Rəhman Hacıyev "Neftçi"də qalacaq: "Bakının çirkli havasına öyrəşmişik, Qəbələdə təmiz havada nəfəs ala bilmirik"

"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. "Ağ-qaralar"ın yarımmüdafiəçisi Rəhman Hacıyev matçdan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandıraraq, ilk olaraq görüş haqda düşüncələrini bölüşüb.

- Ağır oyun keçdi. Bizim üçün artıq məğlub olacağımız oyun yoxdu. Bütün matçlara qələbə üçün çıxırıq. "Qəbələ"nin stadionunun ot örtüyünü həmişə tərifləmişik. Amma bu gün otun hündürlüyü çox, su isə yox idi. Top hərəkət etmirdi. Çox çətinlik çəkdik. Topla oynayan komandayıq. Ötürmələr istədiyimiz kimi alınmırdı, topun sürətini hiss etmirdik. Rəqibin yaxşı qol fürsətləri oldu, amma istifadə edə bilmədilər. Bizim də imkanlarımız oldu və istifadə etdik. Qələbəyə layiq idik. Komanda olaraq çox yaxşı iş gördük, hamı əziyyət çəkdi. Bu, kənardan da görünürdü. Komandanı təbrik edirəm.

- Baş məşqçiniz Miodraq Bojoviç bildirdi ki, futbolçular ilk hissədə nəfəs almaqda çətinlik çəkirdi. Meydanda olan biri kimi necə hiss edirdin?

- Bəli, ilk hissədə çətinlik var idi, oksigen çatmırdı. Burda həmişə belə olub. Bunu tək mən demirəm, hamı deyir. İlk 15 dəqiqə çətin olur. Qəbələ dağın ətəyindədi, hava təmizdi. Bəlkə də belə havaya alışmamışıq. Bakının çirkli havasına öyrəşmişik, Qəbələdə təmiz havada nəfəs ala bilmirik. 15 dəqiqədən sonra artıq öyrəşmək olur. 

- "Qarabağ" mövsümün bitməsinə 8 tur qalmış çempionluğu təmin etdi. Səncə, digər komandaların "Qarabağ"a müqavimət göstərə bilməməsinin səbəbi nədi?

- Təbii ki, bu, yaxşı hal deyil. Hamı istəyər ki, çempionluq son turda həll olunsun. "Qarabağ" öz sözünü deyib, çox səviyyəli klubdu. Bu il də tarix yazaraq özünü sübut etdi. Bizim üçün yaxşı deyil. Amma onları təbrik edirəm. Bu, o demək deyil ki, bizim üçün çempionat bitdi. Mövsüm hələ davam edir. Qarşıda çox önəmli oyunlarımız gəlir. "Qarabağ"dan başqa komandalar da var. "Neftçi" artıq layiq olduğu yerə çatmalıdı.

- Qarşıda "Qarabağ"la kubok oyunları gəlir. Bu matçlardan gözləntilərin nədir?

- Tək mən yox, komandada heç kim düşünmür ki, "Qarabağ"dı, güclü komandadır, onsuz da məğlub olacağıq. İnanıram ki, qələbə qazanıb finala yüksələcəyik. Komandama və özümə güvənirəm. Bu, futboldu, hər şey ola bilər. Sadəcə, çox istəmək lazımdı.

- Sosial şəbəkələrdə "Neftçi" milyonluq oyunçular gətirir, amma qolları yenə Rəhman vurur" paylaşımları var. Bu fikirləri necə şərh edərdin?

- Ola bilər kimsə özünü yaxşı tərəfdən göstərə bilməyib, yeni oyunçular tam uyğunlaşmayıb. Potensialı yüksək olan futbolçularımız var. Amma o potensialı yetərincə göstərə bilmirlər. Bəlkə də burda alınmır. Futbolçunun özündən asılıdı. Təbii ki, çox qol vurmağıma sevinirəm. İnanıram ki, digər oyunçularımız da qarşıdakı matçlarda qollar vuracaq. Buna mən də sevinərəm.

- Baş məşqçi dəyişiklikləri komandaya necə təsir edir?

- Təbii ki, oyuna pis təsir edir. Hər məşqçinin öz oyun üslubu var. Tək bizdə yox, bütün komandalarda belədi. Məşqçinin sisteminə öyrəşmək lazımdı. 1-2 ay ərzində onun istədiyini tam vermək olmur. Vaxt lazımdı. Bojoviç həm yaxşı məşqçi, həm də yaxşı insandı. Ona vaxt verilsə, məncə, yaxşı olar. Mövsümün sonunda qalıb-qalmayacağını bilmirəm. Bir futbolçu olaraq istəyərdim ki, qalsın. Şans verilsə, yaxşı nəticə göstərəcək.

- Mövsümün sonunda"Neftçi" ilə müqavilən bitir. Yeni sözləşmə ilə bağlı klubla danışığınız olub?

- Danışıqlar olub. Mənim üçün ilk seçim "Neftçi"di. Başqa təkliflərim var. Onlar mənim üçün ikinci plandadı. Klubum həmişə mənə hörmətlə yanaşıb, mən də klubuma. Artıq 10 ildi "Neftçi"dəyəm. Aşağı-yuxarı pula görə addım atan adam deyiləm. Klubun istər pul baxımından, istərsə də bir futbolçu kimi mənə hörmətlə yanaşacağını düşünürəm. Mən də onlara çox yaxşı qarşılıq verəcəm. Yəqin ki, razılaşıb "Neftçi"də qalacam.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC