Nadir Nəbiyev və AFFA nümayəndələri Qərb bölgəsində baxış keçirib - Qazax şəhər stadionuyla da tanışlıq olub

Qərb Regional Futbol Federasiyası (QRFF) Region Liqasında yeni mövsümün startı ərəfəsində klublarla sıx əməkdaşlığını davam etdirir. 

Presssport.az xəbər verir ki, federasiya təşkilati məsələlərlə yanaşı, bölgələrdə futbol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də fəal iş aparır və bu məqsədlə AFFA ilə əməkdaşlıq edir.

Regionda mövcud infrastruktur vəziyyətinin yerində araşdırılması məqsədilə QRFF prezidenti Nadir Nəbiyevin AFFA-nın baş katibi Cahangir Fərəcullayevə müraciətindən sonra AFFA nümayəndələri bölgəyə səfər edib.

AFFA-nın Binaların İdarə Edilməsi və Tikinti Layihələri Bölməsinin rəhbəri Vaqif Xəlilzadə və bölmənin meneceri Vasif Qafarov QRFF prezidenti Nadir Nəbiyevlə birlikdə dörd rayonda yerləşən futbol infrastrukturu obyektlərinə baxış keçirib.

Səfər çərçivəsində Tovuz rayonunun Abulbəyli kəndində yerləşən yeni təlim-məşq bazası, Ağstafa və Qazax şəhər stadionları, eləcə də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yeni inşa olunan baza ilə tanışlıq olub.

AFFA rəhbərliyinin ölkə futbolunun inkişafına, xüsusilə də regionlarda futbol infrastrukturunun yaxşılaşdırılmasına göstərdiyi diqqət bu istiqamətdə həyata keçirilən işlərdə özünü göstərir. AFFA-nın baş katibinin yerli qurumların müraciətlərinə operativ yanaşması, problemlərin yerində araşdırılmasına şərait yaradılması və onların həlli istiqamətində müvafiq addımların atılması bölgə futbolu üçün mühüm əhəmiyyət daşıyır. Bu cür təşəbbüslərin yaxın gələcəkdə ölkə futbolunun inkişafına ciddi töhfə verəcəyi və regionlarda futbolun daha da genişlənməsinə böyük təkan olacağı gözlənilir.

Əməkdaşlığın ilkin nəticəsi olaraq artıq AFFA tərəfindən Ağstafa şəhər stadionuna müxtəlif inventar və avadanlıqlar hədiyyə olunub.

Qərb Regional Futbol Federasiyası bundan sonra da bölgə klubları ilə AFFA arasında əlaqələndirici rolunu davam etdirəcək, regionda futbolun inkişafı və infrastruktur imkanlarının yaxşılaşdırılması istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC