"İndi özümüzü favorit hesab edib, qələbə qazana bilməsək, mənfi fikirlər formalaşacaq" - "Sabah"ın kapitanı

“Çox çətin oyun alındı. İkinci matçda meydanda fərqli rəqib komanda gördük. Nə qədər ağır olsa da, yekunda istəyimizə çatdıq".

Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın kapitanı Elvin Camalov Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sini penaltilər seriyasında məğlub etdikləri oyundan sonra deyib.

Onun sözlərinə görə, matça yaxşı başlamayıblar və səfər oyununda da belə olub: "Lakin orda 20-ci dəqiqədən sonra toparlandıq. Bu dəfə isə ilk hissədə toparlanmaq alınmadı. Bununla belə, sona kimi mübarizə apardıq, əlimizə düşən qol epizodlarından yaxşı istifadə etdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı, əziyyətimziin bəhrəsini gördük. Sevinirik ki, mərhələni adlayan tərəf bizik”.

29 yaşlı yarımmüdafiəçi 6 qol buraxmalarına baxmayaraq, mərhələ adlamarına normal yanaşdığını söyləyib: “Çünki səfərdə də, evdə də “Makkabi”yə 3 qol vurduq. Halbuki bu, ağlımıza gəlməzdi. Ümumi nəticədə hesab bərabər idi. Azarkeşlərə də, sizlərə də dəstəyə görə təşəkkürümü bildirirəm".

Camalov start heyətindən kənarda qalmasına da aydınlıq gətirib: “İki gün qabaq məşqdə ağrılarım var idi. Bu barədə baş məşqçi ilə danışığımız oldu. Belə qərara gəldik ki, oyuna ehtiyatdan başlayım, sonradan meydana daxil olum”.

Elvin növbəti mərhələdə qarşılaşacaqları İrlandiya təmsilçisi “Sent Patriks”dən də söz açıb: “Bu gün Avropada rahat rəqib olmadığına görə arxayınlaşmaq olmaz. “Makkabi” ilə səfər matçında heç kim bizi favorit hesab etmirdi. Lakin 3:0 hesablı qələbə qazandıq. İndi özümüzü favorit hesab edib, qələbə qazana bilməsək, mənfi fikirlər formalaşacaq. Ona görə də oynamamış nəsə demək olmaz”.

Xatırladaq ki, “Sabah” III təsnifat mərhələsində ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC