"Bəzi azarkeşlər, bəzi jurnalistlər olsun, çox da yaxşı şeylər danışmırlar “Neftçi” haqda, onlara səslənmək istəyirəm ki...."
“Neftçi”nin Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"ni öz meydanında 6:0 hesabıyla məğlub etdiyi matçda qol müəllifləri arasında Ağadadaş Salyanski oldu. Gənc hücumçu “Neftçi Arena”dakı oyundan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandıraraq ilk olaraq darmadağını şərh edib.
- - Düşünürəm ki, yaxşı bir matç oldu. Hətta deyərdim ki, belə bir oyuna ehtiyacımız vardı. Çünki komanda şəklində toplaşmaq, yığışmaq üçün faydalı idi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq ki, komanda “Qarabağ”a məğlubiyyətdən sonra özünə bir gəlsin. Fikrimcə, layiqli qələbə qazandıq.
- - Oyuna, yoxsa belə inamlı qələbə ehtiyac vardı? Çünki “Neftçi” ən azı bu mövsümdə ilk dəfə böyükhesablı qələbə qazandı…
- - Düşünürəm ki, hər ikisinə ehtiyac vardı. Çünki həm oyun planında yaxşılaşmaq, həm də hesab, qollar vurmaq baxımından komandanın özünə gəlməsi lazım idi.
- - Sonradan meydana çıxaraq vurduğun qolla qələbədə pay sahibi oldun…
- - Əlbəttə, tək mənim yox, digər hücumçuların da əsas işdi budu ki, çıxıb qol vursun, qol ötürməsi versin, komandaya kömək etsin. Hesab edirəm ki, öz işimi yerinə yetirdim.
- - Amma bir epizod da oldu ki, topu qazandın, amma onu boş qapıdan topu keçirə bilmədin, zərbən dirəyə tuş gəldi. Bunu necə izah edərdin?
- - Çox təəssüflənirəm o epizoda görə indinin özündə də. Özüm də baxdım ona soyunub-geyinmə otağında.
- - Nə mane oldu sənə qol vurmağa? Bəlkə həyəcanldın?
- - Yox, sadəcə, ani epizoda düşdüm. Qapınə görə bilmədim deyə belə oldu bəlkə.
- - Bəlkə rahatlaşdın ki, top artıq qapıdadı?
- - Elə bir şey yoxdu. Sadəcə, bəxtim gətirmədi deyə düşünürəm.
- - Baş məşqçiniz Samir Abasov buna görə sənə iradını bildirdi?
- - Yox-yox, heç bir şey demədi.
- - “Neftçi”nin hazırkı durumunu necə dəyərləndirirsən?
- - Düzdür, bəzi azarkeşlər, bəzi jurnalsitlər olsun, çox da yaxşı şeylər danışmırlar “Neftçi” haqda. Əsasən də “Qarabağ”a uduzandan sonra. Amma onlara səslənmək istəyirəm ki, bunun hardasa həlli yolu tapılacaq, yavaş-yavaş hər şey qaydasına düşəcək. Baş məşqçimiz də yenidi, demək olar 1 aydı bizimlədi. Qış toplanışı və yavaş-yavaş hər şeyi “otuzduracaq”.
- - Bütün futbolçularınız Abasovdan razılığını ifadə edir. Bəs, sən hansı planda ondan razısan?
- - Nəticələrə görə götürsək, Roman Qriqorçukun dövründə qləbə qazana bilməmişdiksə, Samir Abasov gələndən sonra az da olsa qələbələrimiz var. Özünüz də görürsünüz ki, komanda şəkində oyun planında bir az yaxşılaşma var, oyunumuz gedir. Fikrimcə, hər şey tədricən yoluna düşəcək.
- - Turnir cədvəində aşağıdasınız. Çempionatdan Avropaya çıxmağınız nə dərəcə realdı?
- - İkinci dövrənin hələ 3 turu qalıb. Bilirəm ki, xal fərqi böyükdü 2-3-cü yerlə. Çətin olacaq. Digər oyunlara yaxşı hazırlaşıb 3 xal qazanmaq üçün çıxacağıq.
- - Bəlkə kubokdan yol rahatdı? Ən azı finaladək qarşınızda “Qarabağ” maneəsi yoxdu…
- - Əlbəttə ki, kubokda şansımız var, yaxşı şansımız var. İndi "Kəpəz"lə düşmüşük. Onu da məğlub edib irəliləyə bilərik.
- - "Neftçi"də az oynadıdığını nəzərə alsaq, öz durumundan nə dərəcədə razısan?
- - Bu, baş məşqçinin qərardı. Ona deyə bilmərəm ki, niyə belədi, məni oynat. Əlbəttə ki, mövqeyimdə rəqabət güclüdü. 2-3 legionerimiz var hücum xəttində. İnşallah, yavaş-yavaş çalışacam özümü doğruldum. Belə bir oyunlar da şansdı ki, yararlanasan.
- - Qış fasiləsində başqa kluba oynamaq üçün icarəyə getməyi düşünürsən?
- - Yox, hələ ki buranı düşünürəm. Qarşıda oyunlarımız, qış toplanışımız var. Özümü baş məşqçiyə burda göstərmək, burda qalmaq istəyirəm.
- - Səninlə birgə “Neftçi” yetirməsi olan Murad Məmmədov artıq ön plana çıxır, daha çox oynayır, qollarını sıralayır. Bu, səndə nə qədər motivasiya yaradır?
- - Təbii ki, Murad öz uşağımızdı, uşaqlıqdan bir yerdə oynayırıq. Onun da yerinə çox sevinirəm. Bəli, “Neftçi” yetirmələriyik. Tək Muradla mən yox, aşağıdan gələn uşaqların da əsas komandanın heyətində oynamalarını istəyirəm.