"Kəpəz" Mostovoyu necə ağladıb?

Bazar günü ömrünün 84-cü ilində dünyasını dəyişən Valeri Jilyayev “Spartak” azarkeşlərinə yaxşı tanışdı.

Belə ki, o, “Spartak” hokkey komandasının seleksiyaçısı və futbol komandasının rəisi kimi çalışıb. Buna qədər isə SSRİ çempionatının aşağı dəstələrində yarışan, Oleq Romantsevin çalışdırdığı “Krasnaya Presnya”ya himayədarlıq edib. Jilyayevin ölümündən sonra onun vaxtilə “Sport-Ekspress”ə verdiyi müsahibə yenidən dərc olunub. ...Və həmin müsahibədə “Kəpəz”in adı da xüsusi şəkildə keçir.

- “Krasnaya Presnya”nın hamisi idim, komandaya yardım edirdim. 1-ci liqaya keçid üzrə oyunlarda “Kəpəz”lə düşdük.

- Pul kisəsi olan komanda ilə.

- Tam doğrudu. Yaxşı komandamız olsa da, Koloskovdan xahiş etdim ki, Kirovabada (indiki Gəncə - red.) səviyyəli hakim göndərsinlər. “Yaxşı, – belə cavab verdi – sizin oyununuzu Minskdən olan Juk idarə edəcək”. Şəhərə çatanda nə gördük?! Oyuna iki saat qalmış stadion dolmuşdu, bir o qədər adam da əlində bilet gözləyirdi. Möcüzə sayəsində hakimlər otağına keçdim ki, protokolu doldurum... Həmin oyundakı hakimliyə qorxunc demək də çətindi. Daha pis idi.

- Juk sizə necə təsir bağışladı?

- Silinməzə yaxın. “Kəpəz”in futbolçularından biri Mostovoyla birgə SSRİ-nin yeniyetmələrdən ibarət yığmasına dəvət alırdı. Və Saşanı o saxlayırdı: “Niyə bu qədər çalışırsan? Onsuz da 5 dəqiqədən sonra penalti alacaqsız...” Tam dəqiq! Guya Mostovoy kimisə yıxıb, 0:1 oldu, “yandıq”. Oyundan sonra Jukla yanaşı gedirəm: “Amma Vyaçeslav İvanoviç mənə demişdi ki, hakimlik qaydasında olacaq...” Getmək vaxtıdı, ancaq Mostovoy yoxdu. Oteldəki otaq içəridən bağlıdı. Şəhəri, bazarı gəzdik – heç yerdə yoxdu. Nəhayət, necəsə qapını açdım, gördüm ki, Saşa çarpayıda uzanıb ağlayır.

- İşə bax…

- Onu zorla avtobusa mindirdik. Sakitləşə bilmirdi: “Bu necə olur? Mənə dedilər ki, heç nə etməmisən”.

Xatırladaq ki, SSRİ çempionatının 1986 mövsümündə 2-ci dəstədə 9-cu zonanın (burda Azərbaycan, Ermənistan, Gürcüstan və Türkmənistan komandaları yer almışdı) qalibi olan “Kəpəz” 1-ci dəstəyə yüksəlmək uğrunda “Krasnaya Presnya” və “Krılya Sovetov” ilə ikidövrəli turnirə çıxdı. Komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşırdı. “Kəpəz” oktyabrın 25-də keçirilən həmin məşhur oyunda evdə moskvalılara qalib gəlsə də (yeganə qolu Asif Əliyev penaltidən vurub), səfərdə acınacaqlı hesabla uduzdu – 2:9. İndi Samara, onda isə Kuybışev adlanan şəhəri təmsil edən “Krılya Sovetov”la oyuna gəlincə, gəncəlilər evdə 0:0 oynamış, səfərdə 1:2 uduzmuşdu. Sonda məhz “Krılya Sovetov” 1-ci liqaya yüksəldi (Futbol+).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC