Maçado "Araz-Naxçıvan"a artıq adaptasiya olunub: "Qarabağ"la matçda uğur qazanmalıyıq"

Yay transfer dövründə "Araz-Naxçıvan"la anlaşan və təxminən 1 illik fasilədən sonra yenidən ölkəmizə dönən Ramon Maçado klubun rəsmi saytına danışıb.

Presssport.az xəbər verir ki, 32 yaşlı braziliyalı hücumçu Azərbaycana qayıdışından da danışıb.

- Özünü yeni komandanda necə hiss edirsən?

- Komanda yeni olsa da, Azərbaycan mənə yad ölkə deyil. Əvvəllər də burda oynamışam, iki klubun formasını geyinmişəm. “Araz-Naxçıvan” yeni çağırışdı. Mən də bu dəvəti qəbul etdim, yenidən özümü bu ölkədə sınamaq qərarına gəldim. Ailəm də Azərbaycanı çox sevir. Burda yaşamağımız üçün heç bir problem yoxdur. 

- Adaptasiya olmusanmı?

- Bura hazır gəlmişdim. Çünki Malayziya çempionatında çıxış edirdim və mütəmadi oynayırdım. Çempionat oyunları başa çatdıqdan sonra istirahət etmədim, birbaşa komandanın Türkiyədəki düşərgəsinə yollandım, ikinci yoxlama matçında meydana çıxdım. Ona görə uyğunlaşmaq və hazırlıq baxımından hansısa çətinliyim olmadı. Baş məşqçini də tanıyıram, vaxtilə birgə çalışmışıq. Bir neçə futbolcu var, onlarla da başqa komandada çıxış etmişik. Yəni, özümü yad hesab etmirəm. 

- Bir neçə gündən sonra yeni mövsüm başlayır. “Qarabağ”la qarşılaşmaya komanda hazırdırmı?

- Asan oyun olmayacaq. Rəqib haqda geniş danışmağa ehtiyac yoxdu. Çünki bu komanda illərdir Azərbaycan çempionu olur, avrokuboklarda uğurlu çıxışı ilə seçilir. Heyətlərində keyfiyyətli futbolçular cəmləşib. Amma bizim də əla kollektivimiz var. Yayda komandaya xeyli futbolçu cəlb olunub ki, hər biri kömək edəcək gücdə və səviyyədədi. Maraqlı görüş olacaq. Mövsümün startıdı, uğurlu nəticə qazanmalıyıq. Bunu hər kəs istəyir. Çünki qarşımıza məqsəd qoyulub.

- Avrokuboklara vəsiqə qazanmaq…  

- Bunun üçün mübarizə aparacağıq. Düzdür, digər komandaların durumunu bilmirəm. Çünki burdan getdikdən sonra çempionatı izləmək imkanım olmurdu. Oyunlar, saat fərqi və s. mane olurdu. Amma burda olan dostlarımdan ümumi məlumat alırdım. Stadionları görmüşəm, hamısına bələdəm. Təbii ki, bizi asan oyunlar gözləmir. Hər kəs mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC