Möhtəşəm gecə yaşadıq ötən gün və bir sıra ilklərə şahid olduq. İlk dəfə futbol ictimaiyyəti Avropada fəxrimiz olan “Qarabağ”ın avrokubok matçını bir yerdə izlədi. Bu, “Misli” və Peşəkar Futbol Liqası sayəsində reallaşdı ki, "Qarabağ”a dəstək məqsədilə bir araya gətirilən futbol ailəmizə “Braqa” ilə qarşılaşma paytaxtda yerləşən kino zallarından birində böyük ekranda təqdim edildi. Onun qarşısında “Qarabağ”ın möhtəşəm oyununun əvəzsiz dəstəyi ilə özünü sanki tribunada hiss edən bizlər zalda möhtəşəm ab-havaya şahid oldu.
İlk dəfə Avropa Liqasının pley-off mərhələsində iştirak etdik. Bunadək həmin “Qarabağ”la Konfrans Liqasında pley-off mərhələsində bu həyəcanı yaşamışdıq.
İlk dəfə pley-offda səfər qələbəsinə şahid olduq. Özü də 4 qol vuraraq. Bunadək pley-offda yalnız Belçikanın “Genk” klubu üzərində ev qələbəmiz (1:0) olmuşdu ki, bu, yekunda ancaq təsəlli qələbəsi olmuşdu.
İlk dəfə portuqallara qalib gəldik. Aydın məsələdi ki, Portuqaliya və Azərbaycan futbolu arasında səviyyə fərqi böyük olduğundan, onlara demək olar həmişə uduzmuşuq, ən əsası, qalib gələ bilməmişik. Nəhayət, bunu bacardıq, özü də Portuqaliyada. Bu ölkənin təmsilçiləriylə yalnız “Qarabağ” görüşüb ki, onun “Sportinq”dən Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda aldığı 1:6 hesablı məğlubiyyət avrokuboklarda ən ağır yenilgisidi.
Avrokuboklarda hər 3 turnirdə - Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında qol vuran Abdullah Zubir ilk dəfə dubla imza atdı. Nəticədə 6-cı mövsümdü çıxış etdiyi "Qarabağ"ın heyətində qitəmiqyaslı turnirdə qol vuran sayını 13-də çatdıran 33 yaşlı fransalı sol cinah yarımmüdafiəçisi bombardirlər yarışında ilk pilləyə yüksəlib.
İlk dəfə avrokuboklarda hakimliyin - VAR-ın faydasını gördük. Daha doğrusu, haqq-ədalət yerini tapdı. Penaltimiz də verildi, sonrakı 2 qolumuzda ofsayd qeydə alınsa da, VAR-da yoxlanıldıqdan sonra təmiz qollar qeydə alındı.
İlk dəfədi güclü, cütün favorit sayılan rəqibi belə aciz vəziyyətdə gördük. Portuqaliya Liqa Kubokunun son qalibi Azərbaycan çempionundan aldığı “soyuq duş”dan özünə gələ bilmədi, darmadağından son anda qurtuldu. Bizim üçün bu uğurun baş memarı isə həmişə olduğu kimi, Qurban Qurbanovdu. Onun 16 illik “Qarabağ" əsəri" yenə Avropada göz oxşayır, hqqında çoxsyalı təriflər edilir. Konfrans Liqasından sonra Avropa Liqasının pley-offunda iştirakı da bizə bəxş edən 52 yaşlı Qurbanovla növbəti ilkə çox yaxınıq. Bu da Avroliqada 1/8 finala yüksəlməkdi. Bunu hələ reallaşdırmasaq da, buna çox yaxınıq və artıq bu cütdə favorit bizik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC