Abasov "Fehervar"da baş verənlərin sabah həlledici olacağına inanmır: "Heyətimiz avrokuboklar üçün yetərli deyil"

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda "Fehervar"la qarşılaşacaq.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk növbədə qarşıdakı görüş haqda fikirlərini bölüşüb:

- Sabah bizi maraqlı və ağır oyun gözləyir. Öz meydanımızda oynayırıq. Matça maraq böyükdü. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaq. İndi nəsə demək çətindi. Mövsümdə ilk oyunumuzdu. Vacib matçdı. Bir ildir bunun üçün mübarizə aparırıq. Sabah meydana ümidləri doğrultmaq niyyəti ilə çıxacağıq.

- Mətbuatda çıxan xəbərlərə görə, rəqibdə maliyyə problemi yaşanır. Bu, oyuna necə təsir edəcək?

- Mətbuatda çıxan xəbərlərə köklənməmişik. Bilirik ki, "Fehervar" necə çətin komandadı. Onların bir neçə oyununa baxmışıq. Komandaya gələnləri də nəzərə almalıyıq. İnanmıram ki, "Fehervar"da baş verənlər sabah həlledici olacaq. Ən önəmli faktor öz oyunumuzdu.

- Rəqibdə baş məşqçi dəyişib. Bu, onların oyun üslubunun dəyişməsinə səbəb olacaq?

- Rəqibdə heç nə dəyişməyib. Oyun üslubunda dəyişiklik yoxdu. Təhlükəli futbolçular komandada qalıb. Öz oyununuza köklənmişik.

- Hansı nəticə "Sumqayıt" üçün qənaətbəxş hesab olunacaq?

- Hesabın fərqi yoxdu. Bu, son nəticədə olmayacaq. İkinci oyun daha önəmli olacaq. İlk matçda bir-birimizi tanıyacağıq. 

- Rəqib komandanın gəlişi gecikdi. Onlar burada məşqə də çıxmayacaq. Bu, oyuna necə təsir edəcək?

- Bu haqda düşünmürəm. Futbol hər yerdə eynidi. İnanmıram ki, oyuna təsir etsin. Başqa motivasiya ilə meydana çıxacaqlar. 

- Qarşınıza avrokuboklarla bağlı hansı hədəf qoyulub?

- Həmişə qarşıma hədəflər qoymuşam. Hədəfimiz bacardığımız qədər irəli getmək olacaq. 

- Heyət avrokuboklar üçün yetərlidir?

- Yetərli deyil. Bu gün transferlərdən danışmaq üçün uyğun gün deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC