Samir Əliyev: "Kənardan nə qədər qışqırsaq da, çətindi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasına 0:3 hesabı ilə məğlub olub.

Millimizin baş məşqçisi Samir Əliyev qarşılaşmadan sonra Presssport.az-n əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablandırıb.

  • Böyükhesablı məğlubiyyətə əsas səbəb nə oldu?

- Qrupun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu həmişə öndə olub, orda yaxşı futbolçular yetişib. Əbəs yerə 6 oyuna 18 xal toplamayıblar. Çox güclü rəqibə qarşı oynadıq. Bundan öncə də İngiltərə ilə oynamışdıq. Futbolçuları bu matça fiziki və psixoloji cəhətdən hazırlamaq çətin oldu. Rəqibin qoluna kimi müqavimət göstərirdik. Qol buraxdıqdan sonra da yüzfaizlik epizodumuz oldu. Nəriman Axundzadə yararlana bilsəydi, bəlkə başqa cür olardı. Hesab 0:2 olandan sonra futbolçular dərk edir ki, artıq oyunu çevirmək çətin olacaq. Oyunçularımız I Liqada, əvəzedici heyətdə çıxış edir. Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindi. Bundan əlavə, bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli zədə üzündən yox idilər. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik. Artıq görəndən sonra ki, oyunu çevirə bilməyəcəyik, daha gənc futbolçuları meydana buraxdıq.

- Növbəti oyun 6 ay sonra Lüksemburqa qarşı olacaq. Ümidiniz var ki, bu müddətdə nəsə dəyişəcək?

- Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabrında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. İyunda UEFA-nın “pəncərəsi” var. Yoldaşlıq görüşləri nəzərdə tutulub. Başqa turnirlər də var. AFFA-ya yeni rəhbərlik gələcək. Maliyyə lazımdır. Həmin pəncərə zamanı mütləq oyunlar keçirməliyik.

- Əsas heyətdə minimum 8 futbolçu Premyer Liqada oynamırsa, U-21-dən nəticə gözləməyə dəyməz?

- Yerimdə kim olur-olsun, çətin məsələdi. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindi. Amma olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, I Liqada və Əvəzedicilər liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdı. I Liqada oynayanlar çatdırmır. Bu da bu günün problemi deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC