Baxşıyev indiki durumda çempionluğu düşünmür: "Qış fasiləsində ölkə daxilində hazırlıq keçəcəyik, transferlərə gəlincə..."

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşü dəyərləndirib.

- Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandamı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq.

- Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. İli yaxşı başa vura biləcəksinizz?

- Sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.

- Heyətdə yaşlı futbolçular çoxdur, amma komanda yaxşı performans göstərir. Uğurun sirri nədədir? 

- "Qəbələ"də çalışarkən Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Amma biz də görürük ki, istədiyimizi ala bilirik. Bütün futbolçular istəklidi ki, bu, bizi sevindirir. Onları həftədə bir dəfə görürsünüz, amma məşqlərdə də böyük işlər görürlər. 

- Sizə təcrübəli oyunçularla işləmək daha rahatdı?

- Prinsipimdə yoxdur ki, futbolçu cavandır, yaşlıdır, əcnəbi və ya legionerdir. Hamı ilə işləməyə çalışırıq. Onlar da bizə qarşılıq verirlər.

- Komandanı tonusda saxlamaq, arxayınlaşmaması üçün nə edirsinizz?

- Kollektivdə elə futbolçular var ki, nəticələrə acdı. Oyundan-oyuna düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil.

- "Qarabağ"la aranızda xal fərqi azdı. Psixoloji təzyiqdə sizsiz, yoxsa onlar?

- "Qarabağ" təzyiqi çoxdan keçib. “Oturuşmuş” komandadı. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə iş prinsipimiz yoxdu. Qarşıdakı matçı düşünürük. Komandanın potensialı var. Getdikcə daha yaxşı olacağıq.

- Qarşıdakı turda "Sabah"la qarşılaşacaqsız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib? 

- "Sabah" da iddialı komandadı. Yuxarı yerlər uğrunda mübarizə aparırlar. Sadəcə, indi "Səbail"lə oyunu düşünürdük. Artıq daha sonra o matçı düşünəcəyik.

- Berbardo Dias əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiniz?

- Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidi ki, daha artığını istəyir.

- Var arzu, var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?

- Elə sualdı ki, buna cavab vermək mümkün deyil. İndiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki matçı düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyi, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək.

- Qışda transfer edəcəksiniz? Axtarışlar gedir?

- Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəlincə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir, görəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC