"Qarabağ" 200-yə çatdı, ilk qolunun müəllifi şərh etdi: "Şansımız 60-65 faizdi, amma 2 top fərqi "Braqa" kimi rəqiblə dueldə çox da böyük üstünlük sayıla bilməz"

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya Portuqaliyada 4:2 hesabıyla qalib gəldiyi matç həm də avrokuboklarda 200-cü qolunun vurulması baxımından əlamətdar oldu. Buna Premyer Liqamızın da bombardiri olan braziliyalı hücumçusu Olavio Juninyo imza atdı. Ağdam klubunun avrokuboklarda ilk qolunun müəllifi olan veteran futbolçu Bəxtiyar Musayev Presssport.az-a müsahibəsində həm bu məqamdan söz açdı, həm də şansları dəyərləndirdi.

- “Qarabağ”ın avrokuboklarda ilk qolunun müəllifi 200-cü qolun vurulmasını necə qarşıladı?

  • - “Qarabağ”ın avrokuboklarda 200-cü qolu vurması çox sevindirici haldı. Bu qolların da demək olar çoxu son illərə təsadüf edir. “Qarabağ” hər il Avropada daha da inamlı çıxış edir. Bu da çox sevindirici haldı. İlk qolunun müəllfinin olmağım hardasa xoş təsadüfdü. Hər il bu, yada salınır və doğrudan da adama xoşdu. "Qarabağ" kimi uğurlu çıxış edən komandanın avrokuboklarda ilk qolunun müəllifi xoş hisslər oyadır.
  • - Gəlin, 18 il əvvələ səyahət edək. Həmin qolu necə xatırlayırsınız?
  • - Həmin vaxt Kuboklar Kubokunda rəqibimiz olan “MüPA-47”yə evdə 0:1 uduzmuşduq. Amma Finlandiyada əsas vaxtda həmin hesabla qalib gəldik. Yadıma gəlir, cinahdan ötürmə zamanı qapıçı çıxışda topu qaytardı və mən də yaxınlıqda olaraq cərimə meydançası daxilində bir toxunuşla topu tora göndərdim. Əfsuslar olsun ki, qol vurmağıma rəğmən, 30 dəqiqəlik əlavə vaxtın sonlarında rəqib bərabərlik qolunu vurdu və nəticədə növbəti mərhələyə çıxa bilmədik. İndi çox sevincliyim, çox qürurluyam ki, “Qarabağ" Avropada artıq 200-cü qolunu vurub. Bu 18 ildə 200 qolun az, yaxud çox olmağına gəlincə, çoxu son illərdə gəldiyinə görə məncə, “Qarabağ” qitəmiqyaslı turnirlərdə artan qrafiklə bizi təmsil edir. Buna görə qol sayı 200-ə də çatdı və ilk qolun müəllifi kimi özümə də bu xoşdu. İnşallah, davamı gəlsin. 
  • - “Qarabağ”ın Portuqaliyadakı inamlı qələbəsini necə şərh edərdiniz?
  • - Öncə “Qarabağ”a təşəkkür edirəm ki, bizə bu anları yaşadır. Onun sayəsində bu aylarda da Azərbayan avrokuboklarda təmsil olunaraq bu həyəcanı yaşayır. Çıxış etməyindən əlavə, bunu çox inamlı və parlaq edir. Bu adama ikiqat sevinc bəxş edir. İlk oyunda çox gözəl oynadı və inamlı qələbə qazandı. Deyərdim ki, oyunuyla bu hesaba layiq görüldü. Həqiqətən möhtəşəm çıxış etdilər bu cür çox güclü rəqibə qarşı.
  • - 4:2 hesabı mərhələ keçmək şanslarımızı nə dərəcədə artırır?
  • - Təkrar görüşdə çoxları düşünür ki, 2 top fərqiylə qələbə qazandığımızdan artıq cütün taleyi həll olunub. Şans olaraq 60-65 faiz "Qarabağ"ı üstün görürəm. Çünki nə qədər də səfərdə qalib gəlsək də, rəqib təhlükəli komandadı. Kreaitiv, hər an oyunun taleyini həll etmək bacarığında olan futbolçulara malikdi. Hətta ilk matçda "Qarabağ" hesabda irəlidə olanda da necə hücumlar etdiyini görürdük. Bir anın içində bizim cərimə meydanına yaxınlaşıb hücumlar yarada bilirdilər. Hətta hesab böyük olsa da, fərqi azaltdılar və onda da qapımız qarşısında təhlükəli vəziyyət yaradırdılar. Bir sözlə, asan oyun olmayacaq. İnanıram ki, cütün qalibi “Qarabağ” olacaq. 
  • - Bunun reallaşması üçün əsas nəyə xüsusi diqqət yetirməliyik?
  • - Bunu inamla deyirəm ki, “Qarabağ” həm milli çempionatda, həm də xüsusilə avrokuboklarda daha çox mobil, kollektiv şəkildə inziamlı oynayır. Heç bir futbolçu oyun nizam-intizamı baxımından oyundan “qopmur”. Baş məşqçimiz Qurbam Qurbanov da rəqibi çox yaxşı analiz edib. ilk matçda bunu gördük, artıq rəqibi daha yaxşı tanıyır. Ümid edirəm ki, futbolçuları təkrar matçda da tapşırıqlarını yüzdəyüz yerinə yetirərlər. Ümidimiz böyükdü, amma hər şeyə rəğmən, asan oyun olmayacaq. İki top fərqi "Braqa" kimi rəqiblə dueldə çox da böyük üstünlük sayıla bilməz. Çünki yaxın keçmişdə “Qarabağ”ın APOEL-lə qarşılasması olmuşdu ki, onda səfərdə 2:1 qalib gəlmişdi, amma evdəki cavab görüşündə 0:2 uduzaraq mübarizəni dayandırımışdı. Portuqallar bəlkə də "Qarabağ"dan bu cür oyun gözləmirdilər. İndisə toparlanaraq “mərhələ adlayacağıq” kimi açıqlamalar verirlər. Buna görə çox intizamlı, diqqətli oynamaqla, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməklə mərhələ keçmək olar. “Qarabağ”a bu çətin qarşılaşmada uğrular arzulayıram. Ümid edirəm ki, xalqımızı, bizləri sevindirəcəklər. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC