Tahir Gözəl Bolqarıstana birgə yollanacağı komandasının qələbəylə dönəcəyinə inanır: “Bu əzm Çempionlar Liqasının əzmidi"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ludoqorets”ə Tofiq Bəhramov adına Respublika stadionunda 1:2 hesabıyla uduzduqları ilk oyundan sonra jurnalistlərə açıqlama verib.

Presssport.az xəbər verir ki, o, göstərdikləri oyundan razı qaldığını deyib: “Bugünkü matç onu göstərdi ki, rəqib komanda “Qarabağ”ı yaxşı təhlil edib. Mənim üçün əsas odur ki, komandanın daxilində iradə var. Oyun üstünlüyü “Qarabağ”da idi. Çox fürsətlərimiz oldu. Qismət, bəxt... Bu, futboldu. Nə qədər zərbələr etdik, top rəqib müdafiəsinin ayağına “ilişirdi”. Deyərdim ki, qapıçıları onlar üçün xilaskar oldu. Hər halda, Bolqarıstan çempionudur. Avrokuboklar oyunları ağır oyunlardı".

Klub rəhbəri heç bir rəqibi özlərindən kiçik görmədiklərini vurğulayıb: "Hələ də məsələ bitməyib. İnşallah, mən də komandamla bərabər Bolqarıstanda olacam. Gəlin, onlara dəstək verək! Hesab edirəm ki, inşallah, bugünkü oyundan bir az da əla oynasaq, bir az da sürpriz yaratsaq, hər şey yaxşı olacaq. Bu gün onlardan da təcrübə qazandıq. Çalışacağıq ki, Allahın köməyi ilə qələbə ilə qayıdaq”.

Gözəl hədəfin mütləq Çempionlar Liqasının qrup mərhələsi olduğunu vurğulayıb: “Bu gün gördüyünüz əzm Çempionlar Liqasının əzmidi. Səfərə ancaq qalibiyyət üçün gedirik”.

Bu mövsüm Misli Premyer Liqasında Roman Qriqorçuk, Kurban Berdiyev kimi yeni məşqçilər var. Buna da toxunan "Qarabağ"ın başqanı cari mövsüm yerli çempionatın daha çətin keçəcəyini düşündüyünü açıqlayıb: “Amma çətin oyunlar bizi bu cür oyunlara daha da gözəl hazırlaşdırır, formalaşdırır. Ona görə çətinliyə baxmayaraq, bu cür halları dəstəkləyirik. Yerli futbolun inkişafını həmişə dəstəkləyirik. Çünki Avropaya çıxanda bu məharət üçün bizim futbolda təcrübə yığılmalıdı. Bu isə ancaq yerli matçlarda olur”.

Xatırladaq ki, "Qarabağ"ın bolqarlarla cavab görüşü avqustun 13-də Razqrad şəhərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC