“Səbail” bu mövsümdə Qəbələyə 2-ci səfərindən də qələbəylə döndü. Maraqlıdı ki, hər 2-də də Rüfət Abdullazadə həlledici qollara imza atıb. Belə ki, gənc sağ cinah yarımmüdafiəçisi “Qəbələ”ni 1:0 məğlub edəndə qələbə topuna imza atmışdı, “Kəpəz”i 4:1 yendikləei görüşdə komandasının qolunun müəllifi olub və bu, matçın qırılma nöqtəsi olub. Rüfət gəncəlilərlə qarşılaşmadan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Böyükhesablı qələbənizdə həlledici rol nə oynadı?
- Komandamızdakı hər kəs yalnız qələbə haqqında düşünürdü. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə hazır idik. Çox çalışdıq və buna nail olduq.
- Oyuna heç də yaxşı başlamadınız. Doğrudanmı, havaya uyğunlaşmağa görə oyununuz alınmırdı və fasilədə nəyi dəyişə bildiniz?
- İlk hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Bəli, havanın bunda böyük təsiri vardı. Əks-hücum zamanı rəqibdən geri qalırdıq. Lakin ikinci hissədə vəziyyəti öz lehimizə dəyişməyi bacardıq. Hansı nöqtələrdə hansı səhvlərə yol verdiyimizi anladıq. İlk qoldan sonra komandada özünəinam yaranmışdı. İkincidən sonra isə daha da artığını etməyə qadir olduğumuzu anladıq.
- Nəhayət, bu il ilk qələbənizi qazandınız. Buna nail ola bilməmək sizdə nə dərəcədə psixoloji gərginlik yaradırdı?
- Təbii ki, ard-arda uğursuz nəticələr psixologiyamıza mənfi təsir edir. Amma bu uğursuzluğa son qoymaq üçün çox çalışdıq. Daha yaxşısını etmək üçün də çalışacağıq. Ümid edirəm ki, bundan sonrakı oyunlarda da yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik.
- Rüfət Abdullazadə hər dəfə Qəbələdə meydana çıxaraq qol vurur, özü də həlledici qol vurur. Bu, sadəcə, maraqlı təsadüfdü, yoxsa bəlkə buranın havası sənə düşərlidi?
- Məncə, bu yalnız təsadüfdür. Sözün açığı, buna heç fikir verməmişdim. Daha yaxşı oyun göstərib komandamıza kömək etmək, komandamızın uğurlarında pay sahibi olmaq istəyirəm. Bütün qarşılaşmalara bu motivasiya ilə çıxıram. Çünki komandamız daha yaxşı yerlərdə olmağa layiqdir.
- Bu il ilk qələbə və kubokda artıq yoxsunuz. Premyer Liqadan Konfrans Liqasına yollanmaq perspektivinizi dəyərləndirərdin?
- Bəli, kubokda yola davam edə bilmədik. Bunun üçün məyusluq vardı. Amma artıq bunu geridə qoyub Premyer Liqaya köklənmişik. Hər oyuna qələbə üçün çıxırıq. Məqsədimiz də daha yaxşı oyun göstərib yaxşı nəticə qazanmaqdır. İnşallah, bu istəyimizə nail olarıq və komandamız mövsüm sonunda daha yaxşı pillələrdə qərarlaşar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC