Vitse-kapitan olan təcrübəli cinah müdafiəçisi Ürfan Abbasov “Neftçi Arena”dakı görüşdə vərəqə limini aşıbsa, ukraynalı Zurab Oçiqava qırmızı vərəqə alıb.

Onu da bildirək ki, “qırmızı-qaralar”da zədəli mərkəz yarımmüdafiəçisi də var. Belə ki, nigeriyalı Ahmed Ayzaya hələ də müalicə alır. Qış transferi olan hücumameylli yarımmüdafiəçi Klesio Bauk isə millidə Afrika Millətlər Kubokunda ilk matçda - qol vurduğu Misirlə görüşə zədə aldığından sonrakı 2 matça çıxmayıb və “Qəbələ”nin düşərgəsinə gələndən sonra da zədəsini müalicə etdirir. Lakin bu, ciddi deyil və Baxşıyevin məcburiyyətdən, ciddi itkiləri nəzərə alsaq, mozambikli xavbeki də zirəlilərə qarşı oynadacağı gözlənilir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC