“Emin, kim deyərdi ki, 10 ildən sonra Azərbaycan çempionatında qarşılaşacağıq?” - "Turan Tovuz"un legioneri

“Turan Tovuz”un qapıçısı İvan Konovalov müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Neftçi” ilə heç-heçə (0:0) oynadınız. Qarşılaşmanı necə şərh edərdiniz?

- Oyun çətin keçdi. Çünki meydançanın durumu heç də yaxşı deyildi. Biz əlimizdən gələni etdik. Bu, yeni baş məşqçinin rəhbərliyi altında ilk oyun idi. Təbii ki, hər futbolçu üçün yeni tələblər var. Hesab edirəm ki, pis nəticə qazanmadıq, sona qədər mübarizə apardıq.

- Bu, sizin “Turan Tovuz”da debütunuz idi. Razı qaldınız?

- Oyunuma qiymət verə bilmərəm. Bu barədə siz jurnalistlər, mütəxəssislər fikir bildirsələr, daha yaxşı olar.

- Şablon olacaq, amma yenə də soruşaq – bura gələnə qədər Azərbaycan çempionatı barədə hansı məlumatlara sahib idiniz?

- Təbii ki, müəyyən qədər məlumat var idi. Azərbaycan çempionatı barədə danışarkən ilk yada düşən “Neftçi” və “Qarabağ”dır. Onlar ölkə futbolunun flaqmandırlar. Hiss olunur ki, çempionatın səviyyəsi yüksəkdir. İnfrastruktur yaxşıdır. Çox da olmasa, oyunlara müəyyən sayda azarkeş gəlir. Bir sözlə, stadionlardakı atmosfer yaxşıdır. Bircə “Neftçi” ilə qarşılaşdığımız meydançanın qazonunun keyfiyyəti məyusedicidir.

- “Turan Tovuz”dakı məqsədiniz?

- Məqsəd hər oyunda qələbə qazanmaqdır.

- Yəni avrokuboklar?..

- Əsas məqsəd hər matçda qalib gəlməkdir. Gələcəkdə nəyə nail olduğumuzu isə birgə görəcəyik.

- “Neftçi”nin kapitanı Emin Mahmudov kimi, siz də “Spartak”ın yetirməsisiniz. Aranızdakı yaş fərqinin böyük olmadığını nəzərə alaraq tanış olduğunuzu düşünürəm.

- Bəli, Emini tanıyıram. Hətta oyundan öncə qısaca söhbətləşmək imkanımız da oldu. Kim deyə bilərdi ki, 10 ildən sonra Azərbaycan çempionatında qarşılaşacağıq. Qismət.

- Bəs Ramil Şeydayev? Ona qarşı daha əvvəl oynamışdınız?

- Ramili də tanıyıram. Amma yaddaşım məni aldatmırsa, xeyr, ona qarşı daha əvvəl oynamamışdım.

- Bura gələnə qədər vətəninizdən başqa, Serbiya, Belarus, Şotlandiya və Qazaxıstan çempionatlarında çıxış etmisiniz. Azərbaycan futbolunu həmin ölkələrlə necə müqayisə etmək olar?

- İndidən dəqiq cavab vermək üçün tezdir. Çünki çempionatda cəmi 1 tur geridə qalıb. Amma ilkin təəssüratım odur ki, çempionatda yaxşı futbolçular var. Öz kollektivimizdə də bacarıqlı uşaqlar cəmləşib. Hiss olunur ki, hamı topla yaxşıdır. Qazaxıstanda da legionerin sayı çoxdur. Şotlandiyada isə vəziyyət fərqlidir. Orada atletik futbola üstünlük verirlər.

- Bəzi legionerlər bura gələrkən düşünürlər ki, Azərbaycan çempionatının səviyyəsi aşağıdır və bir ayaqla da oynamaq olar...

- Xeyr, bu, mümkün deyil. Müasir futbolda kiməsə bir ayaqla qalib gəlmək mümkün deyil. Uzağa getməyək, elə hazırda avrokubokların təsnifat mərhələsində qeydə alınan nəticələr bunu sübut edir. Bu gün Avropada heç San Marino, Cəbəllütariq kimi komandaları bir ayaqla udmaq olmaz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC