"Kəpəz"in məşqçisi 1-2 ilə Azərbaycan üçün çıxacaq yaxşı qapıçıdan danışıb: "Qüdrətə ümidim çoxdu, onu görənlər çox bəyənirlər ki, belə boylu-buxunlu qapıçı hardan çıxdı Gəncədə"
“Kəpəz” cari mövsümün əvvəlində baş məşqçi dəyişikliyindən sonra korpusda da dəyişiklər oldu. Belə ki, bunadək Gənc klubunun əvəzedici heyətinin qapçılarla işləyən məşqçisi olan Vüqar Məmmədov artıq əsas komandada yeni baş məşqçi Azər Bağırovun köməkçilərindən biridi. Bu təcrübəli mütəxəssis Premyer Liqada çıxış etdiyi 2006-cı ildən “Qəbələ” klubunun sıralarında olaraq burdakı işiylə tanınsa da, əslən Gəncədəndi, ordanın futbol məktəbinin yetirməsidi. “Kəpəz”in, "Şəmkir"in sabiq qapıçısı olmuş 55 yaşlı çalışdırıcı Presssport.az-a müsahibəsində köhnə-yeni klubunda bu 5 ayda gördüyü işlərlə, qarşıda duran hədəflərlə, böyük perspektiv vəd edən qapıçıyla bağlı danışıb.
- 20 ilə yaxın çalışdığınız “Qəbələ” klubundan hansı hisslərdə ayrılıb doğma şəhərinizə qayıtdınız?
- Açığı, ayrılığın necə olduğunu özüm də bilmədim. Mənə dedilər ki, baş məşqçi Kaxaber Tsxadadze korpusuna özü istədiyi köməkçini gətirəcək. Mən də bunu qəbul etdim və yollarımız belə ayrıldı. Yəni, ortada hansısa böyük bir problemimiz olmayıb, hər şey qaydasında idi. Sadəcə, dedilər ki, öz məşqçisi gəlir, hamısı komplektləşmiş bir heyət olur. Amma düzü, çox istərdim ki, yenə işləyim. Hər halda, Qəbələ mənim üçün ikinci doğma bir şəhərdi. “Kəpəz”dən sonra “Qəbələ” mənim üçün doğma, əziz bir məkandı.
- Yəni, I Liqa olsa belə, işinizini davam etdirməyə hazır idiniz…
- Bəli-bəli. Fariz müəllimin özüylə (“Qəbələ”nin prezidenti Fariz Nəcəfov-müəllif.) danışmışdım, bir problem yox idi. Sadəcə, belə bir məsləhət oldu, baş məşqçi seçimini etdi və buna da hörmətlə yanaşıb qayıtdım Gəncəyə.
- Futbol planında hansı mənzərəni gördünüz doğma şəhərinizdə?
- Bura oynadığımız bir yer olub. Uşaq vaxtından Gəncədə olmuşam, böyümüşəm, futbolun sirlərini öyrənmişəm. “Kəpəz” də mənim doğma klubumdu. Çalışırıq əlimizdən gələn köməklyimizi edək, biliyimizi burdakı uşaqlara da çatdıraq, öyrədək ki, futbol necə olur, onu necə sevmək lazımdı. Haızrda əsas komandada işləyirəm, lakin akademiyanın qapıçılarına da nəzarət edirəm, baxıram, göstərişlərimi verirəm, çatışmayan cəhətləri deyirəm. Perspektivli qapıçılarımız var. Biri Qüdrətdi ki, U-15 komandamızın oyununu izləyərək onu iş başında gördünüz. Maşallah olsun, ona da ümidlərimiz çoxdu. Başqa talantlı uşaqlarımız da var - İlkin, Əli, Nahid. Sonuncu mənimlə "Kəpəz"in əvəzedici və əsas komandasında çalışır. Bir sözlə, yaxşı perspektiv vəd edən qapıçılarımız var, onlarla işləmək lazımdı. Fərq bir az böyük olsa da, çalışacağıq ki, burda da nəsə yetişdirək. Gəncənin keçmişdə yaxşı qapıçıları vardı ki, indikilərdən də üzə çıxarmaq lazımdı. Bilirsiniz, uşaqlara futbolu bir az sevdirmək lazımdı. Elə bil ki, burda ara məsafəsi olub deyə qapıçılıq bir az problemdi, heç kim yaxın gəlmir. Amma yavaş-yavaş artıq gəlirlər, istəyirlər. Ayyarım akademiyada oldum. Uşaqlarda çatışmayan cəhətlər çox idi, bir az onlara lazım olan o təkanı verdim.
- Əsas boşluq nə idi? Ciddi problem olaraq nəyi gördünüz ki, dediniz, ilk olaraq bunu yoluna qoymaq lazımdı?
- Qapıçılarda bir az özlərinə inam az idi. Onlara o inamı qaytardıq, texniki planda əskislər vardı. Hər şeyi yavaş-yavaş yoluna qoyduq. Qapıçılıq necə olmalıdı - o qaydaları akademiyadakı qapıçı məşqçilərinə çatdırdım ki, bunlara bir az ürəkli yanaşmaq lazımdı. Yəni, hər şeyi başdı-başına yox, işə girişmişiksə, onu elə görməliyik ki, uşaq bundan həzz, ləzzət alsın.
- Yəni, “material” var, sadəcə, bunun üzərində işləmək lazımdı…
- Tamamilə doğrudu. Sağ olsunlar məşqçilərimiz, oturub söhbətləşirik, deyirəm, onlara da başa salıram - bu uşağa elə öyrətmək lazımdı ki, o bilsin, sən ondan nə istəyirsən. Yəni, başdansovdu iş görmək olmaz! Qapıçıdan nələr tələb olunur, hamısını müəllimləri onlara başa salır. İnşallah, gələcəkdə yaxşı olacaq.
- Bəs, həmin “material” üzərində işləmək bacaran, tələblərə uyğun gələn məşqçilər varmı “Kəpəz” Futbol Akademiyasında?
- Burda təcrübəli yalnız Tariyel Hüseynov var ki, mənimlə birgə qapıçılıq kurslarında olub. Üç qapıçı məşqçimiz var ki, onlar hələ gəncdi. Onları da yavaş-yavaş öyrədirik bilsinlər ki, sabah kursa gedəndə məlumatlı olmalıdırlar. Kursu oxumalıdırlar ki, bilsinlər, futbolda, qapıçılardan nə tələb olunur, necə işləməlidirlər. Bunların hamısını bilmək lazımdı, mütləq şəkildə. Onlar da çalışır çatışmayan şeyləri öyrənsinlər. Biz də onlara başa salırıq necə işləmək lazımdı.
- Qapıçı üçün ilk növbədə nələr lazımdı - sizin baxış bucağınızla?
- Əsas boydu, bu dəqiqə ilk növbədə buna üstünlük veririk. Görürsünüz bizdə bu planda vəziyyət necədi. Ümumiyyətlə, Azərbaycanda çox az, nadir halda ucaboylu qapıçı olur. Ayaqla oynamağa daha çox üstünlük veririk. Bu dəqiqə müasir futbolda ən çox olan şeydi. Qapıçı hava toplarında oynamalı, göstərişlər verməli, düzgün mövqe seçib oyunu aparmalı, idarə etməlidi. Yəni, qapıçının işi yalnız “1 nömrə” olub qapıda dayanıb qorumaqla bitmir. Qapıçı da bir sahə oyunçusu kimi 90 dəqiqə oyunun içində olmalıdı. Baş məşqçi necə kənardan göstəriş verirsə, qapıçı da elə, meydanda 10 nəfəri idarə edən şəxsdi.
- Bayaq söz aşdığınız Qüdrət Qarayevin 15 yaşı hələ fevralda tamam olacaq, artıq boyu 1,87-di. Bu, Azərbaycan üçün də nadir tapıntıdı. Ona nə dərəcədə üstünlük verir Qüdrətə?
- Qüdrəti necə deyərlər, sıfırdan görmüşəm. Bir dəfə təsadüfən qapıda gördüm, dərhal boy-buxunu diqqətimi çəkmədi. İnanmazdım ki, 14 yaşında bu boyda qapıçı olsun. O uşağın sevgisi daha çoxdu. Sevgi varsa, deməli, uşaq üzərində çalışıb, işləyib nəsə ortalığa çıxarmaq olar. Mən də bunu edirəm.
- Bildiyim qədərilə fərdi olaraq da məşq keçirsiniz Qarayevə…
- Elədi. Əsas komandada bir fasilə olan kimi Qüdrətlə fərdi işləyirəm. Əvəzedici komandada işlədiyim zamanı da onu məşqlərimizə cəlb edirdim. O uşaq həmişə yanımda, gözümüz qabağında olub. Boş olan, vaxt tapan kimi gəlib oyunlarına baxıram. Nəzarətdə saxlayıram ki, görüm məşq elədiklərimizi oyunda ala bilirikmi.
- Ala bilirsinizmi?
- Bəzi şeylər var ki, alırıq. Bilirsiniz, bu uşağın yetişməsi üçün hələ zaman lazımdı. Qüdrət keçən mövsüm bu komandaya gəlib-gedib. Elə bil 1 il geri düşüb, çox geri düşüb. Keçən mövsüm oynasaydı, bu mövsüm tam fərqli bir Qüdrət görə bilərdik. Meydançaya ona baxanda görürsən ki, maşallah olsun, “material”dı. Doğrudan “material”dı, indi üzərində işləyirik.
- Müstət keyfiyyətlərini dediniz. Bəs, çatışmazlıqarı nədi ki, onu aradan qaldırmağa diqqət yetirirsiniz?
- Bəli, çatışmazlıqları da var. Bir az qapıda özünəinamı azdı. O inamı qaytarmaq lazımdı.
- Çıxışlarda necədi?
- Bir az qərarları çətinliklə verir, əslində, ani verməlidi. Elə bir an olur 1 saniyə içində qərar verməlisən ki, bu topa çıxacam, ya yox, bu topa oynaya bilərəm, ya yox. Bunlar hamısı şərtdi. İndi çalışdıqca bunları aradan qaldırrırıq. Özü də ayrılıqda oturub onunla həm məşqdə, həm də fərdi söhbətlər edirik ki, bax, bu iş belə olmalıdı. İşin meydançada tez qərar verməkdi. Ayaqla bir az problemi var ki, bunu da çalışacağıq düzəldək. Nəticədə həm vuruşlarda, həm də ötürmələrdə lazımı səviyyədə olsun. Hava toplarında inşallah, çatışmazlıqları yavaş-yavaş artıq yoluna qoyulur. Görürəm ki, artıq yaxşı oynayır. Halbuki, əvvəl də bunu bacarmırdı. Bir sözlə, hər şeyi zaman-zaman yoluna qoyacağıq. Nəsə bu uşağa ümidim çoxdu. İnşallah, 1-2 ilə Azərbaycana yaxşı bir qapıçı çıxar.
- Qüdrət artıq U-15 yığmamıza cəlb oluna bilər, amma heç vaxt dəvət almayıb. Həmin yığmanın məşqçiləriylə, həmkarınızla söhbətləşib demisiniz ki, belə bir boya malik perspektivli qapıçı var? Çünki gəlib oyunlarına baxmırlar…
- Bəli, gəlib baxan yoxdu. Bakıda da kimsə yaxınlaşıb soruşmur ki, deyək, belə bir uşaq da var. Amma Bakıda Qüdrəti oyunda görüb haqqında soruşublar. Onu görənlər çox bəyənirlər ki, belə boylu-buxunlu qapıçı hardan çıxdı Gəncədə. İnşallah, yavaş-yavaş o da yoluna düşər. Onlar da hələ dəqiq bir şey deyə bilmirlər, gəlib-getmək bir az problemdi deyə bunu edə bilmirlər. Ancaq Bakıdakı oyunlarda olanda əlaqə saxlayırıq ki, imkan olsa, gedib baxsınlar Qüdrətə. İş başında görsünlər ki, necə bir uşaqdı.
- Hər halda, yığmada olmaq ona əlavə plyus olar…
- Əlbəttə ki. Sadəcə, mən də istəyirəm ki, yığmaya getmək üçün tam hazır olsun. Bilirsiniz, birdən-birə uşağın o yığma səviyyəsi çatması məsələsi var. Hələ öz komandasında sırf “bişməlidi” ki, yığmaya gedəndə öz yaşıdları arasında tam rahat olsun. Bir qapıçı kimi özünəinamı olsun ki, gedib orda özümü göstərə biləcəm. Milli komanda elədi ki, orda hər şey göz qabağındadı.
- Yəni, yığmaya düşmək xatirinə düşmək olsun…
- Bəli-bəli. 15 yaşında olmasın, 16 yaşında olsun. Əsas odur ki, burda tam hazır olsun. Bundan sonra özüm də deyəcəm ki, qardaş, artıq sən yığmaya gedə bilərsən, artıq hər şey yolundadı. Çatışmayan cəhətlər də inşallah, aradan qaldıracağıq, hər şey qaydasına qoyacağıq.
- Yaxşı qapıçı, yaxşı futbolçu yetişdirmək üçün yaxşı şəraitin olması da vacibdi. Bu yöndə akademiyanızda vəziyyət necədi?
- Hər şey yüksək səviyyədədi. Fitnes, trenajor zallarımzı var, fiziki planda da yaxşı çalışa bilirik. Hər şey çox gözəldi. Sağ olsun rəhbərlik, bizim üçün hər şəraiti yaradıb. Yəqin, gələcəkdə bundan da yaxşı olacaq.