Zaur Axundov: “Mərdəkanda oynamaqla Naxçıvanda futbolu inkişaf etdirə bilmərik”

Bu gün 51 yaşını qeyd edən Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:

“MALİYYƏ AYRILSA, 2 AY YARIMA STADİON HAZIR VƏZİYYƏTDƏ BİZƏ TƏHVİL VERİLƏCƏK”

- Bu günlərdə Naxçıvan Futbol Federasiyasının prezidenti seçildiniz. Təyinatınız uğurlu olsun. Bu vəzifədə qarşınızdakı hədəflər, planlar nədən ibarətdir?

- Naxçıvanda Futbol Federasiyasına seçkilər keçirildi, mənim namizədliyim irəli sürüldü. Sağ olsunlar, yekdilliklə səs verib, məni federasiya prezidenti seçdilər. Fürsətdən istifadə edib mənə göstərilən etimada görə təşəkkürümü bildirirəm. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məni qəbul etdi, xeyir-dua verdi. Onunla da Naxçıvan futbolunun inkişafı ilə bağlı ətraflı söhbətimiz oldu. Ardınca federasiya nümayəndələri ilə iki dəfə iclas keçirdik. Keçmiş prezident Qəzənfər Abdullayev və Elşən Abbasov federasiyanın vitse-prezidenti, Raqif Abbasov isə baş katib təyin olundu. Hamısı təcrübəli şəxslərdir. Onların namizədlikləri mən tərəfdən irəli sürüldü. Artıq Raqif müəllim bir neçə gündür Naxçıvandadır. Mövcud vəziyyətlə tanış olur. Daha sonra yenidən iclasımız olacaq. Həmin vaxt artıq hazır proqram olacaq ki, müəyyən dəyişiklikləri edək. Naxçıvan həmişə futbol məkanı olub, bilirsiniz. Atam ötən əsrin 80-ci illərində “Araz-Naxçıvan”da çalışıb, 4-5 il komandanın rəisi olub. Yəni Naxçıvan futbolu mənə həm tanışdır, həm də doğmadır. Fikrimiz odur ki, bütün bölgə futbolu vahid sistemdə toplansın. “Araz-Naxçıvan” da o cümlədən. Tezliklə U-14 və U-15-lərin çempionatına başlamaq istəyirik. Ən vacib məsələlərdən biri odur ki, Naxçıvanda böyük futbol olmalıdır. Artıq bunun üzərində işləyirik. Düzdür, “Araz-Naxçıvan” Premyer Liqadadır, yeni mövsümə hazırlaşır. Lakin Mərdəkanda oynamaqla Naxçıvanda futbolu inkişaf etdirə bilmərik. Stadion tezliklə təmir edilməldir, “Araz-Naxçıvan” ev oyunlarını doğma məkanda keçirməlidir. Birinci divizionda oynayanda hər qarşılaşmaya 10 min azarkeş gəlirdi. 12 minlik stadionun böyük hissəsi dolurdu. Bu, özü böyük faktordur. İnkişaf belə başlayır. Komanda ev oyunlarını Naxçıvanda keçirəndən sonra axın başlayacaq.

- Belə başa düşdük ki, Naxçıvan Futbol Federasiyasının prezidenti kimi qarşınızda duran ilk məsələ stadion problemini həll etməkdir.

- Bəli. Artıq bu istiqamədə çalışmağa başlamışıq. Stadionun təmiri ilə bağlı 1-2 şirkətlə danışıqlarımız olub. Bildirilib ki, maliyyə ayrılsa, 2 ay yarıma stadion hazır vəziyyətdə bizə təhvil veriləcək.

- Bəs maliyyə məsələsinin həll olunması üçün nə qədər zamana ehtiyac var?

- Maliyyə məsələsi ilə bağlı da müəyyən söhbətlərimiz olub. Hətta bildirmişik ki, ayrılacaq pul birdəfəyə deyil, hissə-hissə də köçürülə bilər. Əsas odur ki, iş başlasın. Bilirsiniz ki, Naxçıvan subtropik zonadır. Yayda 45 dərəcə isti, qışda isə havanın temperaturu mənfi 15-20 dərəcə olur. Təbii ot örtüyü hava şəraitinə dözməyəcək. Ona görə də FİFA və UEFA-nın standartlarına cavab verən süni ot örtüyü olacaq.

- Belə çıxır ki, artıq yanvardan “Araz-Naxçıvan” ev oyunlarını doğma stadionda keçirə bilər?

- İstəyirəm daha tez olsun. Dediyim kimi, hazırda əsas məşğul olduğumuz məsələ odur ki, böyük futbol Naxçıvana qayıtsın. Bilirsiniz ki, mən Naxçıvanda anadan olmuşam. Təbii ki, Azərbaycanın hər bölgəsi mənə əzizdir. Amma hər bir insan kimi, mən də öz doğma torpağıma gedəndə başqa hisslər keçirirəm. Orada olarkən hamı yaxınlaşır, heç kim futboldan, inkişafdan danışmır, hər kəs ilk növbədə stadionu soruşur. Bircə onu deyirlər ki, xahiş edirik “Araz-Naxçıvan” öz doğma stadionuna qayıtsın. Biz komandamızın oyununa canlı baxaq, televizordan yox. Hətta yaşlı nəslin nümayəndələri arasında “Zaur, axı sən özün atanla burda olmusan. Niyə indi biz “Araz-Naxçıvan”ın oyununa televizordan baxaq” deyənlər də var. Azarkeşlər həmişə haqlıdırlar. Naxçıvanda böyük azarkeş potensialı var. Ona görə də bölgəyə futbolu mütləq qaytarmalıyıq.

“O OLMASA, FUTZALIN İNKİŞAFINI YADDAN ÇIXARMALIYIQ”

- Zaur Axundov üçün futzal ikinci plana keçmir?

- Xeyr. Mən artıq 17-ci ilə keçir ki, federasiya prezidentiyəm. Bu müddət ərzində fəaliyyətimin yaxşı, yaxud pis olması barədə nəsə deyə bilmərəm. Buna siz jurnalistlər və azarkeşlər qiymət verə bilər.

- Fikrimizcə, daha çox uğur olub, nəinki uğursuzluq...

- Bəli, futzalda müəyyən nəticələr qazanmışıq, istər klub, istərsə də milli səviyyəsində. Kolumbiyada Dünya çempionatında 1/4 finala kimi irəlilədik, Avropa çempionatında yarımfinal oynadıq, klub səviyyəsində “Dördlər finalı”na yüksəldik. Amma hazırda futzalda müəyyən dəyişikliklər baş verir. Artıq FİFA-nın yeni qərarına görə legionerlər olmayacaq. Bu yaxınlarda federasiyada görüşümüz oldu, baş məşqçi Vitali Borisovla müzakirələr apardıq. İndi “Araz-Naxçıvan”ı Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları gözləyir. İlin sonunda isə millinin seçmə mərhələ matçları var. Hər şey gəlir çıxır maddi duruma. Açıq deyək, idman maliyyəyə bağlı olan sahədir. Hazırda ölkəmizdə minifutbol da inkişaf edir. Bu səbəbdən də bəzi oyunçular minifutbola keçir. Bunun qarşısını ala bilmərik. Amma futzalı da kənara atmaq olmaz. İrəli getmək üçün müəyyən işlər gedir. Tapşırıq vermişəm ki, xaricdə yaşayan, atası-anası azərbaycanlı olan və milli komandamıza kömək edə biləcək uşaqlar tapılıb heyətə cəlb olunsun. Artıq bizimlə əlaqə saxlayanlar da var. Onlar Azərbaycan millisində oynamağı özlərinə qürur sayırlar.

- Amma yəqin razılaşarsız ki, braziliyalılarsız çətin olacaq.

- Bəli, çətin olacaq. Son illər milliləşdirilmiş legionerlər bizə çox kömək ediblər. Amma o dövr artıq geridə qaldı. Hamının əməyi olub. Onlar da dövlət himnimiz səslənəndə əllərini qoyublar ürəklərinə, Azərbaycan adı uğrunda döyüşüblər. Paltardəyişmə otağında onların ağlamaqlarına da şahid olmuşam, üzülməklərinə də. Bir sözlə, onlar da meydanda can qoyublar. Vitali Borisovun işi çətindir, çünki sıfırdan yox, mənfidən başlayırıq. Lazım olan addımları atacağıq, sağ olsun, AFFA rəhbərliyi də bizim üçün şərait yaradacaq.

- Siz məsələ qaldırmışdınız ki, futbolda olduğu kimi, futzalda da klubara dövlət tərəfindən maliyyə yardımı ayrılsın. Amma o məsələ həll olunmadı...

- Rövnəq müəllimin vaxtında bu məsələni qaldırmışdım. Hələ 2 il əvvəl. Təəssüf ki, səsimə səs vermədilər. Halbuki çox maliyyə də istəməmişdim.

- Səhv etmiriksə, illik hər kluba 200 min manat istəmişdiniz.

- Düzdür, aylıq 200 min, 10 komanda olsun və hərəsinə 20 min. Çempionatda 10 komanda olsa, rəqabət də artar, inkişaf da gedər. O 10 komandadan ən azı beşi iddialı olacaq. Maliyyə olmayanda gənclər futzaldan gedir. Məsələn, 18-19 yaşlı biri ayı 300-400 manata “Yasamal”da, yaxud başqa klubda oynayır. Amma böyük futboldan, yaxud minifutboldan aylıq 1000 manat maaş təklifi alırsa, dərhal gedir.

- AFFA-nın yeni rəhbərliyi qarşısında bu məsələni qaldırmaq fikriniz var?

- Hələlik bununla bağlı görüşümüz, söhbətimiz olmayıb. Amma bu məsələ gündəmdədir. O olmasa, futzalın inkişafını yaddan çıxarmalıyıq. Futzal qayıdacaq 15-20 il əvvəlki vəziyyətinə. Bu gün minifutbolumuz inkişaf edir. Bu, hamımızı sevindirir. Hər bir azərbaycanlı kimi minifutbol millimizin Avropa çempionu olması məni də sevindirdi, onlarla qürur duyduq. Aralarında 3-4 nəfər bizim də yetirməmiz var idi. Bu, bizə də stimuldur.

“MƏN HARA, PROLİTARLARI HARA?”

- Artıq gələn həftə Premyer Liqada yeni mövsüm start götürür. “Araz-Naxçıvan”dan gözləntiləriniz nədir?

- Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb. Dünən komanda ilə görüşdük, baş məşqçi Elmar Baxşıyevlə söhbətimiz oldu. Onlar da Naxçıvan Futbol Federasiyasının prezidenti seçilməyim münasibəti ilə məni təbrik etdilər. Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da. Düzdür, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var. Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, “Araz-Naxçıvan”dan da uğur gözləyirəm. Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb. 99 faiz arzulanan komanda yığılıb. Axsayan bircə yer var, o da müdafiənin mərkəzidir. O mövqe üçün də axtarışlarımız davam edir. İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb. Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.

- Yəni ki, “Araz-Naxçıvan”ın hədəfi avrokuboklardır?

- Bəli. Mən “Keşlə”də də olanda hədəf Avropa idi, fərqi yoxdur bu nəticə kubokdan qazanılır, ya çempionatdan. Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. “Keşlə”də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq. “Araz-Naxçıvan”ın avrokuboklara düşməyinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq.

- Qarşıdakı mövsümdə “Keşlə”nin xələfi “Şamaxı” ilə oyunlar Zaur Axundov üçün derbi sayılacaq?

- 100 faiz. Mən orda olduğum müddətdə komanda 3 dəfə adını dəyişdi. 2017-ci ildə mən komandanın Müşahidə Şurasının sədri olanda ad “İnter” idi. Sonra “Keşlə”. Bu, başadüşülən idi. Çünki klub Keşlədə yerləşirdi. Amma “Şamaxı”... Məşhur “7 oğul istərəm” filmində deyildiyi kimi, “Mən hara, prolitarları hara?” Naxçıvanda öz suyumdayam.

“QATARLA GƏLİB AĞDAMDA, XANKƏNDİDƏ OYNAYACAĞIQ”

- Bu gün 51 yaşınız tamam olur. Bu münasibətlə sizi təbrik edirik. Son ili Zaur Axundov özü üçün necə dəyərləndirir?

- Allah cənab Prezidentimizi qorusun. O, hamımızın arzusunu reallaşdırdı. Artıq Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib. Bundan böyük sevinc, hədiyyə ola bilməz. Mən Şuşada, Xankəndidə, Cəbrayılda, Ağdamda olmuşam. İlk əvvəl qəribə gəlirdi. Amma indi adam istəyir elə o ərazilərə yenə getsin. Biz o torpaqları itirəndə mənim 18-20 yaşım var idi, bu gün 51-di. Mənim üçün bundan böyük sevinc ola bilməz.

- İnşallah növbəti ad gününüzə qədər Zəngəzur dəhlizi də açılar...

- Zəngəzur dəhlizi açılanda snra artıq təyyarəyə ehtiyac qalmayacaq. Qatarla gəlib Ağdamda, Xankəndidə oynayacağıq. O günləri də görəcəyik. Buna heç kimin şübhəsi olmasın. Sırf idman baxımından isə son bir ildə futzal bir qədər bizi məyus elədi. Futbolda “Araz-Naxçıvan” çempionata yaxşı başladı, qış fasiləsinə qədər “ilk beşlik”də idik. Bütün bunlar da həyatımın bir hissəsidir. Həmçinin sizə təşəkkür edirəm. Mən hər zaman jurnalistlərə açıq olmuşam. İnşallah bundan sonrakı müsahibəm Naxçıvandakı təmirdən sonra ilk oyunda olar, ikinci də avrokuboklara vəsiqə qazananda (futbolxeber.az).

Presssport.az Zaur Axundovu ad günü münasibəti ilə təbrik edirik, uzun ömür, cansağlığı, gələcək işlərində uğurlar arzulayırıq. 51 yaşınız mübarək, Zaur müəllim!

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC