“Mən danışanda çox adamın xoşuna gəlmir" – Mahmud Qurbanov

Azərbaycan millisinin sabiq üzvü və məşqçisi Mahmud Qurbanov müsahibə verib.

Presssport.az həmin müsahinəni təqdim edir: 

- Misli Premyer Liqasında mövsümün ilk yarısı arxada qaldı. Çempionatın bura qədər olan dövrü haqqında nə düşünürsünüz?

- Bəli, hazırda çempionatın yarısı arxada qalıb və “Qarabağ” liderdir. Əfsuslar olsun ki, mən bu çempionatda da “Qarabağ”la rəqabət apara biləcək komanda görmürəm. Düzdür, “Araz-Naxçıvan”ın xalı da “Qarabağ”dan çox az deyil. Onlar da nəsə etmək istəyirlər. Amma düşünürəm ki, “Qarabağ”a rəqib yoxdur. “Araz-Naxçıvan”ın oyunu mənim üçün gözlənilməz oldu. Amma bu da onların haqlarıdır. Oyunları göz qabağındadır. Təəssüf ki, nə “Neftçi”, nə də “Sabah” mövsümün ilk yarısında elə də iddialı görünüdülər. “Sabah” nisbətən iddialıdır. Turnir cədvəlinə baxanda “Neftçi” üçün bunu demək olmur. Vaqif Cavadovun gəlişi ilə “Sumqayıt” dirçəldi, xallar yığdı. Oyun baxımından da irəliləyiş görünür. 

“Turan Tovuz”u da qeyd etmək istərdim ki, iddiasını ortaya qoyub. Çempionluq uğrunda mübarizə aparmaqları çətin görünür, amma avrokuboklar üçün oynayırlar. 

“Zirə” ilə “Şamaxı” da pis təsir bağışlamır. “Kəpəz”lə “Səbail” isə autsayderdir. “Kəpəz”i o yerdə heç görmək istəməzdim. Əfsuslar olsun ki, 9-cu yerdədirlər.

Ümumilikdə çempionluq uğrunda rəqabət o qədər də güclü olmasa da, yarış maraqlı gedir.

- Həmişə çempionluq uğrunda mübarizə aparmış “Qarabağ”la “Neftçi” arasında indi 30 xal fərq var. Bu da sizin üçün gözlənilməz oldu, yoxsa gedişat buna aparırdı?

- “Neftçi” ilə “Qarabağ”ın oyunları komandaların turnir cədvəlində neçənci olmasından asılı olmayaraq həmişə prinsipial olub. “Neftçi” artıq neçənci mövsümdür ki, belə zəif çıxış edir. Ötən mövsüm 5-ci oldular. Rəqabət aparmaq üçün birinci heyət güclü olmalıdır. Komandanın qış fasiləsindən sonra necə çıxış edəcəyini bilmirik. Amma hazırkı mövqeləri heç də ürəkaçan deyil.

- Düşünürsünüz ki, problem “Neftçi”nin heyətinin zəif olmasındadır?

- Bunu tam bilmək üçün klubun içində olmaq lazımdır. Amma məncə, heyətə də əl gəzdirmək vaxtıdır. Hər halda qıraqdan görünən odur ki, əgər yaxşı nəticələr qazanmaq istəyirlərsə, heyəti gücləndirməlidirlər.

- Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri ilə bağlı nə deyə bilərsiniz?

- Rəqiblər güclüdür. Ukrayna klubları elə də uğurlu çıxış etmirlər. Amma milli komanda kifayət qədər güclü heyətə malikdir. İslandiya da onun kimi. Fransa və ya Xorvatiyadan isə danışmağa dəyməz. Onlardan hansı düşsə, qrupun lideri olacaq. Ümumilikdə millimiz üçün ağır olacaq. 

- Millimizin Millətlər Liqasındakı uğursuzluğundan sonra komandaya inam xeyli azalıb. Sizdə də belədir?

- Bu, bizim bir nömrəli komandamızdır. Nə qədər  zəif çıxış etsələr də, bizimkidir. İnam var. İnamı artırmaq üçün qələbə lazımdır. Düşünürəm ki, millimiz öz oyunu ilə komandaya olan münasibəti dəyişməlidir. Bunu oyun və nəticə ilə etmək olar. 

- Millinin uğursuzluğunu heyətin zəifliyi ilə bağlayanlar da var, məşqçi amilini əsas gətirənlər də. Siz bu haqda nə düşünürsünüz?

- Bizim elə də geniş seçimimiz yoxdur. Olan futbolçular bunlardır. Bu gün bu oyunçularla oynamalıyıq. Artıq D Liqasına düşmüşük. İrəli baxmaq lazımdır. Qarşıdakı oyunları düşünmək lazımdır. Fikirləşməliyik ki, nə etsək, qarşıdakı oyunlarda yaxşı nəticə qazana bilərik. İndi arxaya baxmaq lazım deyil.

-“Qarabağ”ın Avropa Liqasında bu mövsümkü çıxışları ilə bağlı da fikirlərinizi bilmək istərdik. 

- “Qarabağ” qələbə qazanmayanda çox şeylər qabartmaq olar. Məsələn, komanda bütün oyunlarda kifayət qədər qol epizodları yaratdı və istifadə edə bilmədi. Bu da məğlubiyyətə gətirən amillərdəndir. Müdafiəçilərin zədəli olması da bir səbəbdir. Məncə, qapı xəttində problem var. Andrey Lunyovdan fərqli olaraq Mateus Koxalski o qədər də etibarlı çıxış etmədi. Qarşıda iki oyun qalıb. “Qarabağ” kifayət qədər təcrübəli komandadır. Futbolçular isə meydanda nə edəcəklərini yaxşı bilirlər. Bəlkə də, artıq rəqiblər də “Qarabağ”ı yaxşı tanıyır. Bütün bunlara baxmayaraq, deməliyəm ki, “Qarabağ” Azərbaycan futbolunda uzun illərdir ki, hegemondur və indi də belədir. 

- “Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya keçəcəyi gündəmdədir. Bu keçid “Qarabağ”a necə təsir edə bilər?

- Juninyo yaxşı hücumçudur. Məncə, getsə, “Qarabağ” üçün böyük itki olacaq. Çünki bu səviyyədə hücumçu tapmaq çətin olacaq. Belə futbolçular Azərbaycana gəlmirlər. Amma bir tərəfdən də yaxşıdır. Çünki böyük 5-lik ölkəsinə “Qarabağ”dan futbolçu getməsi həm klub, həm də Azərbaycan üçün bir reklam olar. Əcnəbi olsa da, “Sevilya”da uğurlu çıxış etsə, ilk növbədə haradan gəlməsi ilə maraqlanacaqlar. Bununla da Azərbaycan futboluna maraq artmış olar. 

- Hazırda futbol sahəsində çalışmırsınız, düzdür?

- Bəli. Amma futbola baxıram. Futbolsuz dura bilmirəm. Ancaq hələ ki, aktiv futbolla məşğul deyiləm.

- Hələ ki, deyəndə, təklif var? Yaxında işləməyiniz gözlənilir?

- Vallah bilmirəm. Bu, məndən asılı deyil. Xeyr, heç bir təklif yoxdur.

- Mahmud Qurbanovun hazırda futbolda çalışmamasında problem nədir?

- Bunu danışsam, bir az çox danışacam.

- Buyurun, danışın.

- Danışsam, bəzi insanların xoşuna gəlməyəcək. Daha doğrusu, çox adamın. Onsuz da gəlmir... Ən yaxşısı odur ki, danışmayım. 

- Danışmaq sizə hər hansı problem yaradacaq?

- Yox. Bir gün ətraflı danışarıq (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC