Xorvatiyanın "Dinamo" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli müsahibə verib.
Presssport.az xəbər verir ki, 26 yaşlı hücumçu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmasından, Azərbaycana dönəcəyi ilə bağlı iddialardan və "Qarabağ" klubunun avrokuboklardakı çıxışından danışıb.
- İlk olaraq özünüz barədə danışmağınızı istərdik. Məşqlərə başlasanız da, sizi yaşıl meydanlarda görmürük. Oynamaq üçün hələlik zamana ehtiyac var?
- Məşqlərə tam olaraq start verməmişəm. Komanda ilə və fərdi hazırlaşıram. Məşqdə kontakt yoxdur. Komanda futbol oynayanda hələlik onlara qatılmıram. Son MRT-nin cavabını gözləyəcəyik. Hər şey yaxşı olarsa, kollektivlə birlikdə məşqlərə qoşulacağam.
- Millinin martdakı yoldaşlıq oyunları üçün də adınız siyahıya daxil edilməmişdi. Baş məşqçi səlahiyyətlərini icra edən Arif Əsədov sizinlə əlaqə saxladı?
- Bəli. Arif müəllimlə danışığımız oldu. Məsləhət belə oldu ki, burada qalım. Çünki təlim-məşq toplanışı da keçməmişəm. Formamı bərpa etmək üçün bu qərara gəldik.
- Yığmanın Monqolustan (1:0) və Bolqarıstan (1:1) ilə matçlarını izlədiniz? Sizcə, komanda necə təsir bağışladı?
- Yoldaşlıq görüşlərinin rəsmi qarşılaşmalardan fərqi böyük olur. Həm hazırlıq, həm də futbolçuların psixologiyası baxımından belədir. Məşqçi də oyunçuları yoxlamağa çalışır. Düşünürəm ki, yetərincə yaxşı təsir bağışlayanlar oldu. Uşaqlar əllərindən gələni etdilər.
- "Dinamo" UEFA Konfrans Liqasında gözlənilmədən mübarizəni dayandırdı. Komanda ilk matçdakı 2:0 hesablı üstünlüyü cavab görüşündə (1:5) qoruya bilmədi. Bu, kollektivə necə təsir edib?
- Belə məğlubiyyətlər komandaya ağır təsir edir. Amma bu, futboldur və belə hallar yaşanır. Tez toparlanmalı və fikrimizi yerli çempionata yönəltməliyik. Çünki hazırda hədəfimiz budur. Avrokuboklarda mübarizəyə davam etmək istəyərdik. Amma başlıca düşüncəmiz yerli liqa olub. Bu titula sahib çıxmaq növbəti mövsüm üçün yeni hədəflərə doğru getməkdir.
- Son vaxtlar mətbuatda sizin yenidən Azərbaycanda çıxış edəcəyinizlə bağlı xəbərlər yayılır. Bu iddialara necə cavab vermək istəyərdiniz?
- Bu məlumatlar doğru deyil. Çempionat davam edir. Heç bir transfer görüşmələri yoxdur. Mən də zədəmlə məşğulam. Mövsümün sonuna qədər bərpa olunmağa və oynamaq şansı qazanmağa çalışıram. Bütün diqqətimi buna yönəltmişəm.
- Zədələnməmişdən əvvəl bir neçə ölkə təmsilçisinin gündəmində idiniz. Ümumiyyətlə, mövsümün sonunda Zaqreb klubundan ayrılmaq ehtimalı var?
- Transfer dönəmlərində hər şey ola bilər. Bəzi futbolçular komandaya gəlir və tez gedir. Bəziləri uzun müddət qalır və sonra ayrılır. Heç kim bundan sığortalanmayıb. Hazırda belə bir ehtimal yoxdur. Mövsüm bitdikdən sonra fikirləşib qərar verəcəyik.
- Son olaraq sabiq klubunuz "Qarabağ"ın cari mövsüm UEFA Avropa Liqasındakı çıxışı barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, Azərbaycan futbolu adına yaxşı mövsüm keçdi. Xüsusən də "Qarabağ" üçün. Ən önəmli qarşılaşmalar da 1/8 final mərhələsində "Bayer 04"ə qarşı idi. Leverkuzen təmsilçisi hazırda dünyada ən yaxşı formada olan klublardan biridir. Onlara qarşı bu cür mübarizə aparmaq böyük uğurdur. Əlbəttə, nəticə də önəmlidir. Hamımız istərdik ki, "Qarabağ"ı növbəti mərhələdə görək. Komanda hər mövsüm bunu etməyə qadirdir. Məncə, növbəti mövsümdə daha da güclü olacaqlar və yaxşı nəticə əldə edəcəklər. Klubu ölkə çempionu olmaq münasibəti ilə də təbrik edirəm (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC