"Zirə"nin portuqaliyalı qapıçısı "Qarabağ"ı həmyerlilərinə incələdi: "Braqa" asan olacağını düşünürsə, yanlışlığa yol verir"

“Zirə”nin portuqaliyalı futbolçusu Tiaqo Silva öz ölkəsinin mətbuatına Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə üz-üzə gələcək “Qarabağ” barədə danışıb.

Presssport.az xəbər verir ki, 23 yaşlı qolkiperin fikrincə, Qurban Qurbanovun komandası daxili yarışlarda daha çox dominantlıq etməyi, meydanın rəqibə aid hissəsində oynamağı sevir: Avropadakı “Qarabağ” isə Azərbaycan çempionatındakından fərqlidir. Qitəmiqyaslı turnirlərdə fərqli futbol sərgiləyir. Azərbaycan təmsilçisinin sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsa, bundan effektli şəkildə yararlanacaq”.

Silva “Braqa”nı favorit saydığını, amma "Qarabağ"la oyuna ciddi yanaşmalı olduğunu vurğulayıb: "Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdu. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcək. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdı. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

Qolkiper Bakıdakı hava şəraitindən də söz açaraq, son bir neçə gündə yaxşılaşdığını həmyerlilərinə çatdırıb: "Lakin hər an küləkli ola bilər ki, bu da xeyli çətinlik yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindi. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

Silvanın fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə, “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyib. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burda isə belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdı və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdi. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyib”.

Tiaqo “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdr. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var".

Xatırladaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC