"Sabah"ın Xəyalı, Xaçmazın Əliyevi

"Sabah"ın heyətində gələcək vəd edən futbolçulardan biri Xəyal Əliyevdir. 

Presssport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi dünən "bayquşlar"ın heyətində ilk qolunu vurdu. Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi Hayfa"nın qapısına yol tapan Əliyev görüşün yekun nəticəsini müəyyənləşdirdi - 3:0.

⚽ Sözügedən oyunun 83-cü dəqiqəsində Pavol Şafrankonun əvəzinə meydana daxil olan oyunçu baş məşqçi Krunoslav Renduliçin etimadını cəmi 5 dəqiqə sonra doğrultdu. Qol epizodundan öncə ikili mübarizədən qalib ayrılması, Mikkelslə uyumlu oyunu və düzgün mövqeyə açılaraq soyuqqanlı və dəqiq zərbə endirməsi onun potensialından xəbər verir.

✨ Futbolçunun inkişafında ən böyük pay sahibi əlbəttə ki "Sabah" klubudur. Masazırlılar 3 il əvvəl Xəyalın Zaqreb "Dinamo"sunun akademiyasında bir müddət təcrübə keçməsinə şərait yaratmışdı. Həmin hazırlıq dönəmində özünü müsbət tərəfdən göstərən Əliyev Azərbaycan U-19 Liqasında 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilmişdi.

✅ Gənc oyunçunun Azərbaycan Premyer Liqasında debütü isə ötən mövsümün 21-ci turunda qeydə alınıb. Bu ilin 2 fevral tarixində "Turan Tovuz"la keçirilmiş qarşılaşmada (1:1) İqor Ponomaryov onu Kahim Parrisin yerinə matça buraxıb. 2 tur sonra "Kəpəz"lə görüşdə ilk dəfə start "11-liy"ində özünə yer edən Xəyal matçı bir assist və 8,3 reytinq balı ilə (90% pas dəqiqliyi, yerdə və havada olmaqla 17 ikili mübarizə qazanma, 5 açar ötürmə, 2 pas arası, 2 driblinq, 2 orta və 1 uzun top) tamamlamışdı.

🕛 Renduliçin gəlişindən sonra da tez-tez forma şansı qazanan Əliyev son mövsümdə 12 oyunda ümumilikdə 422 dəqiqə meydanda olub.

🇦🇿 Daha əvvəl U-19 yığmasına (6 oyun, 1 qol) çağrılan futbolçu hazırda U-21 millisinin (3 matç) üzvüdür.

📌 Əslən Xaçmazdan olan gəncin əsas mövqeyi "10 nömrə"dir, lakin yarımmüdafiənin sol cinahında və hücumun mərkəzində oynaya bilir. Görünən odur ki, biz yeni mövsümdə Xəyal Əliyevi tez-tez işbaşında görəcəyik (Elmar Rza)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC