Kənan Kərimov liderləri necə yenmələrindən danışdı, sürprizlərin davamının olacağı mesajını verdi: "Prezidentimiz oyunöncəsi mükafatı açıqladı və..."
I Liqada qış fasiləsindən sonra hələ ki əsas sürpriz nəticələrə “Karvan” imza atıb desək, yanılmarıq. Hər halda, Yevlax təmsilçisi liderlərlə ardıcıl səfər matçlarında maksimum xal toplaya bilib. Bununla da qış fasiləsinədək ortabablardan olan komanda çempionluq mübarizəsinə qayıtdı. “Karvan”ın baş məşqçisi Kənan Kərimov Presssport.az-a müsahibəsinə uğurlu startın səbəbləri haqda danışmaqla başlayıb.
- - İnanırsınız, qış fasiləsindən sonra startda qələbəyə o qədər inanırdım ki…Futbolçularıma da bu inamı çatdıraraq demişdim ki, Bakıya 3 xal üçün gedirik, 3 xalımızı da götürəcəyik. Düzdür, böyük bir çətinliklər yaşadıq. Çünki MOİK-lə oyuna
- yollananda zədəli və xəstələnən futbolçularımız vardı. Bunun nəticədisidi ki, həmin görüşə 12 futbolçuyla gəlmiş, yalnız start “11-liy”indən istifadə edərək, heç bir ehtiyat qüvvədən yararlanmamışdıq. Üç əsas futbolçumun xidmətindən məhrum idim. Nə qədər çətinliklər olsa da, futbolçulara daim deyirdim ki, özünüzə güvənin, hiss edirdim ki, 3 xal əldə edə bilərik. Çünki komandamın gücünə bələd idim. Sağ olsun futbolçularım, onlarla fəxr edirəm ki, çətin sınaqdan üzüağ çıxdılar. Bizə yeni qoşulan futbolçular da vardı ki, onlardan istifadə etdik. Lazımı qədər əzmkar mübarizə apararaq məni qane etdilər. Artıq onlar da komandamızın bir hissəsidi. Çempionatın bu qədər gərgin mübarizə şəraitində keçməsi bizi də sevindirir. Götürdüyümüz xallar turnir cədvəlində mövqeyimizdə yaxşı planda dəyişikliklərə gətirib çıxardı. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Rəhbərlik sağ olsun, hər zaman arxamızdadı. Çempionluq vəzifəsini qarşımıza qoymasa da, çalışacağıq ki, üst yerlərdə qərarlaşaq. Komandama inanıram, güvənirəm. Belə başa düşürəm ki, böyük problem baş verməzsə, turnir cədvəlində istədiyimiz mövqelərdə qərarlaşmaq bizə qismət olacaq.
- - MOİK üzərində qələbədən sonra “Qaradağ-Lökbatan”ı da onun meydanında yenəcəyinizə böyük inam yarandı? Özü də hər iki səfərdə qələbə topunu son 10 dəqiqədə vurmusunuz...
- - Qələbədən qələbəyə addım atmaqla inam artır. Futbolçulara söz verdim ki, gedib Lökbatanda qələbə qazanacağıq. Bəzi məsələlər var ki, bu, klubdaxilidi. Daha dəqiq desək, prezidentlə aramda olan söhbətdi.
- - Nə söhbətdi?
- - Söhbət mükafatdan gedi. Məbləği açıqlamayacam, onun üstünə getməyək (gülür). Prezidentimizdən bir xahişim oldu ki, mükafatı siz açıqlayın, bu komanda gedib “Qaradağ Lökbatan”ı da udacaq. Sağ olsun ki, rəhbərlik bizə dəstək göstərir. Prezidentimiz mükafatı açıqladı və komandama o qədər güvənirdim ki, gedib nəticə qazanacağıq. Futbolçulara dedim ki, gedin çıxın, qələbəyə oynayın, o gücünüz var. Bilirdim ki, bu güc bizdə var. Aydın məsələdi kİ, liderlə qarşılaşmada qol imkanları o qədər çox ola bilməzdi. Üstəlik, küləyin əsməsiylə hava şəraiti də bir az maneçilik törədirdi. Düşən qol imkanından istifadə etdik. Futbolçularım verdiyi tapşırıqları artıqlamasıyla yerinə yetirdilər Lider üzərində qələbəmiz artıq gücümüzdən xəbər verir. İndi havalarda olmaq yox, qarşıdakı oyunlara baxmaq lazımdı. Bilirsiniz ki, qarşımızda daha 13 tur var. Lökbatandakı qələbə bizi yenidən çempionluq yarışına qaytardı. Artıq yenə bu mübarizədə varıq. Bilirsiniz ki, liderlə xal fərqi 4-ə endi. Futbolçularıma təşəkkürümü bildirirərək, onlara inandırmağa çalışıram ki, hələ heç nə bitməyib. Ev, yaxud səfər matçı fərqi yoxdu heç bir komanda üçün. Çalışacağıq ki, mübarizəmizi sonadək davam etdirək. Rəhbərlik bizə bu yöndə hərtərəfli dəstək olur. Biz də istərik kİ, çempionluq bizdən tələb olunmasa da, buna nail olaq. Süprizlər daha bitməyib. I Liqa olmasına baxmayaraq, sürprizlərlə doludu. Biz də liderləri səfərdə məğlub edərək çempionatın rənginə rəng qatdıq. Yekunda kim layiqdirsə, o da çempion olar. Bu rəqiblərlə bir dəfə qarşılaşacağıq - bu dəfə evdə.
- - Yeri gəlmişkən, evdə yox, səfərdə qələbələriniz daha çox olur. Halbuki, Yevlaxda doğma azarkeşlərinizin güclü dəstəyi altında oynamaq sizə daha rahat olardı….
- - Doğru qeyd edirsiniz ki, nəticələrdə fərq var. Ev oyunlarında bizə ən böyük problem yaradan ot örtüyümüzün bərbad olmasıdı. Səfərə gedəndə süni örtükdə oynadıq. Düz meydançada futbolçularım daha effektli, daha baxımlı, daha rahat, daha yaxşı oyun göstərirlər. Evdə itirdiklərimiz xallar meydançamızın normal şəkildə olmamasına görədi. Bu da hardasa futbolçularıma maneçilik yaradır yüksək səviyyədə oyun nümayiş etdirməyə.