Şəmsəddin Abbasov möcüzəvi gecədən danışdı: "Ümid edirəm ki, "Qarabağ"la bağlı bu statistikam davamlı olacaq"

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sı ilə tarixi oyununu tanınmış idman şərhçisi, “CBC Sport”un əməkdaşı Şəmsəddin Abbasov şərh edirdi.

Ağdam klubunun 4:2 hesablı qələbəsindən sonra Abbasov müsahibə verib.

Onun bu oyunla bağlı maraqlı fikirlərini təqdim edirik:

“Hələ də o gecənin şahidi olduğumuza inanmağım gəlmir. Şərhçi fəaliyyətimə 2004-ci ildə “Lider” telekanalında başlamışam. Həmin il Portuqaliyada keçirilən Avropa Çempionatının yayım hüququnu "Lider" televiziyası əldə etmişdi. Mənim də ilk şərhçi işim məhz bu dönəmə təsadüf etdi. Qayanı yararaq tikilən möhtəşəm memarlıq nümunəsini görəndə arzu etmişdim ki, şərhçi kimi bu stadionda oyun şərh edim. Heç vaxt düşünməzdim ki, Azərbaycan futbol tarixi üçün önəmli bir maçtı - "Braqa" - "Qarabağ" oyununu şərh etmək mənə nəsib olacaq. Möcüzəvi bir gecə idi. Həmin emosiyalardan çıxa bilməmişəm. Həmin hissləri unuda bilmirəm. Sosial şəbəkələrdə bizim işimizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. 

"CBC Sport" Portuqaliya səfərinə böyük heyətlə yollanmışdı. Biz iki-üç gün əvvəldən oyuna hazırlaşırdıq. Oyun günü isə təxminən 7 saat Portuqaliyadan canlı bağlantılar oldu. Nə xoş bizə ki, belə bir tarixi matçı xalqımıza təqdim edə bildik. Sözsüz ki, ən böyük təşəkkür bu qələbənin memarlarına düşür - "Qarabağ" klubuna və baş məşqçi Qurban Qurbanova. Belə bir vacib oyuna təyinat alanda düşünürsən ki, hər şey ola bilər.
Təbii ki, avrokuboklarda çətin döyüşlərdən çıxmış, Avropa Liqasının finalında oynamış adlı-sanlı Portuqaliya nəhəginə qarşı həyacan var idi. Bu oyuna hazırlaşarkən şərhçi müxtəlif hesablı ssenarilərə hazır olmalıdır. Amma mənim daxilimdə inam var idi. Portuqaliya gələndən həmkarlarla söhbətləşərkən çox inamlı şəkildə deyirdim ki, biz qalib gələcəyik. Mənim oyundan öncə təxminim "Qarabağ"ın 3:1 hesablı qalibiyyəti idi. Bu sıradan bir inam deyildi. Mən son bir ay ərzində "Braqa"nın bütün oyunlarını izlədim. Püşkatmadan əvvəl bu oyunlar olsaydı, tam fərqli nəticə ola bilərdi. Çünki həmin "Braqa" Portuqaliyanın ən çox qol vuran komandası idi. "Real Madrid" ilə döyüşən bir kollektivdir. İndi onlarda problemlər başlayıb. Kapitanlarının oynamaması, "Sportinq"ə böyükhesablı məğlubiyyət və "Çaveş"lə bərabərlik onu deməyə əsas verir ki, "Braqa" böhran içindədir.

Mən heç də "Qarabağ"ın bu parlaq qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, mənim inamım nəyə idi. Mən sıradan bir emosiyaya qapılaraq nəticənin xeyirimizə olacağını düşünmürdüm. Bütün sadaladığım faktların fonunda buna ümid edirdim. 

Həmkarlarımızla və yerli azarkeşlərlə danışanda onlarda belə düşünürdülər ki, "Braqa" qalib gələcək. Bu arxayınçılıq görünür, futbolçulara da təsir edib. İlk dəqiqələrdən "Qarabağ"ın göstərdiyi futbol rəqib oyunçular üçün də gözlənilməz idi. Nəticədə bütün oyun komponetlərində 'Braqa"nı üstələməyimiz bu səbəblərin eyni zamanda sözsüz ki, Qurban Qurbanovun və futbolçularının oyuna düzgün köklənməsinin əsas səbəb idi.

Rəqibin düşərgəsində nə baş verib, bu bizim üçün fərq etməz. Onu da anlamalıyıq ki, "Qarabağ" mükəmməl bir şəkildə bu oyuna hazırlaşmışdı. Şərhçi karyeramda ən böyük matç keçirdim. Buna qədər "Qarabağ"la avrokuboklarda Yunanıstanda olmuşduq. “Qarabağ” Afinada "Olimpiakos"a 3:0 qalib gəlmişdi. Məni "Braqa" qalibiyyəti çox sevindirir.

Ümid edirəm ki, mənim bu statistikam davamlı olacaq. Arzu edirəm həm "Qarabağ", həm də Azərbaycan üçün bu, davamlı olsun. Sonuncu dəfə milli komanda ilə Estoniya ilə səfər oyununda 2:1 hesablı qələbəyə şahid olduq. Azərbaycanda futbol var. Azərbaycanda futbolu sevənlər və oynaya bilənlər var. Sadəcə, lazımi şərait yaratmaq lazımdır. Təklifləri və ideyaları dinləmək lazımdır. Onda hər şey yaxşı olacaq.
"Braqa" - "Qarabağ" cütünün taleyinə gəlincə, rəqibin ikinci qolu kefimizi pozsa da, inanırıq ki, təmsilçimiz Bakıda parlaq oyunla bu maneni keçəcək və Azərbaycan futbolu, ümumən bölgə üçün tarix yazacağıq. Qonşularımıza nəzər yetirsək, heç biri Avropa Liqasının 1/8 finalına yüksəlməyib. Bu ilkə "Qarabağ" imza atsa, bizi qürurlandıracaq. Artıq bu komanda və nəticə ilə fəxr edə bilərik. Bəlkə də bu oyunun və nəticənin əhəmiyyətini tam dərk etmirik. İllər sonra müxtəlif kitablarda və verlişlərdə Azərbaycan komandaları üçün bu adi hal alanda biz dərhal yada salacağıq ki, ilk fevralın 15-də Portuqaliyanın Braqa şəhərində yaşanıb. Mən çox xoşbəxtəm və işimi sevirəm. Ona görə xoşbəxtəm ki, mənim işim belə tarixi hadisələri işıqlandırmağa imkan verdi. Bir daha "Qarabağ"a bu qüruru bizə yaşatdığı üçün təşəkkür edirəm” (fanat.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC