"Deyəsən, kimlərsə kənardan dua edib ki, “Sumqayıt” qol vura bilməsin, burdan onlara da “salam” deyirəm" - Vaqif Cavadov

Misli Premyer Liqasının 23-cü turunda “Zirə”ni qəbul edən “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov oyunu şərh edib.

Presssport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları görüşdən mətbuat konfransına yaxşı komandaya qarşı mübarizə apardıqları fikriylə başlayıb: "Rəşad Sadıqovun iddialı komandası var. Oyunun əvvəlində lazımsız səhvlər buraxdıq. İlk 30 dəqiqə matçın taleyini həll etdi. Komandamın oyunu ilə bağlı yenə deyirəm, razıyam. Mən komandanı götürəndə enişdə idi. Qələbə qazandıq, sıralamada irəlilədik. Yenə deyirəm, qış fasiləsində yeni qoşulanlar var. Onlara vaxt lazımdı. Yeni qoşulanlar tam hazır deyil və ən azı onlara bir ay vaxt lazımdı. Hazır olmasalar da, biz məcburiyyətdən onları əsas heyətdə oynadırıq.

İnanıram ki, bu seriyanı qıracağıq. Futbolçularımın hamısından razıyam. Bu vəziyyətdən çıxacağıq. Komandamda heç bir problem yoxdur. Səbrli olmaq lazımdı".

Cavadov Kamran Quliyev son vaxtlar əsas heyətdən kənarda qalmasını belə izah edib: “Komandamızda əvvəl hücumçu yox idi, ona görə də Kamran əsas heyətdə oynayırdı. O, mənim üçün önəmli bir futbolçudu. Bizim mentalitetdə “mənim yerimə gəlibsə, o oynamalıdır” kimi bir düşüncə var. Yenə də deyirəm, bu vəziyyətdən çıxacağıq”.

Gənc çalışdırıcının fikrincə, nə qədər çalışırlarsa, top qapıdan keçmir ki, keçmir: "Deyəsən, kimlərsə kənardan dua edib ki, “Sumqayıt” qol vura bilməsin, burdan onlara da “salam” deyirəm. Bəli, qol vurmaq baxımından problemimiz var. Ancaq çalışırıq ki, bunu aradan qaldıraq. Məşqlərdə də bunun üzərində işləyirik. Bugünkü oyuna da baxsaq, komandam pis oynamır. Sadəcə, 2-3 epizodla oyunu məğlub oluruq, asan qollar buraxırıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC