“Xankəndi” klubunun “İrəvan”la eyni taleyi yaşamaması üçün NƏ EDİLMƏLİDİR? – Ekspertlərdən AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb. 
Bu barədə sentyabrın 24-də klubun təsisçilərindən olan Vasif İsmayılov məlumat verib.
O bildirib ki, yeni yaradılan klub AFFA Region Liqasında mübarizə aparacaq:

“Xankəndi” klubu ev oyunlarını Şamaxı İdman Olimpiya Kompleksinin Stadionunda keçirəcək. Məşqlərimiz isə Bakıda keçiriləcək. Hazırda heyət formalaşdırılıb, məşqlərə start vermişik. Baş məşqçi isə iki həftədən sonra açıqlanacaq”
Təbii ki, Xankəndinin adını daşıyan futbol klubunun yaradılması təqdirəlayiq haldır. 
İnanmaq istərdik ki, “Xankəndi” komandası yaxın zamanda Azərbaycanın futbol cameəsində özündən söz etdirə biləcək. Amma məsələ ilə bağlı müəyyən narahatlıqlar da var. 
Çünki son bir neçə ildə yeni yaradılan Şuşanın “Xarı bülbül” və Qərbi Azərbaycanın “İrəvan” komandaları çox üzücü vəziyyətlə üzləşdi. Ona görə də “Xankəndi”nin anoloji taleyi yaşamaması üçün bəri başdan zəruri addımlar atılmalıdır.
 

Presssport.az xəbər verir ki, Bizim.Media məsələ ilə bağlı idman ekspertlərinin fikirlərini öyrənib. 
“İdman Azərbaycan” televiziyasının şərhçisi Rəşad Rafiqoğlu bildirib ki, “Xankəndi” klubunun yaranması gözlənilən idi:
“Çünki bu bölgənin futbol sahəsində təmsil olunmağa haqqı çatır. Şəhərdə həm də yaxşı stadion var və orada artıq Azərbaycan kubokunun final matçı da keçirilib. Ancaq sözün düzü, komandanın ev oyunlarını Xankəndində keçirməməsi bir qədər qaranlıq qaldı. Kluba ancaq uğurlar arzulamaq qalır. İnanaq ki, onlar tezliklə məhz doğma şəhərlərində oynayacaqlar. 
Onlara Region Liqasından Azərbaycanın yüksək liqasına qədər irəliləməyi arzulayıram. Belə klubların yaranmağı yaxşı haldı. Ancaq bəzən görürsən ki, “İrəvan” kimi klublar yaradılır, ancaq uzun ömürlü olmur. İstəməzdim ki, “Xankəndi” belə klublardan olsun. Ona görə də, klubda işlər mütləq peşəkar səviyyədə qurulmalıdır. Belə olan təqdirdə, komandanı heç bir təhlükə gözləmir”.

“İşə ciddi yanaşmaq lazımdır”
“Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov isə qeyd edib ki, Xankəndi"nin yaradıldığı haqda dünən məlumat çıxıb: 
“Hələ təqdimat olmayıb, tanımırıq idarəçiləri. Lakin vəziyyətə görə həssas adlardan sayılır. Nəzərə almaq lazımdır ki, bunadək "İrəvan" qismində pis nümunə olub, bundan sonra aidiyyəti funksionerlər daha ciddi yanaşmalıdır. "Xankəndi"nin ev oyunlarının Şamaxıda keçiriləcəyi artıq təəccüblə qarşılanıb. Bu cür məsələləri həssaslıqla nizamlamaq lazımdır”.

“İnanırıq ki, klubun taleyi “İrəvan” kimi olmayacaq”
“Presssport.az” saytının baş redaktoru Mehman Süleymanov isə bildirib ki, “Xankəndi” klubunun yaradılması dünənin ən səs-küylü və sevindirici futbol xəbəri oldu:
“Əslində, Xankədimizə qovuşandan sonra onun adını daşıyan komandanın yaradılmasını gözləyirdik. “Xankəndi”ni yaratmaq və təmsil etmək doğrudan da qürurverici məqamdır. İndi qalır belə bir adlı komandanı, klubu inkişaf etdirmək, peşəkar liqalarda çıxış etməklə irəliyə aparmaq. 
İnanırıq ki, bu adı seçənlər işlərini məsuliyyətlə yerinə yetirəcəklər və ən əsası, arzuolunmaz gedişat, “Xarı bülbül” və “İrəvan” komandalarının taleyi kimi olmayacaq. Bizlər üçün belə bir dəyərli adları qorumaq vacibdir. Buna görə klubdakıların işlərinə peşəkar yanaşması, əvvəl görülən uğursuz işlərdən nəticə çıxarmaları ən vacib amillərdən biridir. 
İndi əsas müzakirə olunan məsələlərdən biri çıxışına Region Liqasından başlayacaq “Xankəndi”nin ev oyunlarını Şamaxıda keçirməsidir.
Bəli, hamımıza məlumdur ki, Xankəndidə gözəl stadion var. Hansı ki, keçən ilin dekabrın 21-də orada rəsmi matç - Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ" - MOİK oyunu keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də izlədiyi arenada bizlər tarix hadisəyə, futbol bayramına şahidlik etmişdik. 
“Xankəndi”nin rəqiblərini doğma məkanda qəbul etməsi hazırda mümkün deyil. Çünki klub tərəfindən bildirilib ki, dövlətimizin siyasəti var və hazırda işğaldan azad olunan torpaqlarımıza gediş-gəliş icazəli şəkildə həyata keçirilir. Düşünürəm ki, yaxın gələcəkdə “Xankəndi”nin ev oyunlarını doğma şəhərdə keçirməsi ilə bu məsələ də həllini tapacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC