Qurban Qurbanov "Ludoqorets"in oyununu stadiondan izləyib: "Onunla bağlı belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq"

"Qarabağ" Misli Premyer Liqasının ilk turunda səfərdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüş haqda danışıb.

- Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, "Sumqayıt" mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəlincə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

- Qələbə qazansanız da, sanki narazı idiniz. Hansı məqamlar sizi qane etmədi?

- Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.

- Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə alması psixolojidir, yoxsa istəkdəndir? Sanki əsas heyətdəki yerini də Toral Bayramova uduzub...

- Hərəsindən bir az var. İstəklidi. Ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Torala uduzub deyəndə, bir tərəfdən yaxşı haldı. İki oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdı. Elvin idman formasını bərpa edən futbolçudur. Kartlara gəlincə, daha çox düşünməli, epizodlardan düzgün nəticə çıxarmalıdı. Qırmızı vərəqələrinin sayı get-gedə çoxalır ki, bu da bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq.

  • - Çempionlar Liqasında (ÇL) növbəti rəqibiniz olan"Ludoqorets" haqda hansı fikirdəsiniz?

- Canlı baxmışam oyunlarına. İki gün öncə onların oyununda idim, dünən gəlmişəm. 9 ildi arda-arda qruplarda oynayırlar. "Ludoqorets"in böyük təcrübəsi var. Çox bacarıqlı, fərdi ustalığı olan oyunçulara sahibdi. Çox sürətli oyun oynayırlar, hücumu yaxşı tamamlayırlar. Ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu öz yerində, fərdi və təkbətək mübarizələrdə diqqətli oynamalıyıq. Bu, çox vacibdir. Əks-hücumların qarşısını almaq da vacibdi. Buna hazır olmalıyıq. Hiss olunur ki, baş məşqçi də çox tələb edir bu oyunu. Bir neçə kombinasiyaları var, bundan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc sərf edək. Taktiki mübarizə də gedə bilər. Çox hazır olmalıyıq.

- 5-6 il əvvəl "Ludoqorets"lə iki yoxlama matçı keçirmişdiniz. İndiki və əvvəlki komanda arasında fərq var?

- Tam fərqlidi. Yoxlama oyunlarında nəticəyə önəm vermirəm, komandanın gücünü bilirsən. Həmin oyunlarda səhvlər çox, futbolçular optimal formadan uzaq olur. Fərqləndirmək çətin olardı. 5-6 il əvvəlki futbolla indiki də bir deyil. Təcrübə də böyük rol oynayır.

- Niyə məhz özünüz bu oyunu izləməyə getdiniz? Çünki adətən köməkçiniz Elçin Rəhmanovu göndərmsiinzi rəqibi canlı izləməyə…

- Bu komandaya qarşı heç rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi ki, "Ludoqorets" 9 ildir qruplarda necə çıxış edir. Həm "Ludoqorets", həm də "Dinamo" (Minsk) yaxşı komandadı. Bolqarlar ilk oyunda "Dinamo"ya qalib gəlsə də, Belarus klubu aqressiv oynamışdı. "Ludoqorets"in gücünü daha yaxından görmək üçün ora getmək qərarı verdim.

- Azarkeşlər sizə qruplarla bağlı mesaj verdi. Gücünüz çatacaq?

- Gücümüz var. Şükür Allaha ki, həmişə olub. Hər il çalışırıq ki, daha yaxşı hazırlaşaq. Bu, futboldu, istənilən nəticə ola bilər. Bizim kimi digər rəqiblər də hazırlaşırlar, digər ölkə klublarının da arzusudur ki, ÇL-də qruplarda iştirak etsinlər. Biz də istəklə işimizə davam edirik. Yaxşı nəticə üçün çalışırıq. Görək necə olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC