Yunanov özünü "Səbail"ə sübut etmək istəməyib: "İlk qolda rəqib məni arxadan aşkar itələmişdi, o da gəldi..."

Premyer Liqanın XXII turunun “Kəpəz" - ”Səbail" matçında nominal meydan sahiblərinin təcrübəli hücumçusu Amil Yunanov xüsusi diqqət mərkəzində idi. Bu da onun qış fasiləsində sıralarını tərk etdiyi komandaya qarşı oynamasıyla bağlı idi. 31 yaşlı Yunanov oyunun qırılma nöqtəsi sayıla biləcək penaltiyədək olan epizodda da diqqət mərkəzinə düşdü. Amil 1:4 hesabıyla uduzduqları matçdan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

  • - Sənin üçün adi bir matç idi, yoxsa idman prinsipiallığı baxımlndan alışıb-yanma vardı? Hər halda, kənardan belə hiss olunurdu…
  • - Rahat idim, buna çalışırdım. Belə götürəndə, istəkli idim. Çünki axırıncı oyunda udmuşduq, istəyirdik bu matçda da buna nail olaq. Bununla da turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdıraq, bir az da yuxarı qalxaq, digər komandalara çataq. Heyf ki, alınmadı. Halbuki, yaxşı hazırlaşmışdıq. İlk hissədə çox yaxşı oynadıq, sonra isə bunun davamını gətirə bilmədik. 
  • - Rəqibin “Səbail”, müqaviləylə bağlı olduğun klub olması sənə nə dərəcədə motivasiya vermişdi?
  • - Əlbəttə, oynamaq istəyirdim, ordan da bura oynamaq üçün icarə əsasında gəlmişəm. Hiss edirəm ki, oyundan-oyuna daha da yaxşı oluram. “Səbail”də olsaydım, bilirəm ki, az oynacaqdım, bəlkə də heç oynamayacaqdım. “Kəpəz”ə gəldiyim üçün də şadam. Oyundan-oyuna da yaxşılaşıram. Futboldu, nəticə belə oldu. Alınmadı qələbə.
  • - Yəni, “Səbail”ə özünü sübut etmək istəyirdin?
  • - Belə pis çıxmasın, uşaq deyiləm. 30-31 yaşım var, kiməsə özümü sübut edəsi deyiləm ki… Məni tanıyan tanıyır, bilən bilir. Sadəcə, müəyyən səbəblər var. Elə şeylər var ki, danışmıram, danışılası şeylər deyil. Onsuz da heç kimdən də zəif, aşağı səviyyədə futbolçu deyiləm. Sadəcə, qismət belə gətirdi. Oynamadım orda. Futboldu, olur belə şeylər. Qabağa baxmaq lazımdı. “Səbail”lə bir oyunumuz da var. Belə mübarizələr çox olacaq. 
  • - “Səbail”in müdafiə xəttini çox yaxşı tanıyırsan. Ona qarşı oynamaq sənə nə dərəcədə asan idi?
  • - Bəli, bilirdim zəif cəhətlərini də, yaxşı cəhətlərini də. Çalışdım bundan istifadə edərək nəsə edim. Epizodlarım da oldu. Sadəcə, qol vurmaq qismət olmadı. Düzdü, toru silkələdim, amma orda ofsayd qeydə alındı. Açığı, baxmamışam, amma deyirlər ki oyundan kənar vəziyyətdi. Dəqiq bilmirəm. İki qol şansım da oldu. Lakin bunları dəyərləndirmək alınmadı. Neyləmək olar….
  • - Hesab oyuna görə oldu? Çünki hesabı açdığınız, yaxşı keçirdiyiniz ilk hissədən sonra darmadağın olundunuz…
  • - Açığı, ilk hissədə çox yaxşı oynayırdıq. Hesabı da açdıq, üstünlüyümüzü də artırmaq şanslarımız oldu. Bunu da reallaşdırmalı idik.
  • - Oyunun qırılma nöqtəsi sayılan penalti epizoduna toxunaq. Qoladək olan künc zərbəsində rəqibin səni itələdiyinə görə baş hakimə aşkar narazılığını bildirirsən…
  • - Mənə heç vaxt yaraşmaz futbolçu olaraq hakimlik haqda danışmaq. Amma orda məni rəqib futbolçu aşkar itələdi, bunu görə də bilərsiniz epizoda baxsanız. O epizod da gəldi yekunda qapımıza qol oldu. Daha doğrusu, penalti təyin edildi və ondan "Səbail" istifadə etdi. Bu, olmasaydı, fasiləyə rahat yollana bilərdik. Hiss edirəm ki, hakimin oyunumuza hardasa təsiri oldu. Belə vəziyyətə gətirib ki, ikinci hissədə dalbadal qollar buraxdıq. Məncə, fasiləyə hesabda 1:0 öndə getsəydik, daha yaxşı olardı. 
  • - Hakimə etirazını bildirəndə, sənə nə cavab verdi?
  • - Dedi ki, baxdıq, heç nə yoxdu. Lakin rəqibin məni itələdiyini bilirdim, qıraqdan da hamı görürdü. “Səbail”in futbolçusu konkret arxadan mənə itələdi, top da getdi onların oyunçusuna. Bu zaman az qala qol olacaqdı. Düzü, bu, olmasaydı, məncə, VAR-a baxıb ləğv edə bilərdim. Bəlkə də belə olmazdı, bilmirəm.
  • - Sonra da mübahisəli aut oldu və yekunda əllə oyun…
  • - Bilirsiniz, futbol elədi ki, hakimin xırda folları gəlib oyuna təsir edir. Bu, ilk hisədə bizə qarşı 3-4 dəfə oldu. Yenə deyirəm, bilmirəm mənə düşər-düşməz hakimlik haqda danışmaq, lakin yekunda oyuna təsir göstərdi. Olmaz axı belə şeylər! Biz də əziyyət çəkirik. Neyləyək, hamı səhv edir. Mən də səhv edirəm, onlar da səhv edir. Ancaq bir az diqqətli olmaq lazımdı. 
  • - Qış fasiləsindən sonra ardıcıl 4 oyun Qəbələdə çıxış etdiniz. Nə qədər qazandırdı bu ev matçları?
  • - Qəbələdə xoş təəsüsratlar oldu. Demək olar bütün matçları yaxşı oynadıq. Yalnız “Səbail”lə görüşün ikinci hissəsini çıxmaq şərtilə. “Qarabağ”ı da bura əlavə edərdim ki, uduzsaq da, yaxşı oynadıq. Bizə elə bil yad gəlmir Qəbələ, get-gedə bura öyrəşirik. 
  • - Növbəti turda “Sabah”ın qonağı olacaqsınız. Hansı ki rusiyalı baş məşqçisi Murad Musayevin gedişindən sonra yaxşı təsir bağışlayır…
  • - “Sabah” çox yaxşı komandadı, birəbirdə götürsək, çox keyfiyyətli futbolçuları var. Bu da bizə çətinlik yaradır. Çox ağır olacaq oyunumuz. Üstəlik, səfərdə çıxış edirik. İnşallah, çalışacağıq ki, xal və xallar qazanaq. 
  • - Premyer Liqada qalmaq uğrunda rəqibiniz “Qəbələ” sənə doğma Tovuza səfər edir. Nə gözləyirsən bu matçda nəticə baıxmından? “Turan Tovuz” rəqibinizi büdrədə biləcək?
  • - “Turan Tovuz” evdə yaxşı oynayır. Həmişə belə olub ki, doğma meydanda doğma azarkeşləri qarşı çox yaxşı təsir bağışlayır. Futboldu, hər iki komandaya uğurlar arzulayıram. Başqa heç nə demək istəmirəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC