Son mövsümdə “Kəpəz”in kapitanı olmuş belaruslu müdafiəçi Yeqor Xvalko müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir.
- İstirahətiniz necə keçir, mövsümün yorğunluğunu üzərinizdən ata bilirsiniz?
- Hər şey əladır. Belarusiyada, evimdə dincəlirəm. Mövsümün başa çatmasından iki həftə keçib. Demək olar ki, artıq bərpa olunmuşam. Bəzən dostlarla futbol da oynayıram. Çünki yavaş-yavaş hərəkət etmək lazımdır.
- Gələcək karyeranızla bağlı nə yenilik var? Sizi yeni mövsümdə də “Kəpəz”də görə biləcəyik?
- İndi bu barədə çox danışmaq istəmirəm. Tezliklə bu haqda məlumat alacaqsınız.
- Bir ara adınız “Səbail”lə hallanırdı. Təklif, aranızda danışıqlar olub?
- Mən şəxsən heç kimlə danışmamışam. Amma onlar menecerimlə əlaqə qurmuşdular.
- Danışıqlar necə yekunlaşdı?
- Yalnız onu deyə bilərəm ki, müəyyən müzakirələr aparılıb. Təəssüf ki, bundan artıq məlumat verə bilməyəcəm. Məsələlər dəqiqləşən kimi bu barədə xəbəriniz olacaq.
- Bəs “Kəpəz”in gələcəyi barədə nə deyilir? Rəhbərlik, baş məşqçi ilə əlaqə saxlayırsınız?
- Belarusa qayıtdıqdan sonra mən heç kimlə danışmamışam. Klubla bütün danışıqları menecerim aparır. Bütün lazımi məlumatları mənə o çatdırır. Təbii ki, özüm də mətbuat vasitəsi ilə müəyyən informasiyalar əldə etməyə çalışıram.
- Gedişat onu göstərir ki, “Kəpəz” yeni mövsümdə də sponsorsuz olacaq və ümid yalnız dövlətin ayırdığı 3 milyonadır. Bu halda yenə Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq çətin olmayacaq?
- Bu halda 100 faiz çətin olacaq. Amma düşünürəm ki, çox şey rəhbərlik və baş məşqçidən, onların hansı heyət yığacaqlarından asılıdır. Eləcə də komandada qalmasını istədikləri futbolçuları saxlaya bilib-bilməyəcəkləri önəmli rol oynayacaq. Təbii ki, heyət yenə də sıfırdan yığılsa, komandanın ötənilki nəticəni təkrarlaması üçün çox vaxt lazım gələcək (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC