Yeni Olimpiya çempionumuzdan ilk açıqlama: "Cənab Prezident İlham Əliyevin Hidayət Heydərova zəng vurması mənə motivasiya verdi"

"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Ailəmi və Azərbaycanı sevindirdiyim üçün şadam. Bilirdim ki, Azərbaycanda hamı məni dəstəkləyir. Uzun müddət bu yolda getdik. Hisslərimi ifadə edə bilmirəm". 

Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Zelim Kotsoev (100 kq) bu gün finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeni məğlub edərək Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olmasından sonra İTV-yə açıqlamasında deyib. 

Zelim digər cüdoçumuz Hidayət Heydərovun (73 kq) bir neçə gün əvvəl Olimpiya çempionu olmasının ona motivasiya verdiyini söyləyib: "Hidayətlə birlikdə çox vaxt keçiririk. Dünən yatmazdan əvvəl o, mənə mesaj yazmışdı ki, heç nəyi düşünmə, sadəcə çıx, əlindən gələni et. Məşqçim Elxan Məmmədova, baş məşqçi Riçard Trautmana, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm". 

Yeni Olimpiya çempionumuz bu qələbəni Azərbaycan xalqına həsr etdiyini söyləyib: "Motivasiyam yüksək idi. Hidayətin qələbəsindən sonra xalq bunu qeyd edirdi. Cənab Prezident İlham Əliyevin Hidayət Heydərova zəng vurması mənə motivasiya verdi. Bu qələbə ilə insanların üzündə az da olsa, təbəssüm yaratmağı bacardımsa, xoşbəxtəm".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC