Ayxan Abbasov Tovuzdakı qarşıdakı oyunu özü üçün qətiyyən prinsipial saymır: "Rəhbərlikdən bir neçə futbolçu istəyəcəyik"

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov müsahibə verib. Mütəxəssis komandanın hazırkı durumundan, nəticələrindən, avrokubok şanslarından danışıb. O, həmçinin Misli Premyer Liqasının cari mövsümündəki hakimliyi qiymətləndirib, qarşıdakı planlarla bağlı məlumat verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

- “Şamaxı” sonuncu dəfə VII turda, “Kəpəz”lə oyunda qələbə qazanıb. Son 6 görüşdə isə cəmi 1 xal əldə olunub. Halbuki komanda mövsümə yaxşı başlamışdı. Eniş yaşandığını düşünmək olar?

- İlk növbədə qeyd edim ki, “Şamaxı” bu mövsüm debütantdır. Qarşımıza Premyer Liqada qalmaq məqsədi qoymuşuq. Eniş və ya nəticələrin yaxşı olması normal haldır. Sabitliyi qorumaq üçün təcrübəyə malik olmalısan. Amma baxın, təcrübəsi bizdən çox və heyəti geniş olan komandalar bu gün aşağı pillələrdədir. Hansı ki, onlar qarşılarına avrokuboklarda oynamaq məqsədi qoymuşdular. İndi çətinlik çəkirlər. Yaxşı başlamaq böyük üstünlük idi. Enişin ən böyük səbəbi odur ki, sarı vərəqələr və ya zədələr olanda oyunun gedişində rotasiya etməkdə çətinliklər yaşayırıq. Gənc futbolçularımız çoxdur. Onların ilboyu sabit çıxış etməsi çətindir. Amma bu gün yığdığımız xala baxmaq lazımdır. Turnir cədvəlində sonuncu yerdə deyilik. Bu xalları ikinci dövrədə də yığa bilərdik. Belə alındı, toparlanmaq lazımdır.

- Komandada sanki ruh düşkünlüyü, gərginlik hökm sürür…

- Gərginlik olmaması üçün futbolçularımızı başa salırıq. Heç bir idmançı məğlub olmaq istəmir. Yaxşı nəticə çıxarmaq istəyirik. Oyunumuz göstərir ki, ruh düşkünlüyü də yoxdur. Sadəcə, müəyyən fərdi keyfiyyətlərdə uduzuruq. “Sumqayıt”la oyunda rəqibdən geri qalmadıq. “Araz-Naxçıvan”la görüşdə bir səhvdən qol buraxdıq. “Turan Tovuz”la matçın son dəqiqəsində penalti qazandıq. “Qarabağ”la mübarizə apardıq, lazımsız penalti təyin etdilər. Fərdi keyfiyyətlərdə digərlərindən geri qalmağımız normaldır.

- Kubokda “Zirə”yə məğlubiyyətdən sonra artıq bütün diqqət Premyer Liqaya yönələcək. Hazırda komanda turnir cədvəlində elə yerdədir ki, I Liqaya düşmək ehtimalı ilə yanaşı, avrokuboklara da vəsiqə qazanmaq şansı var...

- Əlbəttə, hər komanda avrokuboklara vəsiqə qazanmaq istəyir. Amma bunun üçün bir çox şərtlər var. Hazırda bunu yerinə yetirmək bizim üçün çətindir. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. Yadınızdadırsa, ilk dövrədə ikinci və üçüncü yerlərdəki komandalarla aramızda xal fərqi az idi. O zaman da suala belə cavab vermişdim ki, iddialı olmaq üçün komanda qurmaq lazımdır. Bir il iddialı çıxış edə bilərsən. Lakin komanda oyunu olmasa, bu, müvəqqəti xarakter daşıyacaq. İddialı olmaq istəyiriksə, yerimizi qorumalıyıq. Növbəti mövsümdə transferlər həyata keçirdikdən, futbolçular uzun müddət bir-biriləri ilə oynadıqdan sonra iddialı ola bilərik. Hazırda mövqeyimizi qorumağa çalışırıq.

- Kubokda hansı mərhələyə qədər irəliləməyi gözləyirdiniz?

- Kubok bir oyundan ibarətdir. Biz də “Zirə”yə rəqib olduq. Hansı ki, oturuşmuş heyəti var. Amma oyun pis alınmadı. İki fərdi səhvdən birinci hissədə qollar buraxdıq. Sonra qol vursaq da, oyunu çevirə bilmədik. Keçə bilsəydik, “Araz-Naxçıvan”la mübarizə aparmaq istəyərdik. Lakin real danışmaq lazımdır, iki "cəbhə"də vuruşmaq da bizim üçün çox çətin olacaqdı.

- Növbəti turdakı rəqibiniz "Turan Tovuz"dur. Bu komandadan ayrıldıqdan sonra Tovuza rəqib baş məşqçi kimi ilk səfəriniz olacaq. Bu oyun sizin üçün xüsusi prinsipiallıq daşıyacaq?

- Xeyr, nə prinsipiallıq? “Turan Tovuz”la yanaşı, “Zirə”də və “Sumqayıt”da da çalışmışam. Həmin komandalara qarşı da rəqib kimi gedirəm. Tovuzda oynamaq çətindir. “Turan Tovuz” yaxşı komandadır. Çətin görüş olacaq.

- Yeri gəlmişkən, sabiq komandanız “Turan Tovuz” hazırda üçüncü yerdədir və avrokuboklar uğrunda mübarizə aparır. Kurban Berdıyevin işi ilə bağlı nə deyə bilərsiniz?

- Yaxşı başlanğıcdır. İlk “üçlük”dəki yerlərini qorusalar, “Turan Tovuz” üçün böyük uğur olacaq. Komanda artıq üçüncü mövsümdür Premyer Liqadadır. İddialı olmaq üçün iki ağır il keçirdik. Heyətə baxsaq, görərik ki, ilk mövsümdə Premyer Liqada yerini qorumaq istəyən komandadan 6-7 futbolçu indi də düşərgədədir. Üstəlik, hər il güclənirdilər. Məncə, Berdıyev yaxşı başlayıb, belə davam edəcəklərsə, komanda üçün uğur olacaq.

- Hazırda heyətdə dəyişikliklərə ehtiyac görürsünüz? Neçə futbolçu ilə yolları ayırmağı düşünürsünüz?

- Buna hələ qərar verməmişik. Ümumiyyətlə, heç kimi yola salmağı düşünmürük. Əksinə, heyəti genişləndirmək istəyirik. Rəhbərliklə mütəmadi olaraq danışırıq. Əlbəttə, rəhbərlikdən bir neçə futbolçu istəyəcəyik. Bəzi mövqeləri gücləndirməyə ehtiyac var. Son oyundan sonra rəhbərliklə müzakirələr aparıb qərar verəcəyik.

- Ümumiyyətlə, heyətdə böyük dəyişiklik gözlənilir?

- Əlbəttə, heyətin genişlənməsinə ehtiyac var. Çalışacağıq ki, bir neçə mövqedə həm rəqabət yaradaq, həm də güclənək. Çünki qışdan sonra çətin olacaq.

- Conatan Bentekenin komandadan gedişi gündəmdədir. Futbolçu ilə danışıqlarınız olub?

- Heç bir oyunçu ilə danışıq aparmamışıq. Qarşıda ağır oyunlarımız var. Hansısa oyunçu az şans qazandığı üçün getmək istəyirsə, nəzərə alacağıq.

- Premyer Liqanın cari mövsümünü necə dəyərləndirirsiniz?

- Çətin çempionatdır. Klublar avrokuboklara vəsiqə qazanmağa cəhd edirlər. Legionerlər transfer olunur. Ötən il “Qəbələ”nin I Liqaya düşməsi hər kəs üçün sürpriz oldu. “Qarabağ” hamıdan bir pillə yuxarıdadır. “Neftçi”nin, “Sumqayıt”ın aşağıda olması digər komandalara üstünlük yaratdı. “Araz-Naxçıvan”la “Turan Tovuz” yuxarı pillələrə qalxdı. “Sabah”la “Zirə”ni avrokuboklardan sonra çempionata kökləmək çətin idi. Ancaq II dövrədə göründü ki, özlərinə gəlib və xallarını toplayıblar. Premyer Liqa yaxşı keçir. Meydana yeni futbolçular çıxdı, yığmaya dəvət olundular. Hər komandada gənclər var. Bununla yanaşı, süni örtüyə malik meydanların çoxaldığını görürəm. Ümid edək ki, Premyer Liqada gələcəkdə işıqlandırma və meydan baxımından irəliləyiş olacaq. Bu gün “Şamaxı” ilə yanaşı, “Səbail”, “Turan Tovuz” və “Kəpəz” süni örtüyə malik meydanlarda oynayır. Əvvəl isə bu say ikidən çox deyildi. Bu, Premyer Liqa üçün çoxdur. Buna görə futbolçu transferlərində də çətinlik çəkirik. Bu meydanlar Avropadakı süni örtüklərdən geri qalır. Zədə ehtimalını azaltmaq üçün artıq müasir süni örtüklü meydanlara keçmək lazımdır.

- “Turan Tovuz”un yüksəlişini Kurban Berdıyevin işi ilə bağlamaq olar. Bəs “Araz-Naxçıvan”la bağlı nə düşünürsünüz? Ümumiyyətlə, bu komandaların yüksəlişinin müvəqqəti olacağını və ya sona qədər bu cür davam edə bilməyəcəklərini söyləmək olar?

- Fikirlərinizə hörmətlə yanaşıram. “Turan Tovuz”un uğuru Kurban Berdıyevin işi ilə əlaqələndirilir. Eyni situasiyadır, lakin Elmar Baxşıyevin işi daha çətin idi. Elmar elə bir komandaya gəldi ki, ötən il son 2 dövrədə çox əziyyət çəkdi. Çempionat bir qədər də davam etsəydi, nə olacağını bilmək olmazdı. Tanıdığı oyunçuları transfer etdi. Komanda azarkeşsizdir, Bakıda oynayır. “Turan Tovuz” isə rəqiblərini Tovuzda qəbul edir. Bu gün “Araz-Naxçıvan”ın oyunu, nəticələri “Turan Tovuz”dan daha üstündür. Onsuz da “Turan Tovuz” növbəti mövsümdə iddialı olacağının siqnalını ötən il verirdi. Bu gün Elmarın işə yanaşması səbəbindən, deyərdim ki, “Araz-Naxçıvan” avrokuboklara vəsiqəni 70-80 faiz təmin edib.

- “Zirə”, “Sabah” və “Neftçi”nin liderlər sırasına qayıdacağı nə dərəcədə realdır?

- Hər üç komanda kubokda mübarizəni davam etdirir. Amma “Zirə” ilə “Sabah”ın topladığı xallar göstərir ki, kim daha yaxşı hazırlaşacaqsa, çox şansı olacaq. “Neftçi” yəqin ki, üstünlüyü kuboka verəcək. Çünki komandanı Samir Abasov yığmayıb. Bəlkə də qış fasiləsində yeni transferlər həyata keçirib, oyunu yaxşılaşdıra bilər. Amma bu çətindir. “Sabah”la “Zirə” daha iddialı görünür. Hər iki komanda heyət baxımından avrokuboklarda oynamaq üçün daha hazır və təcrübəlidir.

- Cari mövsümdə 15 tur geridə qalıb. Bu müddət ərzində sizdə hakimliklə bağlı hansı fikirlər formalaşıb?

- Əlbəttə, narazılıqlar, səhvlər var. Hər kəsin istədiyi budur ki, hakimlər inkişaf etsinlər. Futbolumuzun inkişafında hər kəs - hakimlər, futbolçular, azarkeşlər, media rol oynamalı və bunun üçün şərait yaradılmalıdır. Yaxşı işıqlandırılmasa, oyunların çəkilişi istənilən səviyyədə olmasa, stadiona azarkeşlər gəlməsə, Premyer Liqa heç də gözəl görünməyəcək. B gün hamı “Neftçi” - “Qarabağ” matçından danışır. Çünki tribunalara 7 minə yaxın azarkeş gəlmişdi və çox gözəl görünürdü. “Sumqayıt”la oyunda xeyli azarkeş gəlmişdi. Bunlar vacib amillərdir. Hakimlər inkişaf etməsə, sabah tempi yüksək olan oyunları idarə edə bilməyəcəklər. Dediklərinə görə, Hakimlər Komitəsi bunun üzərində işləyir. Ən çox VAR-la bağlı mübahisələr olurdu. Ümid edək ki, inkişaf edəcəklər.

- “Şamaxı”nın bu gün turnir cədvəlində 7-ci yerdə qərarlaşmasında hakimlərin də rolu var?

- Qərəz deməzdim, amma oyunun nəticəsinə təsir edən səhvlər olub. Məsələn, ötən il mən “Turan Tovuz”da çalışanda hakim səhvləri olmasaydı, bəlkə də avrokuboklara vəsiqə qazanacaqdıq. Konkret həmin epizodları göstərəndə AFFA Hakimlər Komitəsinin indiki sədri bizimlə razılaşır. Ancaq komitənin əvvəlki sədri razılaşmırdı. Elə qərarlar var ki, hakimlər onu meydanda verməlidirlər. Bu gün səhvlər çoxdur, ümid edək ki, azalacaq.

- Bu mövsüm keçirdiyiniz hansı oyunda hakim səhvlərinin təsirini qabarda bilərsiniz?

- Məsələn, “Səbail”lə matçda sarı vərəqələr çox oldu. Hətta sonrakı oyunlarda “qırmızı” da gördük. “Qarabağ”la oyunda hesab 0:0 olarkən haqsız penalti verdilər. Halbuki bəzi matçlarımızda oxşar epizodlarda lehimizə penalti təyin olunmamışdı. Detallara toxunmaq istəmirəm, amma səhvlər olub və biz də müqayisə edirik. Düzdür, məğlubiyyətə səbəb axtarmıram. Amma səbəblər çox olur. Məsələn, bizim kimi komandalar meydana çıxanda rəqibə daha çox simpatiya göstərilirsə, bunun təsiri olur. Hər şeyi hakimlərin üzərinə atmaq da düz deyil. Yaxşı hakimlər var, ümidvaram ki, onlar daha da inkişaf edəcəklər.

- “Şamaxı”nın aşağı yaş qruplarının durumunu necə qiymətləndirisiniz? Nəticələr heç də xoş deyil, ikirəqəmli məğlubiyyətlər də olur…

- Bu, normaldır. Çempionat başlayanda AFFA -ya bildirmişdik ki, Şamaxıda 16, 17, 18, 19 yaşlı futbolçulardan ibarət komandalar yoxdur. Akademiya 6-7 ildir yaranıb, ən yuxarı yaş 15-dir. Bilirsiniz ki, lisenziya almaq üçün digər yaş qrupları da olmalıdır. Bir aya bunları etmək çətindir. Elə futbolçularımız var ki, bəlkə də ilk dəfədir 11-in 11-ə oynayırlar. Bu komandalardan güclü futbolçuların çıxacağı da inandırıcı deyil. Ümidimiz 15 yaşdan aşağı olan qruplaradır. Lakin bu təkcə “Şamaxı”nın deyil, ümumilikdə uşaq futbolunun problemidir. Lisenziyalaşdırmaya görə bəzi komandaları məcburi şəkildə saxlayırıq. Hər şey, meydanların azlığı, maliyyə ilə əlaqədardır. Biz həm uşaq futbolunun inkişafını, həm nəticə, həm də gənclərə şans verilməsini istəyirik. Bəzi klublar bilməlidir ki, bunun hamısının birlikdə olması mümkün deyil. “Barselona”nın heyətində üç il əvvəl gəncləşdirmə aparıldı, heç nə edə bilmədilər. Amma komanda indi-indi özünə gəlir və dünyaya ulduzlar çıxarır. Bir qədər səbrə də ehtiyac var. Bəzi Premyer Liqa komandaları qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə aparmalıdırlar. Bu gün həm yerimizi qorumaq, həm də gəncləri yetişdirmək istəyirik.

- Bu yaxınlarda İlkin Muradovla gözlənilmədən yolları ayırdınız. Mətbuatda futbolçunu intizamsızlıq səbəbindən göndərdiyiniz yazılırdı. Nə baş vermişdi?

- İlkinlə danışdıq, bir yerdə çalışa bilməyəcəyimizi ona başa saldıq. O da anlayışla qəbul etdi və söhbət bitdi.

- Həqiqətən intizamsızlıq etmişdi?

- Hər bir şey var idi. Əlbəttə, məşqçi və futbolçu arasında xarakter baxımından nəsə düz gəlmirsə, peşəkar şəkildə ayrılmaqda heç bir problem görmürəm (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC