Emin Mahmudov səfərlərdən yorulub, gözləməyi lazım bilməyib: "Çox şadam ki, beynəlxalq karyeramı belə nailiyyətlə başa vururam"

"Neftçi" Misli Premyer Liqasının 11-ci turunda doğma azarkeşlər önündə "Kəpəz"i məğlub edib (1:0) və yarışın turnir cədvəlində lider olub.

Presssport.az xəbər verir ki, həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov jurnalistlərin cavablandırıb:

- Bu gün noyabr toplanışındakı Lixtenşteyn və Andorra ilə qarşılaşmalardan sonra milli karyeranı başa vuracağın barədə xəbər yayıldı. Bununla əlaqədar nə deyə bilərsən?

- Hər şey yazdığım kimidi. Millidə 65 oyun keçirmişəm, komandanın kapitanı olmağımla qürur duyuram. Yoluma davam etməli, çalışmalıyam ki, "Neftçi"yə daha çox diqqət ayırım. Ailəm də var, bəzən dincələ də bilmirəm, buna vaxtım olmur.

- Millidəki son oyunlarınız Lixtenşteyn və Andorraya qarşı olacaq. Qarşıdakı görüşlərdə də fərqlənmək istərdin?

- Son matçım Andorraya qarşı yoldaşlıq görüşünə təsadüf edəcək. Baxarıq, hələ necə olacağını və hansı oyunda meydana buraxılacağımı bilmirəm. İstənilən halda, çalışacam ki, komandaya kömək edim. Əsas məqsəd yenə qələbə qazanmaqdan ibarət olacaq.

- Millini bombardir kimi tərk etməyini də ayrıca qürur hissi saymaq olar?

- Əlbəttə. Çox şadam ki, beynəlxalq karyeramı belə nailiyyətlə başa vururam. Ümumiyyətlə, millidə oynamaq çox qürurverici idi. Böyük komandalara qarşı çıxış etməkdən sevinc hissi keçirirdim. Çox xoşbəxtəm ki, bu anları yaşadım.

- Bəs necə oldu ki, milli karyeranı bitirmək qərarına gəldiniz?

- Sadəcə, ora-bura getməkdən bir az yoruldum. 2027-ci ilin aprelində 35 yaşım olacaq. Düşünürəm ki, millidən getməyin vaxtıdır. Ən yaxşısı, özüm qurtarım, nəinki hər şeyin o vəziyyətə gəlməsini, özümün artıq milliyə çağırılmamağımı gözləyim.

- Kriştianu Ronaldu da sənin kimi, yığmanın kapitanı idi. O da dünən karyerasını bitirdi…

- Lionel Messi və Kriştianu Ronaldu ilə birlikdə yığmadakı karyeramı qurtardım.

- Bu qərar üzərində nə vaxtdan bəri düşünürdün?

- Bəlkə də, üzərində bir aydan çoxdur düşünülmüş qərardır. Sadəcə, nə zaman açıqlayacağımı düşünürdüm. AFFA ilə danışdım, niyyətimi bildirdim. Belə qərara gəldik ki, qurtaraq.

- Milli karyeranızı tək sözlə ifadə etmək üçün hansı sözü seçərdin?

- Söz tapa bilmirəm. Yalnız qürurluyam!

- Ən unudulmaz matçın hansıdır?

- Məncə, bunu hamı bilir - Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəldiyimiz oyun. Həm qələbə qazandıq, həm də mərkəzdən vurduğum o qol heç vaxt yadımdan çıxmaz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC