“Neftçi-2” ilə Azərbaycan çempionu olmuş PRO kateqoriyalı məşqçi Mahmud Qurbanov müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Misli Premyer Liqasında 15-ci turda Azərbaycan derbisində “Qarabağ” “Neftçi”ni 3:0 hesabı məğlub etdi. Oyunu necə dəyərləndirərdiz?
- Təbii ki, bu, turun mərkəzi oyunu idi. Avropa Liqasında “Lion”a məğlubiyyətindən sonra “Qarabağ”a qələbə qazanmaq vacib idi. Onların asanlıqla qələbə qazandığını deməzdim. “Qarabağ” “Neftçi”nin müdafiəsində olan səhvlərdən məharətlə istifadə etdi. Oyuna isə rəng qatan azarkeşlər oldu.
- Artıq 9 matçdır ki, “Qarabağ” “Neftçi”yə qalib gəlir. Oyunların əksəriyyətində ağdamlılar rəqiblərini böyük hesabla məğlub ediblər. Sizcə, bu dueldən Azərbaycan derbisi adını çıxmağın vaxtı deyil?
- Əfsuslar olsun ki, “Neftçi” bu gün “Qarabağ”la rəqabət aparacaq gücdə deyil. Əvvəllər bu oyuna maraq daha böyük idi. Çempionluq uğrunda mübarizə gedirdi. Amma son zamanlar “ağ-qaralar” uğurlu çıxış etmir. Yalnız 1 dəfə çempion oldular. Hər zaman “Neftçi” iddialı olub. Hamı bunu belə gördüyü üçün indi də bunun belə olmasını istəyir.
- Samir Abasovun baş məşqçi təyin olunmasından sonra “Neftçi”də hansısa dəyişiklik hiss olunur?
- Onun gəlişi ilə 9 oyunluq qələbəsizlik seriyasına son qoyuldu. Komanda xallar qazanmağa başladı. Bakılılarda istək var. Bu dəqiqə “Neftçi”yə baxımlı oyun yox, daha çox nəticə lazımdır. Xallar topladıqdan sonra oyunu da yaxşılaşdırmaq olar. İndi onlara yaxşı və ya pis oynamaq önəmli deyil.
- Sizcə, qış fasiləsindən sonra fərqli “Neftçi” izləyə biləcəyik?
- Qışda yəqin ki, dəyişikliklər olacaq. Bunu indidən demək çətindir. Amma düşünürəm ki, “Neftçi”də dəyişiklik vacibdir. Bunu etməlidirlər ki, avrokuboklara düşmək şansları olsun. Bütün mövqelərdə yeni, yaxşı futbolçulara ehtiyac var.
- “Neftçi” liderlərdən xal baxımından çox geri qalır. Onların turnir cədvəlində 8-ci pillədə olmasını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq nə qədər real görünür?
- Təbii ki, bu mövsüm avrokuboklara vəsiqə qazanmaq “Neftçi” üçün uğur sayılacaq. Bunu da kubokda yaxşı çıxışla etmək mümkündür. Çempionatda isə liderlərlə müqayisədə xal fərqi çox olsa da, qışdan sonra klubların necə təsir bağışlayacağını indidən bilmək çətindir. Bu baxımdan hər şey mümkündür (idman.biz)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC