Vidadi Rzayev "Qarabağ"dan növbəti tarixi ilkə imza atmasını gözləyir: "Onlar Portuqaliya çempionatının ruhunu hiss edib, qoxusunu alıb"
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla ilk matçını bu gecə səfərdə keçirəcək. Ağdam klubunun sabiq futbolçularından olan, təcrübəli mütəxəssis Vidadi Rzayev Presssport.az-a müsahibəsinə Portuqaliyadakı görüşdən gözləntilərini deməklə başlayıb.
- - İnşallah, yaxşı bir nəticə gözləyirəm və bu mərhələni də keçərik. Yenə Azərbaycan futbolu tarixində ilki “Qarabağ” yazar. Hamımız onu arzulayırıq, onu istəyirik.
- - Rəqibin Portuqaliya təmsilçisi nə deməyə əsas verir?
- - Ölkə çempionatının son turunda “Sportinq”ə 0:5 uduzub, elə deyil?
- - Bəli. Amma həmin “Sportinq”i yanvarda finalda 1:0 məğlub edərək Portuqaliya Liqa Kubokunu qazanıb….
- - “Braqa” yaxşı komandadı, ciddi rəqibdi. Baxmayaraq ki, "Sportinq"dən 5 top buraxıb. Portuqaliya ilə Azərbaycan futbolunu müqayisə etmək hələ tezdi. İndi bu müqayisəni apara bilmərik. Amma buna baxmayaraq, “Qarabağ” da güclü rəqibdi. Bu mərhələyə gəlib çıxmaq özü də bir uğurdu. Bunun davamını gətirmək "Qarabağ"ın futbolçularından, baş məşqçisindən, rəhbərliyindən asılıdı. İnşallah, bunu da gətirərlər, bunu gətirməyə çalışarlar. Meydana çıxan komanda əlbəttə ki, uduzmağa çıxmır. Ümumiyyətlə, bütün idman növlərində belədi ki, qalib gəlməyə çalışırsan.
- - Sizcə, səfər matçında bizim üçün hansı nəticə münasib sayıla bilər?
- - Ya minimal hesablı məğlubiyyət, ya da ən azından heç-heçə. İndi futbolda qaydaları dəyişiblər - daha səfər qolu yoxdu, Bakıdakı cavab matçında ümumi hesab bərabər olsa, mübarizə əlavə vaxta gedəcək. Portuqaliyada qalib gəlsələr, lap super olar!
- - Belə düşünürsünüz ki, istənilən halda, cütün taleyi Bakıda həll olunacaq?
- - Bəl-bəli, orda həll olunmayacaq. Əksinin olunacağına inanmıram. “Qarabağ” “Braqa”ya asan təslim olunası komanda da deyil. Buna görə cütün taleyi Bakıya qalacaq.
- - “Qarabağ”ın heyətində Portuqaliyada çıxış etmiş futbolçular az deyil. Bu, nə dərəcədə rol oynaya bilər?
- - Yenə deyirəm ki, “Qarabağ” orda elə asan təslim olmayacaq. Şəxsi fikrim belədi. Həmin futbolçular Portuqaliyada oynayıblar - aşağı, yoxsa yuxarı liqada, fərqi yoxdu. Futbol futboldu - qalır əzmkarlıq, can qoymaq, mübarizə aparmaq. Mənə elə gəlir ki, "Qarabağ"ın futbolçularının ustalıq səviyyələri “Braqa”dakılardan elə də geri qalmır. O çempionatın ruhunu hiss ediblər, qoxusunu alıblar. Aşağı liqa olsa belə. Kevin Medina oynamır da məncə.
- - Bəli, tam sağalmadığından “Braqa”yla görüşləri buraxacaq…
- - Azərbaycan futboluna hələ Medina kimi mərkəz müdafiəçisi gəlməyib. O birilərin xətrinə dəyməsin, amma Premyer Liqamızda ən yaxşı stopper onu hesab edirəm. Medinanın yeri təkcə indi yox, həmişə görünəcək. Təəsüsflər olsun ki, hazırda zədəlidi. Ən çox xoşuma gələn müdafiəçidi futbolumuzda.
- - “Qarabağ”ın “Sabah”la son 2 matçda 7 qol buraxdı, rusiyalı qapıçısı Andrey Lunyovun uzaq məsafədən zərbələri dəf edə bilməməsi diqqət çəkir. Bunlar narahatlığa əsas verir?
- - Tellur Mütəllimovun o gözəl zərbəsinə Lunyov neyləsin? Bəli, razıyam ki, bunadək "Araz-Naxçıvan"ın legioneri Mohammed Kadiri da uzaqdan Andreyin qapısına yol tapmışdı. Digər tərəfdən, Lunyov “çərçivə”də çox yaxşıdı, çıxışlarda da pis deyil. Çox yaxşı qapıçıdı, Azərbaycanda ən yaxşı qolkiperlərdən biridi - uzaqdan qol buraxmalarına baxmayın.