Rəşad Sadıqov: "Bu gün baş verən o qədər hadisədən sonra bərabərlik də bizim üçün “qızıl”a bərabər idi"

"Zirə" Premyer Liqanın XXV turunda öz meydanında "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda fikirlərini söyləməklə başlayıb 

- Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz o qədər hadisələr baş verdi. Əslində, oyuna çox yaxşı başlamışdıq. Məqsəd İsayev zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utsiq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik. Daha sonra qırmızı vərəqə və azlıqda qaldıq. Bu qədər hadisələrdən sonra ikinci hissədə yaxşı mübarizə aparıb çox vacib 1 xal qazandıq. Oyundan öncə hər birimiz təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən sonra bərabərlik də bizim üçün “qızıl”a bərabər idi.

- Oyunda qırılma nöqtəsi zədələr oldu, yoxsa qırmızı vərəqə?

- Hamısı bir-birindən önəmli idi. Hücum oyunçularını əvəzləməyə futbolçu yoxdu. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma yəqin ki, “qırmızı”dan sonra rəqib daha ürəkli oynadı. Bir az demotivasiya olduq. İlk yarıda son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçular daha inamlı idilər. Yaxşı fürsət yarandı - penalti. Bundan istifadə edib hesabı bərabərləşdirdik. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdi.

- Sezar Meza Kollini transfer etdiniz. Bu keçid nə dərəcədə uğurlu olacaq?

- İstərdim ki, yanvar ayından komandada olsun. Çoxsaylı zədələri nəzərə alaraq rəhbərliklə danışdıq. Daha çox forvard götürmək istəyirdik. Onun əvəzinə Meza Kollini gətirdik. Sonuncu rəsmi oyununa 10 ay bundan əvvəl çıxıb. Təbii ki, formaya düşməsi üçün vaxta ehtiyacı var. Amma bizim də vaxtımız yoxdu. Yavaş-yavaş komandaya faydalı ola biləcək. Məqsəd və Utsiq də zədələndi. Onların zədəsinin nə qədər çəkəcəyini bilmirik. Bu yöndə çox ciddi sıxıntılarımız var. Çalışacağıq ki, öhdəsindən gələk.

- Üç mərkəz müdafiəçisi ilə oynamağınız sırf rəqibə görə idi?

- Həm rəqib faktoru idi. Məqsədin zədəsi bütün planlarınızı alt-üst etdi. Bu gün 1-2 oyunçu itirdikdə bu, bütün oyun planına, sistemə təsir edir. Bəzi oyunçuları dəyişməyə futbolçu yoxdu. Digər səbəb də kapitanımız Qismət Alıyevin cəzalı olması idi. 35-40-cı dəqiqədə Pyer Zeblini meydana buraxıb 4-lü müdafiə sisteminə dönmək istəyirdik. O dəqiqələrdə də İssa Cibrilla qırmızı vərəqə aldı. Oyun düşündüyümüz kimi getmədi.

- Rüstəm Əhmədzadə bu ay sıraya qayıda biləcək? Filipe Paxtmanın əməliyyatı nə vaxta planlaşdırılır?

- Rüstəm ən azı 2-3 həftə sonra komanda ilə məşqlərə başlayacaq. Paxtman isə mövsümü bitirib. Əməliyyatı planlaşdırılır ki, hansı xarici ölkəd nə vaxt edək.

- AFFA prezidentliyinə seçkilər keçiriləcək. Bununla bağlı fikirləriniz necədi?

- Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun. İnşallah futbolumuz irəli gedər.

- "Qarabağ" sabah "Neftçi"ni udsa, 2-ci yerlə arasında 24 xal fərq olacaq. Sizcə, fərqin bu qədər çox olmasının səbəbi nədi?

- "Qarabağ"ın gücü ilə bağlıdı. Görürsüz ki, oyunlarda qələbə qazanmaq necə çətindi. Hər matçda meydanda amansız mübarizə gedir. Sıradan oyun yoxdu. "Qarabağ" bu mənada hamıdan fərqlənir.

- AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev xal fərqi ilə bağlı deyib ki, heç vaxt çempionatda belə biabırçı hal görməmişdim. Bəs, siz bu haqda nə düşünürsünüz?

- Xeyr, biabırçılı hal deməzdim. Çempionata yaxşı başlamışdıq. 14-cü tura qədər "Qarabağ"dan 1 xal irəlidə idik. Onlarla rəqabət aparmaq üçün hər komanda daha keyfiyyətli futbol oynamalıdı. Bu da bizim çempionatımızda asan deyil.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC