Ukraynanın U-21 yığmasının futbolçusu Artyom Smolyakov müsahibə verib. Presssport.az xəbər verir ki, AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə 90 dəqiqə meydanda olan müdafiəçi millimizin yeni üzvü Emil Mustafayevlə “Polessye”də komanda yoldaşıdır. Smolyakov Mustafayevin Ukraynanı deyil, Azərbaycan millisini seçməsinə də münasibət bildirib.
- Azərbaycan yığmasını Bakıda 3:0 məğlub etməyi bacardınız. Görüş sizin üçün necə alındı?
- Onsuz da indi bütün görüşlər çətin keçir. Asan oyun anlayışı artıq qalmayıb. Hər rəqibə hörmətlə yanaşırıq, matçlara da ciddi çıxırıq. Azərbaycanla oyuna da çox yaxşı hazırlaşmışdıq meydana məsuliyyətlə çıxmışdıq. İntensiv məşqlərimiz olmuşdu. Şadam ki, qalib gələ bildik.
- İspaniyadakı görüş sanki sizin üçün daha çətin, Bakıdakı matçın isə daha asan keçdiyi göründü. Razısan?
- Bəli, İspaniyadakı matçımız daha ağır idi. Çünki Azərbaycan kompakt oynamağı bacaran, təşkilatlanmış komandadır. Biz isə səhvlərimiz üzərində çalışdıq. Məşqçilər korpusu istifadə edə biləcəyimiz rəqibin boşluqlarını göstərdi. Biz də bundan yararlandıq.
- Səncə, Azərbaycan yığması növbəti matçlarda qalib gələ bilər? Potensialları var?
- Əlbəttə. Azərbaycan yığmasının yaxşı potensialı var. İntizamlı, yaxşı təşkilatlanmış komandadır. Doğrudur, heç vaxt dayanmaq olmaz, işləmək lazımdır. Məncə, Azərbaycan yığması üçün hər şey irəlidədir.
- Bakıdakı qələbənizə əsasən demək olar ki, qrupdakı ən asan oyununuzu Azərbaycana qarşı keçirdiz?
- Xeyr, belə düşünmürəm. Hər bir oyun bu cürdür. Nəticəyə baxmaq lazımdır. Meydanda əsl mübarizə getdi.
- “Polessye”də Azərbaycan millisinin yeni üzvü olan Emil Mustafayevlə komanda yoldaşısan. Maraqlıdır, Bakıda onunla görüşmək imkanı tapdın? Hər halda, siz Azərbaycan U-21 yığması ilə oyun üçün, Emil isə Monqolustan və Bolqarıstanla görüş üçün Bakıda idi...
- Təəssüf ki, Bakıda onunla görüşə bilmədik. Emillə çox tez-tez danışırıq, yazışırıq, hal-əhval tuturuq. O, mənim ən yaxşı dostlarımdan biridir. Millinin heyətindəydi deyə, görüşə bilmədik.
- Emil Ukraynanın U-21 və ya U-23 yığmasında oynaya bilərdi, lakin Azərbaycan millisini seçdi. Bu haqda onunla söhbətiniz olub?
- Düzü, bu haqda Emillə danışmamışıq. Çünki bu, onun özünün və ailəsinin seçimidir. Mənim belə məsələyə qarışmağım doğru olmazdı. Ona hörmətlə yanaşırıq və seçimini də qəbul edirik.
- Onu Ukrayna yığmasnda görmək istəyərdin?
- Əlbəttə ki. Onun kimi oyunçular bizim milliyə yalnız kömək edə bilərdi.
- Səncə, Emil Azərbaycan milli komandasının yeni ulduzu ola bilər?
- Təbii ki. Emilin potensialı böyükdür. Doğrudur, hər birimiz artırmalıyıq, işləməliyik. Emil meydanın mərkəzində çox yaxşıdır, meydanı əla görür, çox yaxşı ötürmələri, zərbələri, oyunu oxumaq qabiliyyəti var. Məncə, onun gələcəyi də qabaqdadır. Onun Azərbaycan millisində işləri çox yaxşı alınacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC