Avropa çempionatının ilkin mərhələsində iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) növbəti mərhələyə vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, 4 xal toplayan və qrupu lider kimi tamamlayan millimiz martda əsas mərhələdə Xorvatiya, Bosniya və Herseqovina və Türkiyədan olan həmyaşıdlarıyla üz-üzə gələcək.
San-Marino ilə görüşdən sonra U-19-un üzvü Nazim Hüseynov komandanın çıxışını dəyərləndirib: “Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, ardıcıl 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluğa səbəb oldu. Həm də Kosovo – San Marino görüşünü izləmişdik. Düşünürdük ki, San-Marino qrupun ən zəif komandasıdı. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq".
Hüseynov bura 1-ci yeri tutmaq və mərhələ adlamaq üçün gəldiklərini deyib: "İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdü. Çox istəyirdim ki, qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu. Təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm. Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC