"Hakimlərin oyun ərzində qərarları çox gülünc idi, o cür penalti olmaz" - millimizin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının I qrupunda “Ərzincan 13 Şubat” stadionunda Türkiyə yığmasına 0:1 hesabıyla uduzduqları oyunu dəyərləndirib.

Presssport.az xəbər verir ki, o, ilk növbədə oyuna görə komandasına təşəkkür edib: "Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız onların üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq".

Əsgərov stadionda xoş ab-hava olduğunu vurğulayıb: "Bu gün tribunalarda xoş görüntü var idi. Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.

Xatırladaq ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC