"Kəpəz" klubunda 8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Presssport.az xəbər verir ki, görüşdə "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, həmçinin II Qarabağ Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən "Kəpəz" Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi Talıb Rzayev, klubun azarkeşlərlə əlaqələndiricisi Nəimi Mustafayev, "Kəpəz"in fanatları Kərim Quliyev və Nəriman Əliyev iştirak edib.
Qonaqları səmimi qəlbdən salamlayan Abdullayev onlara dövlətimizin ərazi bütövlüyü uğrunda yağı düşmənlə qanlı mübarizədə göstərdikləri şücaətə görə minnətdarlığını bildirib. O, 44 gün ərzində qazanılan qələbənin yalnız hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətə və Vətənə bağlılığının təntənəsi olduğunu diqqətə çatdırıb: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsi olaraq şanlı ordumuz 44 gün ərzində zəfər çaldı. Qəhrəmanlıq salnaməsini yazan qeyrətli oğullarımız hamıya nümunədir, iftixar və qürur mənbəyidir. "Kəpəz" ailəsi olaraq, sizinlə fəxr edir, zəfər yürüşündə göstərdiyiniz qəhrəmanlığı yüksək qiymətləndiririk. Vətənimizin azadlığı və suverenliyi uğrunda həyatını qurban verənlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayırıq".
Vaxtilə futbolçu qismində "Kəpəz"in şərəfini qorumuş Rzayev klub rəhbərliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib. 2020-ci il sentyabrın 27-də başlayan şərəfli döyüş yolundan danışan çalışdırıcı Zəfər Gününün gələcək nəsillər üçün əmanət olduğunu söyləyib: "Həmin ərəfədə hamıda ruh yüksəkliyi var idi, illər ərzində yığılıb qalan qisas hissi ilə alışıb-yanırdıq. Cəbhə xəttində bir an olsa belə nikbinliyimizi itirmədik və nəticədə tarixi qələbə qazandıq. Hazırda "Kəpəz" Futbol Akademiyasında futbolun sirlərini öyrətdiyimiz uşaqları təkcə peşəkar idmançı deyil, eyni zamanda gələcəyin əsgəri kimi yetişdiririk".
Mustafayev də Zəfər Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb: "Bu möhtəşəm qələbə xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcək nəsillərin təfəkküründə daim yaşayacaq. Zəfər tarixini yaşatmaq həm də şəhidlərimizə, qazilərimizə və onların doğmalarına ehtiram göstərmək deməkdir. Sevindirici haldır ki, "Kəpəz" rəhbərliyi də bu ənənənin yaşamasında fəal iştirak edir. Biz də "Kəpəz"in fanatları olaraq, sizi dəstəkləyirik, Gəncənin rəmzlərindən birinə çevrilən klubumuzla bağlı gələcək planlarınızda uğurlar arzulayırıq".
Görüşün sonunda "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri qazilərə hədiyyələr bağışlayıb.
Klub rəhbərliyi və müharibə veteranları birgə xatirə fotosu çəkdirib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC