"Səbail" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmayla bağlı danışıb.
- "Araz-Naçxıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik, amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbrli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
- Şahin Diniyevin vaxtında da komanda uduzurdu, amma ara-sıra xal alırdı. "Səbail"i üç oyuna çıxarmısız, amma nəinki xal qazanmasınız, qol da vura bilməmisiz. Kimdir günahkar - futbolçular, Diniyev, yoxsa siz?
- Əlimizdə çox “material” yoxdu. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam - kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindi. "Sabah"dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək.
- Heyət geniş deyil?
- Önənli nüansdı. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdı. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdu. Bu zaman futbolçular hiss edir ki, onun yerində oynayacaq 2-ci oyunçu yoxdu. Bu durumda işləmək çətindi. Qışa qədər başqa şansımız yoxdu. Son iki oyuna köklənəcəyik.
- Qışda büdcə ayrılmasa, erkən ayrılıq mümkündür?
- Bu haqda danışmaq hələ tezdi. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.
- Maraqlıdı, bəs, özünüz özünüzü necə motivasiya edirsiniz?
- Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib.
- Növbəti turda qələbə qazanmaq üçün münasib rəqib olan "Şamaxı" ilə qarşılaşacaqsınız. Dönüş nöqtəsi həmin səfər matçı ola bilər?
- Çempionatda hər rəqib bizim üçün eyni səviyyədədi. Çox istəyirik ki, qalib gələk. Sonuncuyuq deyə, təzyiq yaranır. Futbolçular da tunrir cədvəlini görəndə narahatlıq keçirir. İşimiz onları sakitləşidirib, oyuna kökləməkdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC