Tsxadadze təklifə cavab vermək üçün Səfiyarlıdan 3-4 saat vaxt istəyib: "Düzünü deyim ki, gələnədək maaş məsələsini heç müzakirə etməmişdik"
Ötən həftəsonu Azərbaycan futbolunda əsas hadisələr “Qəbələ” ətrafında baş verdi desək, yanılmarıq. Belə ki, “Kəpəz”ə Qəbələdə məğlubiyyətin (1:2) ertəsi baş məşqçi Elmar Baxşıyevin istefasını qəbul edən klub rəhbərliyi bundan 1 gün sonra yeni baş məşqçinin təyinatını rəsmən açıqladı. Bu, Premyer Lİqamızda uzun illər işləmiş, “İnter”ə Azərbaycan çempionluğu qazandırmış təcrübəli gürcü mütəxəssis Kaxaber Tsxadadze oldu. Onunla məhz bu klubda birgə işləmiş, qış fasiləsində “Qəbələ”yə idman direktoru kimi qayıdan Səbuhi Səfiyarlı Pressssport.az-a müsahibəsinə Baxşıyevin gedişiylə başladı.
- “Kəpəz”lə oyundan sonra öz aramızda danışanda, Elmar müəllimdə belə bir fikir vardı. Bütün gecəni onunla müzakirə elədik vəziyyəti. Gecə saat 4-dək özüylə, məşqçilərlə oturub durumu analiz etdik. Onda da baxşıyev bildirdi ki, alınmır da, sadəcə, alınmır. Çox söhbət oldu ki, detallara varmaq istəmirəm. Həmin səhər də Fariz müəllimlə ("Qəbələ"nin prezidenti Fariz Nəcəfov-müəllif.) görüşərək bildirdi ki, istəmirəm komanda belə şəkildə davam eləsin və ona görə getməyi qərara almışam.
- - Qısa müddətdə yeni baş məşqçi tapılmalı idi, çünki həftəiçi “Qarabağ”la təxirə salınmış matçınız var. Baxşıyevin istefası açıqlanandan bir gün sonra Kaxaber Tsxadadzenin təyinatını açıqladınız. Maraqlıdı, bu, necə baş verdi?
- - Dediyim kimi, Elmar müəllim şənbə günü səhər klub prezidentinə fikrini bildirəndən sonra, altıncı günü olmağına baxmayaraq, 10-un yarısı iclasımız oldu. Baxşıyev elə bir məşqçidi ki, klubun tarixində xüsusi yeri olandı, ən uzun müddət çalışmış bir mütəxəssisdi. “Qəbələ”ylə kubok, avrokuboklara vəsiqə qazanıb. Buna görə elə bir məşqçi olmalıdı ki, Elmar müəllimdən sonra geriyə addım olmasın. Düzü deyim, öz aramızda variantlar götürəndə birinci ağlıma Kaxa gəldi. Çünki həm işinə bələdəm, həm də münasibətimiz vardı. Fariz müəllimə dedim ki, bu variant ola bilər. O da dəstəklədi, dedi gələrmi bizə…Həmin səhər mesaj yazdım və məndən 3-4 saat vaxt istədi ki, komandanın oyunlarına, vəziyyətinə baxım. Dedi ki, oyunları izləyirəm, amma detallı baxmamışam. Bundan sonra zəng vurdu ki, bəs, işləmək olar, komanda, hazırlığı pis deyil. Bundan sonra artıq qalırdı detalları danışmaq. Düzünü deyim ki, gələnədək maaş məsələsini heç müzakirə eləməmişdik. Yalnız onu dedik ki, bizə kömək lazımdı. O da dedi ki, “Qəbələ”nin adına, uzun müddətli münasibətlərimizə görə problem yoxdu.
- - Tiflisdən Bakıya uçdu və “Qəbələ”nin ofisində müqavilə imzalandı…
- - Kaxa təxminən bir ildi işsiz idi. Evində idi, danışdıq. Düzdür, bilet tapmaq bir az çətin oldu. Yekunda tapdıq və dünən axşam da Bakıya gəldi. Komanda da bu gün onun rəhbərliyi altında Qəbələdə ilk məşqə çıxacaq.
- - Amma bir reallıq var ki, “Qəbələ" son yerdədi, özündən irəli gedən ”Kəpəz"ə məğlubiyyətlə xal fərqi böyüyərək 8-ə çatıb və müqavilə də bu mövsümün sonunadək yox, ilyarımlıq imzalanıb….
- - Bu, inamımızdı, inanırıq ki, Premyer Liqada qalacağıq. 8 xal çox görünür, amma belə məşqçi dəvət etmişiksə, aradan qalxa biləcək. Onsuz da qalmaq üçün komanda şücaət, qəhrəmanlıq göstərməlidi. Hansısa gözlənilməz oyunda xal almalıdı, qələbə qazanmalıdı. Adi qaydada olsa, əlbəttə ki, Premyer Liqada almaq olmayacaq. Dediyim şeylər olsa, 8 xalı aradan qaldırmaq olar. İnanırıq ki, birgə uzunmüddətli davam edəcəyik.
- - Necə deyərlər, şər deməsən, xeyir gəlməz. Yeni baş məşqçiniz ilyarımlıq müqaviləyə qol çəkməklə, belə çıxır ki, I Liqada da da “Qəbələ”ylə işləməyə hazır olduğunu göstərib….
- - Belə deyim ki, heç o tərəfini fikirləşmirik. Futbolçu da, hamı da görməlidi ki, inamımız hansı səviyyədədi ki, belə bir müqavilə imzalamışıq.
- - Məşqçilər korpusunu dəqiqləşdirək. Uzun illər birgə Azərbaycanda da işlədiyi, sağ əli Georgi Çixradzeylə birgə gəlib. Yenə kimisə gətirə bilər?
- - Qapıçılarla işləyən məşqçimiz Vüqar Məmmədov hələ ki işinə davam edəcək. Ola bilər ki, Kaxa yenə hansısa məşqçini gətirsin. Sadəcə hər şey o qədər tez baş verdi ki, digər şeyləri hələ müzakirə etməyə imkan olmayıb.
- - Kaxanın bir daimi köməkçisi - serbiyalı fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiç də var. Amma hazırda “Araz-Naxçıvan”da işləyir, müqaviləylə bu kluba bağlıdı. Onun da “Qəbələ”yə gəlişini gözlənilir? Daha doğrusu, qayıdışı, çünki vaxtilə burda işləyib…
- - Bəli, onun müqaviləsi var. Buna görə dedim ki, bəzi detallar var onları müzakirə eləmək hələ tezdi.
- - Qış “transfer pəncərəsi” bağlansa da, sərbəst futbolçu sifariş edə bilərsiniz. Yeni baş məşqçinizlə o məsələ müzakirə olunub ki, komandanı gücləndirmək üçün bəlkə bir yeni futbolçu gətirilsin?
- - Yox, o barədə ümumiyyətlə, heç müzakirə olmayıb ki, kimisə transfer edə bilərik. Çünki əldə olanlarla nəsə eləməyə çalışacağıq.