"Yaxşı oyun oldu. İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri "Qarabağ"a qarşı edəndə, onlar səni cəzalandıracaq. Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 25-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını da cavablandırıb.
- İki aydır komandadasınız. "Neftçi"ni derbiyə hazırlamaq bu qədər çətin idi?
- Əlimizdən gələni etdik. Heç kəs gözləmirdi ki, iki qolu bu şəkildə buraxacağıq. Qeyd etdiyim iki səhvdən savayı, oyunumuzun keyfiyyəti kifayət qədər yaxşı idi. "Qarabağ"ı son 15 dəqiqə kifayət qədər təzyiqdə saxlaya bildik. Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm.
- Brayan Morenonun performansı haqda nə düşünürsüz? Hücum xətti nə vaxt özünü göstərəcək?
- Hücumçularla bağlı belə şeylər olur. İnanırıq ki, vəziyyət dəyişəcək. Gözləyirik.
- Demişdiz ki, komandanı toparlamaq üçün zaman lazımdır. Artıq 11 tur qalıb. Hətta ilk "üçlük"dən düşmək ehtimalınız da var...
- İkinci yeri tuta bilərik.
- Yəqin ki, futbolçulara bundan sonra topu necə qəbul etmək lazım olduğunu öyrədəsi deyilsiz. Hazırkı vəziyyətdə hansı addımlar atılmalıdır ki, növbəti mövsüm çempionluq üçün oynayasız?
- Qlobal dəyişiklik etmək üçün imkanımız yoxdur. Yuri Matias və Qara Qarayev ən yaxşı və ən təcrübəli oyunçularımızdandır. Günahı onların üzərinə atmaq istəmirəm. Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. "Qarabağ" və "Neftçi"nin bu mövsümkü oyunlarına baxmısız. Həmin oyunda "Neftçi" "Qarabağ"ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə aparırdı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda baş verir. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi. Səhvlər var idi. Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir.
- Siz günü xilas etmək istəyirsiz, yoxsa qarşıdakı mövsümün fundamentini qurmaq istəyirsiz?
- Burada elə yanaşma ilə işləyirəm ki, sanki uzun müddət çalışacam.
- Marko Yankoviçin ilk dəqiqələrdəki mümkün qırmızı vərəqə epizodunu necə dəyərləndirirsiz? Sizcə, oyunun nəticəsinə təsir etdi?
- Təsir etdi. Çünki Emin Mahmudov zədələndi. Onu da əvəzlədik. Fasilədə şikayətlənirdi, amma oynamaq üçün cəhd edirdi. Lakin gördük ki, dəyişmək lazımdır. "Qəbələ" - "Qarabağ" oyununa baxmısızsa, orada da eyni epizod baş verdi. Lakin "Qəbələ"nin oyunçusu qırmızı vərəqə aldı.
- "Neftçi"yə gələn əcnəbi mütəxəssislərin əksəriyyəti uğursuz olur. Nəticə olmasa, istefa verib gedəcəksiz?
- Sabah nə baş verəcək, onu bilmirəm. Sabah səhər oyanmaq lazımdır.
- Oyunun sonunda "Neftçi"nin azarkeşləri Qurban Qurbanovu alqışlayırdı. Bu məqam sizə necə təsir etdi?
- Xeyr, mənə təsiri yoxdur. Onlar istədiyini edə bilərlər. Mən peşəkaram və işimi də peşəkarcasına görürəm. Qarşıda tapşırıq var, onu yerinə yetirmək niyyətindəyəm. Çalışacağıq. İnanıram ki, bunu bacaracağıq. Amma əmin olun ki, mən kreslodan yapışan deyiləm. Məni bura dəvət edən rəhbərlikdir. Qərarı verən də onlardır. Nəsə demək tezdir. "Kəpəz" və "Səbail"lə oyunlarımız var. O oyunlarda qələbə olsa, milli fasiləsinə yaxşı gedə bilərik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC