"Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm" - Musa Qurbanlı

Milli komandamızın və İsveçin “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlı müsahibə

verib. Presssport.az xəbər verir ki,  gənc futbolçu ilk olaraq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk matçda millimiz Monqolustanı 1:0 hesabıyla məğlub etdikləri matç haqda danışıb.

- Rəqibə cddi yanaşırdıq. Bilirdik ki, FİFA reytinqində bizdən aşağı olsalar da, oyun asan keçməcəyək. Belə də oldu. Bu cür matçlar ağır keçir. Çünki rəqib tam heyətlə müdafiə olunur. Nə qədər ağır olsa da, qələbə qazandıq. Rəqib 11 nəfərlə müdafiə olunurdu. Bu cür müdafiəni isə yarmaq asan deyil.

- Demək olar ki, millimiz Monqolustanla matçda qələbə qazanmaq üçün həddindən artıq güc itirdi?

- Bəli, həqiqətən də çox güc itirdik. Bu cür matçlarda erkən qol vurmadınsa, rəqibin özünəinamı artır. Müdafiəyə daha çox qapanır. Ona görə də mütləq erkən qol vurmaq lazımdır.

- “Yurqorden”də işləriniz necə gedir? Son oyunlar əsas heyətə düşməkdə çətinlik çəkirsiniz...

- İşlərim pis deyil. Düzdür, qeyd etdiyiniz kimi, son oyunlarda az oynayıram. Amma 21 yaşım var. İnanıram ki, tezliklə hər şey daha yaxşı olacaq. “Yurqorden” İsveçin ən böyük klublardan biridir. İlk vaxtlar daha çox oynayırdım. İstənilən halda bunlar hamısı mənim üçün təcrübədir. Nə qədər çətinlik olsa da, çalışıram ki, həvəsdən düşməyim.

- “Yurqorden”in İsveç kubokunu qazanmaq şansını necə görürsünüz?

- Artıq finaldayıq. Həlledici qarşılaşmada “Malmö” ilə oynayacağılq. Rəqib çox güclüdür. “Malmö” həm son çempiondur, həm də heyətini ötən mövsümlə müqayisədə daha da gücləndirib. Lakin biz də güclənmişik. Şansları bərabər sayıram. Ümid edirəm ki, finalda İsveçdə ilk titulumu qazanacağam.

- Azərbaycan və İsveç arasında fərqlər çoxdur. İstər mentalitet baxımından olsun, istərsə də iqlim. Məhz bu amillərə görə sizin klub seçimində yanlışlığa yol verdiyinizi düşünənlər var. Bu cür fikirlərə münasibətiniz necədir?

- Təbii ki, hamı öz fikrini deyir. Bəzən mənim də ağlıma bu cür fikirlər gəlir. Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm. Bəlkə də seçimim doğrudur. Hər halda bunu gələcəkdə biləcəyik. Amma istənilən halda peşman deyiləm. Həmişə çalışmışam ki, qərarlarımdan peşmançılıq hiss keçirməyim.

- İki ölkə arasındakı fərqlər əlavə çətinliklər yaradır?

- Bəli, yaradır. Amma çətinliksiz uğur əldə etmək olmaz.

- “Qarabağ”ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?

- “Qarabağ”ın oyunlarını izləyirəm. Komandanın uğurları məni də sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi sabiq klubumda fəxr edirəm. “Qarabağ”ın qazandığı uğurlara əcnəbilərin reaksiyasını görmək çox xoşdur. Onlar yaxşı mənada təəccüblənirlər, “Qarabağ”a hörmət edirlər. Həm “Qarabağ”, həm sabiq komanda yoldaşlarım, həm də atamın adına çox sevinirəm.

- “Qarabağ”ın Avroliqadakı çıxışını izləyərkən düşünmədiniz ki, kaş daha 1 il də komandada qalardım...

- Heyətdə hazırda kifayət qədər yaxşı oyunçular var. Burda oynadığım üçün “Qarabağ” daim ürəyimdədir. Avroliqadakı matçlarda hər bir futbolçu istəyər ki, çıxış etsin. Amma qərarımı vermişəm. Hərənin öz yolu var, həm həyatda, həm də futbolda.

- Bu yaxınlarda Qurban Qurbanov belə bir fikir səsləndirdi ki, “Qarabağ”dan gedən futbolçular əksər hallarda yeni klubda parlaq çıxışla yadda qalmırlar. Ağdam klubunun sabiq futbolçusu kimi bu fikirlə razısınız?

- “Qarabağ” elə bir klubdur ki, orada sən işinə məsuliyyətlə yanaşırsansa, çox çalışırsansa, uğurlu olacaqsan. “Qarabağ” həqiqətən də fərqli komandadır. Bunu sözlə ifadə etmək çətindir.

- Azarkeşlər Qurban Qurbanovu yenidən milli komandada görmək istəyirlər. Musa Qurbanlı da onlara qatılır?

- Atam üçün ən yaxşısı, xeyirlisi nədirsə, onun da olmasını istərdim. O, ilk növbədə mənim atamdır. Harda işləməyi önəmli deyil. Əsas odur ki, işi uğurlu alınsın. Allah onun üçün hansını xeyirli bilirsə, o da olsun (futbolxeber.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC