"Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda düşüncələrini bölüşməklə başlayıb.

  • - Oyun pis getmirdi. Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi "Kəpəz"ə qarşı çox vacib oyun gözləyir.

- Düşünmək olar ki, "Zirə" bundan sonra əsas diqqəti kuboka yönəldəcək?

- Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir.

- Komandalar arasında xal fərqi çox azdır. Bu, komandalara təsir edir?

- Təbii ki. Həm psixoloji olaraq basqı altında saxlayır, həm də əlavə istəklə oynamağa vadar edir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur.

- Sezar Meza Kolli qol vurdu. Onun komandaya faydası nə qədər olacaq?

- Əslində, bu gün onun oynamağını planlaşdırmırdıq. Sadəcə, oyun elə getdi ki, düşündük 15-20 dəqiqə ondan istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Meza Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər 

- "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı gözlənilir. Sizin bu barədə fikirləriniz necədir?

- Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyim qədərilə Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək.

- "Qarabağ" ölkə kubokunu qazansa, Premyer Liqada 2-ci yeri tutan komanda Avropa Liqasına vəsiqə qazanacaq. Sizin hədəfiniz 2-ci yerdir, yoxsa 3-4-cü yerlər də qane edəcək?

- Gedişata baxacağıq. Bugünkü durumumuzda ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki, orada məğlub olacağını təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq.

- "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib ki, hakimlər haqda danışan komandara simpatiya var. Siz bu fikirlə razısınız?

- Düşünmürəm ki, Azər Bağırov bizi nəzərdə tutub. Əgər ad çəkilibsə, mənim fikir bildirməyim doğru olar. Bizim oyunlarda baş verən hakim səhvlərini hamı bilir. Bu da özünü turnir cədvəlində büruzə verir. Siz simpatiya hiss edirsiz? Mən bilmirəm. Keçən oyunda 40-cı dəqiqədən azlıqda qaldıq. Bu gün də qapımıza penalti var. Hələ simpatiya hiss etməmişik. Heç bunu istəmirik də. Bizə azarkeşlərin simpatiyası lazımdır. Hakimlərin kiməsə simpatiyası olmağa ixtiyarı yoxdur. İstəmirəm ki, əvvəlki səhvlərə görə bu gün mənim xeyrimə səhvlər olsun. Ədalətli hakimlik olsun.

- "Qarabağ"ın "Bayer"lə cavab oyunu haqda nə düşünürsünüz?

- Şans hər zaman var. Təbii ki,  rəqib güclüdür. Hamımız istəyirik ki, "Qarabağ" mərhələni keçsin. Mən inanıram ki, "Qarabağ" mərhələni keçəcək. Qurban Qurbanova, komandaya baxdıqda o inam gəlir. Türkiyə, Rusiya klubu olsa, deyərdim ki, şansları yoxdur. İnanıram ki, "Qarabağ" həmin gün ən uğurlu oyununu keçirib hamımızı sevindirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC