Yaxşı ki, Allah dəvəyə qanad verməyib. Yoxsa məşhur atalar sözündə demişkən, dağıtmadığı dam qalmazdı. Bizim gənc futbolçuların uğurlu çıxışdan, tanınandan, diqqət mərkəzinə düşəndən sonra “ulduz xəstələyi”nə tutulması haqda çox yazmışıq, bunu futbolumuzda əsas problemlərdən biri saymışıq. 20 yaşı 1 ay sonra - aprelin 23-də tamam olacaq bizim Nəriman Axundzadə də təəssüf ki, artıq bu xəstəliyə tutulub, göylərdə uçur, gözü ayağının altını görmür.
Bəli, o, “Qarabağ”ın heyətində “Braqa”yla Bakıdakı Avroliqa matçında qəhrəman oldu, onu alqışladıq, uğurlu çıxışını geniş işıqlandırdıq, Portuqaliyadakı matçda da qaçırdığı təkbətək epizoda görə ona dəstək olduq. Hər halda, gənc oyunçudu, futbolda belə şeylər olur, üzülməyə dəyməz. Amma meydanda və ondan kənar münasibətdə saymazyanalığı görəndə, bunu heç cür dəstəkləyə bilmirik.
Məlumdu ki, Nəriman indi əsas yığmaya yox, U-21-ə çağırılıb. Hər halda, 21 yaşlılarımız millidən fərqli rəsmi matçlara çıxır, rəqibləri də daha güclüdü - qrup liderləri Ukrayna ilə İngiltərə. Əsas millinin üzvləri sayılan Cəlal Hüseynov, Emil Səfərov və Nəriman Axundzadə də ona görə U-21-ə çağırılıb ki, aparıcı, təcrübəli futbolçular kimi komandaya kömək etsinlər. Amma ingilislərlə dünənki matçda Cəlalla Emildən fərqli Nərimanda ən əsası, canyandırmanı görmədik. Sanki Axundzadəni məcburiyyətdən meydana buraxmışdılar. Təsadüfi deyil ki, baş məşqçi Samir Əliyevə də “Azərsun Arena”dakı qarşılaşmadan sonra Nərimanla bağlı sual ünvanladıqda, onunla bağlı daha çox ümidlərinin olduğunu gizlətmədi, digər vinger Camal Cəfərovun daha həvəslə oynamasıyla razılaşdı. Mənə görə baş məşqçi Camalı daha erkən əvəzlədi, Nərimanı meydanda daha çox saxladı. Axundzadədən meydanda olduğu 83 dəqiqədə nə yaxşı, kəsərli bir ötürmə gördük, nə də yaxşı sürətli bir reyd. Top da onda olanda özündə çox saxlamaqla hücumu ləngidirdi.
Hə, bəlkə Nərimana əsas yığmaya çağırılmamaq yer edib, U-21-də oynamaqda həvəsli deyildi və buna görə də belə münasibət göstərib. Əvvəla, peşəkar futbolçu üçün hər oyun önəmli olmalıdı. Üstəlik, bu, yığma matçıdırsa, onun hansı komanda olması fərq etməməlidi. Bundan əlavə, rəqibin İngiltərə olması sən Nərimana böyük stimul olmalı idi. Axı, bu görüşə maraq daha böyük idi, onu xeyli skaut izləyirdi və özünü göstərməklə hardasa diqqət çəkmək olardı.
Bu, meydanda olan, indi də gələk meydandan kənardakına. Adama əsas toxunan da futbolçunun ordakı saymazlanağıdı. “Mix-zona”dan keçən Nərimana adıyla müraciət etdikdə, adama tərəf belə baxmayaraq əliylə işarə etdi ki, əl çəkin məndən, gedin, işinizlə məşğul olun. Əslində, elə işimizlə məşğuluq və bədbəxtçiliyimiz də ondadı ki, sənə yaxınlaşıb qarşılığında belə münasibət görürük. Bəli, futbolçu oyundan sonra hansısa səbəbdən müsahibə verməyə bilər, normaldı. Amma bunu normal şəkildə bildirirsən, işarə edirsən, yeri gələndə üzrxahlığını çatdırırsan. Həmin Nəriman onun kimi gənc olan, “Qarabağ”da komanda yoldaşı olmuş, ondan da daha çox tanınan, ondan fərqli artıq legioner həyatı yaşayan, ölkəmizi, futbolumuzu İsveçdə təmsil edən Musa Qurbanlıdan nümunə götürsə, daha yaxşı olardı. Hər halda, Musa demək olar hər oyundan sonra biz jurnalistlərə yaxınlaşır, suallarımızı cavablandırır, sonda da hər birimizlə görüşərək stadionu tərk edir. Necə ki dünən bunu Azərbaycan - Monqolustan matçının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda etdi. Nəriman isə atası yaşda insana (aramızda 25 yaş fərq var) qarşı tam əksinə davranaraq arenanı tərk edir. Nə deyək...Necə deyərlər, sayanın quluyam, saymayanın ağası!
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC