"Bu, futbolumuz üçün yaxşı qərar olmayacaq" - Musa Qurbanlı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının 20-ci turunun “Turan Tovuz”la matçdan (1:2) sonra müsahibə verib.

Presssport.az xəbər verir ki, matçda komandasının yeganə qoluna imza atan gənc futbolçu media nümayəndələrinin suallarını cavablandırıb.

- “Turan Tovuz”la oyunda uzun müddət hesabda öndə olsanız da, sonda ardıcıl 2 qol buraxmaqla meydanı xalsız tərk etdiniz. Məğlubiyyətə nə səbəb oldu?

- “Turan Tovuz” ağır komandadı. Xüsusilə də oyun tərzləri bizim üçün bir qədər narahatdı. Bu mövsüm onlara qalib gələ bilməmişik. Çox istəyirdik ki, bu dəfə onları məğlub edək. Təəssüf ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzduq. Yenə də standart vəziyyətdən qapımızda qol gördük. Məncə, ümumilikdə yaxşı oyun keçirdik. Sadəcə, sondakı diqqətsizlik məğlubiyyətə gətirib çıxardı.

- Son dəqiqədə buraxılan qollar komandada psixoloji gərginlik yaratmayacaq?

- Təbii ki, yaxşı hal deyil. Lakin futbolda belə hallar olur. İlk dəfə deyil ki, başımıza belə hadisə gəlir. Belə hadisələr çox olub. Həmişə də bu cür vəziyyətlərdən çıxmağı bacarmışıq. İnanıram ki, komanda şəklində bu vəziyyətdən çıxacağıq.

- Standart vəziyyətlərdən buraxılan qolları nə ilə əlaqələndirmək olar?

- Dərk edirik ki, bu baxımdan çatışmazlığımız var. Ümumiyyətlə, bizdə bu problem həmişə olub. Məşqlərdə bunun üzərində işləyirik. Oyunların analizləri zamanı məşqçilərimiz də səhvlərimizi göstərir, izah edir. Bilmirəm, şanssızlıq deyim, ya diqqətsizlik, lakin bu cür hal yanaşırsa, deməli, üzərində işləməliyik.

- Növbəti turda “Zirə” ilə matçda uğursuzluğa son qoymaq mümkün olacaq?

- Əlbəttə, çalışacağıq ki, qələbə qazanaq. “Zirə” yaxşı komandadı. Çox güclü heyətləri var. Ağır oyun olacaq. Maksimum dərəcədə hazırlaşacağıq ki, 3 xal qazanaq.

- Son günlər əsas müzakirə mövzusu Premyer Liqamızda legioner limitinin ləğv olunub-olunmayacağıdır. Millinin aparıcı futbolçu kimi bu barədə hansı fikirdəsən?

- Dediyim fikir bu qərara təsir göstərməyəcək. Lakin şəxsi fikrimi soruşursunuzsa, düşünmürəm ki, bu, Azərbaycan futbolu, millimiz üçün yaxşı qərardı. Onsuz da görürsünüz ki, ölkədə futbolçu kasadlığı var. İstənilən mövqedə futbolçumuz çatışmır. Ölkə xaricində də oyunçumuz çox azdı. Ümumiyyətlə, azərbaycanlı oyunçular üçün Avropada gedib möhkəmlənmək asan deyil. Çempionatımızın səviyyəsi elə də yüksək deyil ki, burdan gedib başqa yerdə rahat oynaya biləsən. Komanda sayı da azdı. Çempionatımızda 15-20 komanda olsa idi, deyərdik hə, limit ləğv olunsa da, klublarda yerli uşaqlar oynayacaq.

- Qeyd etdin ki, azərbaycanlı futbolçular Avropada möhkəmlənə bilmirlər. Sən özün də İsveçdə uzun müddət qalmadın. Avropada möhkəmlənməyə nə mane olur?

- İsveçdə çox gənc vaxtımda getdim. “Qarabağ”da oynamağa təzə-təzə başlamışdım. Bir uğurlu mövsüm keçirən kimi heç də zəif olmayan, Avropada seçilən çempionatlardan olan İsveç liqasına yollandım. Açıq deyim ki, Avropada möhkəmlənmək üçün təcrübə çatmır. Xaricə yollanan futbolçuya vaxt lazım olur. O vaxtı isə səni tanımırlar. Dərhal nəticə tələb olunur. Çempionatımızın səviyyəsi yüksək olsa, burada qazandığımız təcrübə bəs edər. Lakin təəssüf ki, elə deyil. Avropada oynamaq üçün yuxarı tempdə, yüksək sürətli, çoxlu gərgin oyunlar keçirməliyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC