Adil Şükürov heyətlə bağlı son durumu, gedənlərin 2-3 dəfə çox məbləğə müqavilə imzaladığını açıqladı: "Əksəriyyəti artıq silinmişdilər, yox kimi idilər"

  • Keçən mövsüm Premyer Liqada yerini qoruya bilən “Kəpəz” bu gündən yeni mövsümə hazırlığa başlayır. Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov Presssport.az-a müsahibəsində əsasən heyətlə bağlı məqamları incələdi. 
  • - Əsas kapitanınız Vurğun Hüseynovun gələcək taleyinə tam aydınlıq gəldimi?
  • - Bəli, danışmışıq, demək olar tam razılaşmışıq. İnşallah, Vurğun bizimlə olacaq. İstəyimiz vardı ki, qalsın, komandamızın içində bir böyük, təcrübəli futbolçu olsun.
  • - Yəni, oynamasa belə, Vurğuna ehtiyacınız var…
  • - Elədi. O, keçən mövsüm də bizimlə bərabər oldu, münasibətimiz var. İnsan olaraq da, futbolçu olaraq da paltardəyişmə otağında bizə çox köməyi dəydi. Buna görə də Vurğuna təşəkkür edirəm. 
  • - Digər yerli futbolçularınızla bağlı vəziyyət necədi?
  • - Ehtiram Şahverdiyevlə razılaşdıq. Elmir Tağıyevlə də ortaq məxrəcə gəldik. 
  • - Onu “Səbail”dən yenə icarəyə götürmüsünüz?
  • - Yox, bu dəfə birdəfəlik gəlir. Əsas danışdıqlarımız Camal Cəfərovla Şakir Seyidovdu ki, hər ikisi müqaviləylə bitdiyi “Sabah”a qayıdıb. Onları yenə icarəyə götürüərək saxlamaq istəyirik. Əli Səmədovla ilkin danışığımız olub. İnşallah, yaxın günlərdə razılaşacağına, komandamızda qalaraq bir gəncəli kimi kömək edəcəyinə inanıram. 
  • - Bəs, digər gəncəli futbolçunuz Tural Rzayev?
  • - Onunla bağlı başqa planlarımız var. Özüylə də söhbət edib danışacağıq bu haqda. Yəqin, yaxın günlərdə Turalla bağlı da tam qərarlaşacağıq ki, gələcək taleyi necə olacaq.
  • - Başqa plan deyərkən?
  • - İndi detallı danışmaq istəmirəm. Zamanında bunu açıqlayacağıq. 
  • - Vurğun oynamır, Elçin Əlicanov da gedib. Komandamızda stopper yalnız Yeqor Xvalko qalıb. Kim olacaq digər mərkəz müdafiəçisi?
  • - Yeni legioner axtarışındayıq. Böyük ehtimal ki, həmin mövqeyə əcnəbi tapacağıq. 
  • - Qapıçınız Kamran İbrahimov qalacaq?
  • - Onunla ilk olaraq danışmışıq və xəbər gözləyirik. Görək nə deyəcək bizə…Bilirsiniz, maliyyə durumumuz o deyil ki, hər şey edə bilək.
  • - Adama Niane rəsmən gedib, Amil Yunanov da olmayacaqsa, hücumda da böyük boşluğunuz yaranıb…
  • - Amillə danışığımız gedir. Bu, əvvəl də olmuşdu. Sadəcə, Yunanovun müsahibəsi oldu ki, bizdən gedir. Bundan sonra dayandıq. İndi danışıqlarımızı bərpa etmişik. Razılaşsaq, ümumi razılığa gəlsək, Yunanovu da saxlayacağıq. Tək bir legioner gətirib onunla dayanmaq olmaz. Yenə kimsə də olmalıdı. 
  • - Bütün bunları həyata keçirmək üçün maliyyə vəsaiti lazımdı. Sponsor məsələsiylə bağlı nəhayət, bir xoş xəbər var?
  • - Bu məsələ belədi ki, heç bir xəbər yoxdu. Elə AFFA-nın verdiyi maliyyənin üzərindən çalışırıq. Buna görə ümumi planlaşdırmamızda fikirləşirik ki, çempionatı tam oynamaq üçün heyət quraq, uzağı 14 nəfər əsas heyət kimi fikirləşdiyimiz futbolçu götürək və onların üzərindən çempionata başlayaq. Təbii ki, bununla bizə çox çətin olacaq. Eyni vaxtda çalışırıq ki, akademiyadan, əvəzedicilərdən gələnlərə dəstək olaq, onları hazırlayaq. Mahir Həsənov daxil olmaqla gəncəli futbolçuların hamısı qalır. Əvəzedici heyətimizdən Nemət Musayev, Ülvi Səmədov, Fərid Kələntərovu, Arzu Atakişiyevi, Cəlil Allahverdiyevi sıralarımıza əlavə edirik. Sonuncu 2007-ci il təvəllüdlüdü. 
  • - Gedən aparıcı futbolçuların yerlərini doldura biləcəksiniz?
  • - Gedişlər sırf maliyyəylə bağlı oldu. Mate Kvirkviya Kiprə getdi - bizdən aldığından 3 dəfə artıq məbləğə. Junior Martinslə Elçin Əlicanov də həmin maddi fərqlə “Zirə”yə keçdilər. Vüsal Məsimov bizdən aldığı məbləğin ikiqatına "Səbail"ə üz tutdu. Bizi sevindirən odur ki, bu qısa müddətdə həmin futbolçuları hazırlaya bildik. Çünki əksəriyyəti artıq silinmişdilər, yox kimi idilər. Onlar da çox sağ olsunlar ki, özləri öz üzərlərində çalışdılar və buna nail oldular. Bunlar da bizi sevindirir ki, bizdən üst, avrokuboklar iştirakçılarına, orda oynaya bilən klublara keçdilər. 
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC