AFFA-nın baş katibi Sərxan Hacıyev FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisinin bu gün Bolqarıstana qarşı keçirilən oyundan sonra brifinq keçirib.
Presssport.az xəbər verir ki, qurum rəsmisi jurnalistlərin suallarını cavablandırıb.
- Ümumi olaraq “FİFA series - Edition 2024” turnirini necə dəyərləndirirsiniz?
- İlk dəfə idi ki, belə bir turnir keçirilirdi. Bildiyiniz kimi, bu, FİFA-nın yeni bir layihəsidir. Ali futbol qurumunun təşəbbüsü ilə müxtəlif qitələri əhatə edir. Avropada ilk dəfə Azərbaycan ev sahibi kimi seçildi. Qonaq komandalar arasında 3 fərqli qitəni təmsil edən komandalar dəvət olunmuşdur. Bu turnir futbolun inkişafına gətirib çıxara bilər. Çünki digər qitə komandaları ilə yoxlama görüşlərində tez-tez qarşılaşmaq mümkün olmur. Gələcəkdə də müxtəlif rəqiblərə qarşı oynamaq inkişafa gətirib çıxara bilər.
- Millimizin turnirdəki çıxışını qənaətbəxş hesab etmək olar?
- İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansı vardı. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə, qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Bugünkü matçda da komanda inamlı görünürdü. Həm birinci, həm ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararla bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq.
- Turnirin maliyyə xərclərini AFFA qarşıladı, yoxsa FİFA?
- Böyük ölçüdə xərclər FİFA tərəfindən qarşılandı. Çünki bu, onların layihəsidi. Hardasa 80 faiz xərclər FİFA tərəfindən qarşılandı.
- Monqolustanla oyun bizim milli komandaya nə qazandırdı?
- İstənilən rəqibə qarşı oyun öz faydasını verə bilər - istər güclü rəqib, istər nisbətən zəif. Bu, daha çox texniki sahəyə aid olan sualdı. Şəxsi fikrimdir ki, gücündən asılı olmayaraq hər rəqibə qarşı oynamaq millimiz üçün vacibdir.
- Monqolustan və Bolqarıstanla oyunların nəticəsi Arif Əsədovun millidəki gələcək taleyinə təsir edə bilər?
- Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi Qrupu məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir. İşçi qrupunun üzvəri fikir mübadiləsi aparırlar.
- Hazırda danışıq apardığınız mütəxəssis var, yoxsa bütün suallara aprelin 2-də keçiriləcək AFFA-nın Hesabat-seçki konfransından sonra aydınlıq gələcək?
- Bu dəqiqə konkret ad olaraq, məşqçi olaraq heç kimlə danışıqlar aparılmır. İşçi Qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq.
- “FİFA series - Edition 2024” çərçivəsindəki 2 oyuna görə komandaya mükafat veriləcək?
- Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq.
- Bəzən belə fikirlər səslənir ki, legioner həyatı yaşayan futbolçular millidə lazımınca can yandırmırlar. Bu fikrə münasibətiniz necədi?
- Yox, belə olduğunu düşünmürəm. Məncə, legioner həyatı yaşayan, yaxud yerli futbolçu olmasından asılı olmayaraq, hər oyunçu yığmada can yandırır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC