1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarında heç vaxt təmsil olunmayan bölgələrimizdən olan Goranboy. Hazırda bu rayonda futbol Region Liqası səviyyəsindədi və AFFA-nın keçirdiyi bu yarışda çıxış edən “Goranboy Qala” son mövsümdə qrupdan çıxaraq pley-off iştirakçısı ola bilib. İlk baxışdan Goranboy futbol rayonu olmasa da, bu, orda istedadların olmaması anlamına gəlməməlidi. Sadəcə, gəzmək, axtarmaq, əziyyət çəkmək lazımdı.
Bu gün haqqında sizə bəhs edəcəyimiz bu yeniyetmə futbolçu - Qüdrət Qarayev də məhz Goranboydandı. Yox, onu gəzib axtarmamışam. Hər halda, bu, seleksiya məşqçilərin işidi. Onunla maraqlı təsadüf nəticəsində rastlaşmışam və “Kəpəz”in akademiyasında məşq zamanı görəndə ilk növbədə boyu diqqətimi çəkdi. Artıq əvəzedici komandanın məşqlərinə cəlb olunur və adamın ağlına gəlir ki, heç olmasa 17 yaşı var. Amma maraqlananda gördüm ki, yox, heç 15 yaşı tamam olmayıb Qüdrət balamızın. 2010-cu ilin fevralın 5-də dünyaya gələn futbolçuçun 6 ay sonra hələ 15 yaşı tamam olacaq. Maşallah, bu yaşda boyu artıq 1,83 metrdi.
Qarayev “Kəpəz”in builki, daha dəqiq desək, 3 aylıq transferidi. Bunadək doğma rayonunun UGİM-ində - 12 yaşında futbolda ilk addımlarını atıb. İlk müəllimi də Ceyhun Əhmədov olub. 3 mövsüm zona çempionatlarında iştirak edib. Özü də qapıçı kimi yox. Bəli-bəli, kiçik qəhrəmanım ilk olaraq hücumçu olub, 7 ayda 53 qol vurub. Dünyada ən çox sevdiyi futbolçu argentinalı ulduz Lionel Messi olub. Onun eşqiylə futbolçu, hücumçu olmaq, çoxlu qol vurmaq, bombardir olmaq istəyib. Sadəcə, bir oyunda baş verən olayla ampluası dəyişir. Belə ki, komanda yoldaşı qırmızı vərəqə alır, məşqçisi də bütün əvəzləmələri etdiyindən qapıya sahə oyunçusu qoymaq məcburiyyətində qalır. Seçim ucaboylu Qarayevin üzərində edilir: “Qüdrət, geyin əlcəkləri, keç qapıya”.
Beləcə hücumçu 20 dəqiqə qapıda dayanmalı olur və yekunda 0:1 uduzsalar da, “çərçivə”ni qoruduğu vaxtda onu toxunulmaz saxlayır. Qüdrət düşünür ki, növbəti matçda artıq yenidən hücumda olaraq rəqib qapısına yol axtarmağa başlayacaq. Amma onun üçün futbolda artıq yeni mövqe seçilmişdi - qapı. İlk vaxtlar özü buna etiraz eləsə, könlü hücumda olsa da, zamanla yeni ampluasına uyğunlaşır. Könlünü artıq qapıçılığa verən Qüdrətin burda da idealı olan dünya ulduzu var - məşhur ispaniyalı qapıçı David de Xea.
Mayda liqada mövsüm bitmək ərəfəsində Goranboy UGİM-i öz zonasında məğlub olduğu matçlarda belə, heyətində oyunuyla diqqətçəkən futbolçu məhz Qüdrət Qarayev olur. Bunun nəticəsidir ki, 14 yaşlı qapıçıya çoxsaylı, daha dəqiq desək, 7 klubdan təklif gəlir. Bunlar arasında “Turan Tovuz” da olur, “Sabah” da, “Qəbələ” də. Amma yekunda atası “Kəpəz”ə üstünlük verir. Bu da başadüşüləndi, hər halda, Goranboya ən yaxın məkan məhz Gəncədi. Bəli, “Kəpəz” Premyer Liqaya qayıdandan sonra heç də yaxşı günlərini yaşamasa da, tarixi, köklü klub olduğunu unutmaq olmaz. Ən əsası, burda futbol akademiyası inşa olunub, uşaq futbolunun inkişafı üçün şərait yaradılıb və növbəti ildə Gəncədə yeni stadion da inşa olunandan sonra “Kəpəz”in tarixində yeni mərhələ başlayacaq.
Hələliksə Qüdrət bu klubun baş məşqçisi olduğu U-15 komandasının üzvü olaraq yeni mövsümü hazırlığı bitirərək startı gözləyir. Bu isə uzaqda deyil və sentyabrın ilk günlərində 2024/25 mövsümü başlayacaq. Baş məşqçisi də, köməkçisi Gəncə futbol məktəbinin yetirmələri, sabiq "Kəpəz"lilərdi - İlqar Hüseynov və məşhur Rövşən Əhmədov. Hansı ki, futbolçu kimi “sarı-göylər”in heyətində Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb, çempionatın bombardiri də olub. Onu da bildirim ki, həmin komandada qapıçılarla işləyən məşqçi isə Anar Sadıqovdu.
Yazının əvvəlində vurğuladığım kimi, Qüdrət “Kəpəz”in əvəzedici komandasının məşqlərinə də cəlb olunur və burda şansı gətirib. O mənada ki, Vüqar Məmmədov kimi məşqçinin əlinin altındadı. Əslən Gəncədən olan bu təcrübəli mütəxəssis, qapıçılarla işləyən məşqçi uzun illər "Qəbələ"də çalışıb - akademiyadan başlayaraq əsas komandaya kimi yüksəlib. “Qəbələ” Premyer Liqadan I Liqaya düşəndən sonra doğma Gəncəsinə qayldan Vüqar müəllim hazırda əvəzedici komandanın (eyni zamanda U-19-nun) qapıçılarla işləyən məşqçisidi. Məmmədovu hələ “Qəbələ”də işlədiyim vaxtdan yaxşı tanıyıram. Çox işgüzar və çox tələbkar bir məşqçidi. Kiməsə göz qoyursa, deməli, onda böyük potensial görür və bunun açılması üçün onu nəyi var-işlədəcək. Hesab edirəm ki, Vüqar Məmmədovla işləmək yenineytmə qapıçının gələcək inkişafında böyük rol oynamalıdı. “Kəpəz”in də istedadlı futbolçudan faydalanmaq üçün ondan möhkəm yapışması başadüşüləndi.
Qüdrətin idmançı ailəsinin üzvü olması da ona əlavə üstünlükdü. Hər halda, hər bir idmançına xarakterin olması vacib amildi və bu işdə atası Yalçın Qarayev seçilir. Belə ki, o, Əməkdar məşqçi, karate üzrə üçqat dünya və iki dəfə Avropa çempionudu, WKC növləri üzrə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Belə idmançının oğlu olmaq həm böyük stimul, motivasiya, həm də böyük məsuliyyətdi.
Bəli, hər bir istedadlı oyunçumuzun uğurlu karyerasının olması bizlərin ən istədiyi şeydi. Qüdrətin də yaxşı qapıçı, yaxşı futbolçu, adına uyğun olaraq qüdrətli Qüdrət olmağı üçün çox şey özündən asılı olacaq. Buna inanırıq və və təbii ki, məşqçilər də belə istedadlara sahib olmalıdı. Bir istedaddan yazaraq, futbol diliylə desək, “pas”ımı verdim…
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC